Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6687/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı aliment tələbinə dаir mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı aliment tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 325 manat məbləğində xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh xx.xx.2010-cu il tarixində 747 nömrəli akt qeydi ilə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Artıq uzun müddətdir ki, iddiaçı ilə cavabdeh arasında birgə təsərrüfat aparılmır, cavabdeh ailəsi ilə maraqlanmır və hətta cavabdehlə əlaqə saxlamaq belə mümkün deyil. Odur ki, iddiaçı təkbaşına uşaqları saxlamaqda çətinlik çəkir. Bu məqsədlə iddiaçı ilkin olaraq alimentin ödənilməsi tələbi ilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Təşkilatın xx.xx.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, bu səbəbdən də tərəflər arasında razılıq əldə edilməmişdir. Həmçinin, mediasiya xidmətlərinə görə yaranmış xərclər iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı və cavabdeh arasındakı münasibətlər faktiki olaraq pozulduğuna görə tərəflər ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan övladları hazırda iddiaçının yanında yaşayır. Onların təhsili, tərbiyəsi və gündəlik qayğıları ilə anası məşğul olur. Həmçinin, tərəflərin birgə nikahından doğulmuş övladları iddiaçının yanında qaldığından, onların maddi təminatı ilə bağlı əsas məsuliyyət iddiaçının üzərinə düşmüşdür. Cavabdeh isə hazırda uşaqların saxlanması üçün hər hansı məsuliyyəti üzərinə götürməmişdir. Bu səbəbdən də, uşaqların gündəlik tələbatlarının (qidalanma, geyim, təhsil, tibbi xidmət və s.) ödənilməsi ilə bağlı olaraq cavabdehdən hər ay xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 üçün sabit pul məbləğində alimentin hesablanaraq iddiaçıya ödənilməsi işin hallarına və uşaqların üstün mənafelərinə uyğundur. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2010-cu il tarixli, AZ-İ seriyalı, 584248 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh və X3 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 747 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. AZE seriyalı, 12221651 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 (atası Cavabdeh, anası X3) xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. AZE seriyalı, 12582772 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 (atası Cavabdeh, anası X3) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Mediasiya Şurasının Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/2/2025-1268 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə keçirilmiş aliment tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli köçürmə sənədindən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkilə 325 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikah münasibətlərindən iki uşaq – xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Həmin uşaqlar hazırda faktiki olaraq anasının yanında qalır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.
1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar.
Məhkəmənin mövqeyi
İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh birgə nikah münasibətlərindən iki uşaq –xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Həmin yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının, yəni analarının yanında qalmaqla, uşaqların bütün gündəlik məişət qayğılarının çəkilməsi və zəruri tələbatlarının ödənilməsi uşaq yanında qalan valideynin üzərinə düşür. İddiaçı cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmiş, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə dair mülahizə və ya etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onların saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşaqlara qulluq etməsi, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşaqların üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə bir uşağın saxlanılması üçün cavabdehdən 246 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.615 misli miqdarında aliment tutulmalıdır. Uşaqların saxlanılması üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Alimentin tutulması tələbi ilə məhkəməyə müraciət edən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (492x12=5904 manat) mütənasib olan 79.04 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş köçürmə sənədindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil məxsus bank hesabına 325 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçının nümayəndəsinin (vəkilinin) hazırkı mülki mübahisənin həllinə yönələn konkret hərəkətləri (məhkəmə sənədlərinin hazırlanması, həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə göndərilməsinin təmin edilməsi, məhkəmə iclaslarında iştirakı, bir sözlə iddianın hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə həllinə yönələn bütün hərəkətləri) və sərf etdiyi iş vaxtı nəzərə alınmaqla, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 325 manat məbləğində xidmət haqqının 150 manat hissəsinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi ağlabatan hesab edilir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqının 150 (yüz əlli) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 79.04 (yetmiş doqquz manat dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir