Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-731/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh uşağın saxlanılması üçün sabit pul məbləğində hər ay 200 manat alimentin tutulması, azyaşlı uşağın saxlanılması üçün anaya əlavə 150 manat aliment və uşağın 1000 manat doğum xərcinin 500 manat miqdarının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qeyri-rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə qurmuşdur. Faktiki nikahdan bir övladı – xx.xx.2022-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Nikahları rəsmi olmadığı üçün uşağa atanın soyadı verilməmişdir. Bu səbəbdən də uşağın atalıq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən atalıq müəyyən edilmiş və bu barədə iddia təmin olunaraq qətnamə qəbul edilmişdir. Atalığın müəyyən edilməsinə baxmayaraq cavabdeh alimenti verməkdən imtina edir. X2 yeni doğulduğu üçün onun heç bir yerdə işləmək imkanı yoxdur. Övladı yeni doğulduğu üçün onun xərclərini tək qarşılamaqda çətinlik çəkir. Cavabdeh ilkin mediasiya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir.
İddia tələbinin həcminin artırılması.
3. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində aliment və azyaşlı uşağın saxlanılması üçün anaya 150 manat və həmçinin xəstəxanaya ödənilən 500 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, cavabdehlə rəsmi nikaha daxil olmaq üçün ərizə vermiş, lakin cavabdeh onunla nikaha daxil olmaqdan son anda imtina etmişdir. Bu səbəbdən sonradan cavabdehin uşağın atası olması faktı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Uşaq hazırda yeddi aylıqdır və onu təkbaşına saxlaya bilmir. Faktiki evli olduqları iki ay ərzində cavabdeh anasının xalası oğluna məxsus olan ailəvi restoranda administrator vəzifəsində çalışmış və təxminən 500- 600 manat məbləğində əmək haqqı almışdır. Hesab edir ki, tələb etdiyi məbləğdə alimenti ödəyə bilər. Uşağın doğum xərcinə münasibətdə qeyd etmişdir ki, hamilə olduğu vaxt xəstəxanada qeydiyyatdan keçməmiş, yalnız son iki ayda analiz üçün xəstəxanaya getmiş və həkim Naibə xanım onu müayinə etmişdir. Bir müddət Naibə xanımın yanında müalicə almasına baxmayaraq əməliyyatı başqasının etməsini istəmiş, əməliyyat üçün “X5” xəstəxanasının həkimi Natavan xanımı tapmışdır. Həmin həkim onu müayinə etməyə başlamış və hamiləliyin səkkizinci ayında keysəriyyə əməliyyatı olmuşdur. Əməliyyat üçün xəstəxanaya 1000 manat məbləğində ödəniş etmişdir. Hazırda həmin pulun da yarısını cavabdehdən tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, 2021-ci ilin noyabr ayının əvvəli iddiaçının hamilə olduğunu bilmiş, lakin dekabr ayında iddiaçı anasının evinə getmiş, bununla da faktiki olaraq ayrılmışlar. Uşaq doğulduğu vaxtdan hazırkı vaxta qədər uşağın saxlanılması üçün iddiaçıya təxminən 600 manat məbləğində ödəniş etmişdir. Hazırda həm özünün, həm də iddiçının adına banka kredit borcu var və onları ödəməlidir. Bu səbəbdən uşağın saxlanılması üçün aylıq 338 manat məbləğində olan əmək haqqının yarısı qədər aliment ödəyə bilər. O, ümumən aliment ödəməyə etiraz etmir, lakin aliment məbləğinin maddi imkanına uyğun olaraq müəyyən edilməsini istəyir və qalan hissədə aliment tələbi ilə razılaşmır. Doğum xərcini ödəməyə isə ümumiyyətlə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.
İş materialları.
7. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4946/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.1998-ci ildə Cəbrayıl rayonunun Tinli kəndində anadan olmuş, Cəbrayıl rayonunun Tinli kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci ildə Bakı şəhərində anadan olmuş X4 bioloji atası olması faktı müəyyən edilmişdir.
8. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 770179 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 3373 nömrə ilə qeyd edilmişdir.
9. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh Seyidov X7 İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyi Abadlıq və Kommunal Xidmətləri İdarəsində çilingər-santexnik vəzifəsində işləyir və aylıq 338 manat əmək haqqı alır.
İşin faktiki halları.
10. İddiaçı və Cavabdeh faktiki nikahından xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 bioloji atası olması müəyyən edilmişdir.
11. Hazırda iddiaçı öz yanında qalan həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını, eləcə də uşağın saxlanılması üçün özünə 150 manat aliment və 500 manat məbləğində doğum üçün çəkilmiş xərcin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə iddianı qismən qəbul etmiş, uşağın saxlanılması üçün aylıq əmək haqqının (338 manat) yarısı məbləğində aliment ödəməyə etiraz etmədiyini, qalan hissədə aliment tələbini və doğum üçün çəkilmiş xərclə bağlı tələbi isə qəbul etmədiyini bildirmişdir. Cavabdeh iddia etirazla məhkəməyə müraciət etsə də, etiraz vaxtında verilmədiyindən nəzərə alınmamışdır.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ. 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
14. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
19. İşin hallarından göründüyü kimi tərəflərin faktiki nikahından bir uşaq doğulmuşdur və bu uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı bu uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.
20. Digər tərəfdən nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.
21. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.
22. Alimentin 338 manat məbləğində olan əmək haqqının 1/2 hissəsi miqdarında tutulmasını tələb edən cavabdehə münasibətdə məhkəmə qeyd edir ki, onun iş materiallarından görünən əmək haqqının 1/2 hissəsi olan 169 manat məbləğində pul cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən kifayət qədər aşağı məbləğdir. Bu baxımdan uşağın maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan aliment 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.
23. Məhkəmə onu da qeyd edir ki, alimentin tutulmasına iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixdən başlanmalıdır.
24. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay öz xeyrinə 150 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-87-ci maddələrində ər-arvadın (keçmiş ər-arvadın) bir-birini saxlamaq vəzifəsi müəyyən edilmişdir. Hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan ərdən aliment tələb edə bilməsi də həmin maddələrdə nəzərdə tutulmuşdur. Lakin nəzərə alınmalıdır ki, həmin maddələrdə müəyyən edilmiş aliment ödəmək vəzifəsi ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləridir və yalnız ər-arvada və keçmiş ər-arvada aiddir. Bu baxımdan aralarında heç vaxt rəsmi nikah olmamış hazırkı iş üzrə tərəflərin bir-birlərinə qarşı ər-arvad kimi aliment öhdəlikləri yarana bilməz. Ona görə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.
26. İddia tələbinin doğum xərci ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə də təmin edilə bilməz. İlk növbədə ona görə ki, uşağın doğumu ilə bağlı çəkilmiş xərc əlavə xərc deyil. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin əlavə xərclərə cəlb olunmasına əsas olan hallar müəyyən edilmişdir. Həmin hallara ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallar daxildir. Məhkəmə hesab edir ki, uşağın doğumu ilə əlaqədar çəkilmiş xərc bu halların heç birinə aid deyil.
27. Bununla belə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, uşağın doğumu ilə bağlı çəkilmiş xərc məhkəmə tərəfindən əlavə xərc kimi qəbul edilsə idi belə, iddia tələbi bu hissədə təmin edilə bilməzdi. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “X5” MMC-nin kassasına “keysəriyyə” təyinatı ilə 1000 manat məbləğində pul ödənilmişdir. Halbuki “klassik keysəriyyə kəsiyi əməliyyatı (keysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxildir. Yəni iddiaçının hüququ var idi ki, Xidmətlər Zərfinə daxil olan bu tibbi xidmətdən ödənişsiz yararlansın. Buna baxmayaraq o, bu xidmətdən yararlanmamış, uşağın keysəriyyə əməliyyatı ilə doğuşu üçün özəl tibb müəssisəsinə 1000 manat məbləğində ödəniş etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının uşağın doğuşu ilə bağlı çəkdiyi xərc uşağa görə məhz zəruri olaraq çəkilmiş əlavə xərc hesab edilə bilməz. Odur ki, iddia bu hissədə də təmin edilməməlidir.
Məhkəmə xərci.
28. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (220x12=2640 manat) mütənasib olan 46.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Bundan əlavə iddiaçı cavabdehdən 500 manat məbləğində doğum xərci tutulmasını tələb etmişdir ki, bu tələb alimentlə bağlı olmadığından iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda heç bir rüsum ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia doğum xərci ilə bağlı hissədə təmin edilmədiyindən ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 46.4 manat məbləğində dövlət rüsumu Cavabdeh, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 46.4 manat (qırx altı manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh, ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva