Məhkəmə qərarları › İş №e-2(010)-808/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-808/2022

25.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-808/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş 24 sentyabr 2006-cı il təvəllüdlü X3 və 08.02.2015-ci il təvəllü X1 üçün Cavabdeh hər ay hər bir uşağa görə 400 manat olmaqla iki uşağa görə 800 manat sabit pul məbləğində aliment tutularaq uşaqlar yetkinlik yaşına çatana qədər ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibətləri onun təqsirindən korlanmışdır, o, uşaqlarına baxmır, onların tələbatlarını ödəmir. 2021-ci ilin sentyabr ayında Cavabdeh tərəfindən döyüldükdən sonra qorxudan uşaqlarını götürərək anasının evinə aparmış və müvəqqəti olaraq anasının evində yaşayır. Bu müddət ərzində cavabdeh uşaqları üçün heç bir məbləğ xərcləməmiş, onlar üçün qida, geyim əşyaları və s.almamışdır, ümumiyyətlə uşaqlarının qayğısına qalmamışdır. Cavabdeh avtomobil ticarəti ilə məşğul olduğu üçün kifayət qədər yüksək gəlirə malik olan şəxsdir, hər bir satılan avtomobildən ***-**** manat civarında gəlir əldə edir. Ailə kimi birlikdə yaşayan zaman ailə büdcəsinə onun qoyduğu vəsait 2000 manat olurdu ki, həmin məbləğdən uşaqlara xərclədiyi hissəsi cəmi 800 manat olmaqla hər bir uşaq üçün 400 manat olurdu. Odur ki, uşaqların əvvəlki yaşayış səviyyəsinin təmin edilməsi üçün ondan hər bir uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 400 manat, iki uşağa görə 800 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - AZ İ № 196856 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1096 nömrə ilə qeyd edilmişdir. Arvada Zeynalova soyadı verilmişdir. -Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 24.09.2006-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 08.02.2015-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmamışdır və onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları anaları–iddiaçının yanındadırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan aliment məbləğinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehin həmin alimenti ödəməyə zəruri vəsaitinin kifayət qədər olması sübuta yetirilmədiyindən əsaslı deyildir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayanların saxlanılması üçün minimum yaşayış həddinə uyğun məbləğ seçilməlidir. tərəflərin birgə nikahından doğulmuş 24 sentyabr 2006-cı il təvəllüdlü X3 və 08.02.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin təyin edilməsi qanunauyğun və məqsədəmüvafiqdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 06.01.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Zeynalova Marı̇ ya İlyas qızı ilə cavabdeh Zeynalov Ağakərı̇ m Ramı̇ z oğlunun birgə nikahından doğulmuş 24.09.2006-cı il təvəllüdlü X3 və 08.02.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Zeynalov Ağakərı̇ m Ramı̇ z oğlundan 06.01.2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq iddiaçı Zeynalova Marı̇ ya İlyas qızına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar