Məhkəmə qərarları › İş №e-2(010)-856/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-856/2023

22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-856/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə yaşayışdan olan 01 oktyabr 2022-ci il təvəllüdlü İddiaçı İan qızının 18 yaşınadək saxlanılması üçün Cavabdeh qazancının 1/4 hissəsinin aliment üçün tutulması və uşağın saxlanması üçün anaya hər ay 500 manat alimentin mediasiya təklifi göndərilən tarixdən hesablanmaqla, həmçinin 01 oktyabr 2022-ci il təvəllüdlü İddiaçı İan qızının doğulduğu gündən 1 yaşına kimi olan müddətdə, yəni 12 ay üçün nəzərdə tutulmuş alimentin 12000 (on iki min) manat miqdarında hesablanaraq Cavabdeh tutularaq İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh birgə yaşayışdan 01 oktyabr 2021-ci il tarixdə İddiaçı İan qızı anadan olub. Hazırda 01 oktyabr 2022-ci il təvəllüdlü İddiaçı İan qızı ananın himayəsindədir. İddiaçının övladı azyaşlıdır, 1 yaşı var. Uşaq ananın himayəsindədir, uşağın bütün təminatı və zəruri xərcləri ilə daima ana maraqlanıb. Uşaq azyaşlı olduğu üçün ana İddiaçı işləyə bilmir. Buna görə də uşağın qidalanması və zəruri xərclərinin ödənilməsi üçün alimentin təyin edilməsinə ehtiyac var. Cavabdeh 24 dekabr 1984-cü il təvəllüdlü Cavabdeh Böyük Britaniya və X1 krallığı vətəndaşıdır, ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır. Hazırda İngiltərə şirkəti olan Franklins İnternational-da işləyir. Alimentin təyin edilməsi tələbi ilə 18 oktyabr 2022-ci il tarixdə mediasiyaya müraciət olunub və 02259 saylı 28 noyabr 2022-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokol əldə edilib. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 işə iddiaçının nümayəndəsinin iştirakı olmadan, mahiyyəti üzrə baxılmasını xahiş etdi və işin mahiyyəti üzrə bildirdi ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsaslanaraq hesab edir ki, işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Belə ki, iddiaçının nümayəndəsi və vəkili üzrlü səbəbdən (konfransda iştirak etdiyinə görə) məhkəmə iclasına gələ bilmədiyini bildirsə də, üzrlü halı təsdiq edəcək hər hansı sənəd ərizəsinə əlavə etməmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, uşağın atalığının müəyyən edilməsinə zərurət görmürlər, çünki, bu hal hər iki tərəfə bəllidir və ona görə də, bununla bağlı tələb irəli sürməmişlər. Məhkəmə cavabdeh tərəfi dinləyib, iddiaçı tərəfin məhkəmənin hazırlıq iclasında bildirdiklərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: - AZ-İV 715274 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı İan qızı xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. Yani, azyaşlının atalığı müəyyən olunmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı rəsmi nikahda olmadan birgə yaşadığı Cavabdeh ilə münasibətlərindən doğulduğunu qeyd etdiyi qızının saxlanılması üçün aliment təyin edilməsini tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə etiaz edərək əsassız olmadığından təmin edilməməsini xahiş edir. İddiaçı tərəf ona əsaslanır ki, uşağın atasının cavabdeh olması onların hər ikisinə bəllidir və bu hal mübahisəsizdir. Cavabdeh tərəf iddiaçının dəlilini qəbul etmir və bildirir ki, atalıq müəyyən edilməyib. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən,valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, valideynlərin nikahda olmalarından asılı olmayaraq, onların birgə uşaqlarının qayğısına qalmaq, maddi və mənəvi təminatlarını qarşılamaq öhdəlikləri vardır. Bu münasibətlər qanun normaları ilə tənzimlərin və hər bir halda uşaqların hüquq və mənafeləri üstün tutulur. Lakin, yuxarıda qeyd olunan normaların məzmunundan da göründüyü kimi uşaqların mənafeyi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi məhz valideynlərin hər birinin borcudur. Yəni, bu öhdəliyin yaranması üçün şəxsin həmin uşağa münasibətdə valideyn olmasının müəyyən edilməsi zəruridir. Əyər rəsmi nikahda olan şəxslərdən doğulan uşaqlarda bu məsələ mübahisəsizdirsə, aralarında rəsmi nikah olmayan şəxslərin münasibətlərindən doğulan uşaqlarla bağlı, valideynlik hüquq və vəzifələrinin yaranması üçün ilk növbədə valideylik halı müəyyən edilməlidir. Lakin hazırki iş üzrə Cavabdeh 01 oktyabr 2022-ci il təvəllüdlü İddiaçı İan qızının atası olması halı müəyyən edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Yuxarıda sadalanan normalara əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh azyaşlının atası olması ilə bağlı azyaşlının doğum haqqında şəhadətnaməsində müvafiq qeydin aparılması üçün qeydiyyat orqanına müraciət etməsi və ya atalığın müəyyən edilməsi faktının məhkəmə qaydasında təsdiq edilməsi halı öz əksini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh azyaşlının atası olması faktı müəyyən edilmədiyindən onun üzərinə iddia tələbində qeyd olunan aliment məbləğlərinin ödənilməsi öhdəliyinin qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı Şahı̇ n qızının Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar