Məhkəmə qərarları › İş №e-2(011)-1004/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1004/2022

06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1004/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, himayə, aliment və əmlak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 05 oktyabr 2011-ci il tarixdə Lənkəran ŞİHB-nın Şürük kənd İƏD nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin yetkinlik yaşına çatmayan övladları 18 aprel 2014-cü il təvəllüdlü X3 və 04 mart 2016-cı il təvəllüdlü X2 iddiaçının yanında qalmaları, 18 aprel 2014-cü il təvəllüdlü X3 və 04 mart 2016-cı il təvəllüdlü X1 üçün iddia əriəsi məhkəməyə daxil olduğu vaxtdan etibarən Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçıya ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 69 saylı mənzilin nikah dövründə əldə edilmiş ümumi birgə əmlak kimi bölünməsi, həmin mənzilin ½ hissəsi üzrəində iddiaçının payının müəyyən edilməsi və Unibank KB ASC-nə əmanət kimi qoyulmuş 11.000 manatın yarısı, yəni 5500 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 06.04.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır, iddiaçının nümayəndəsi və vəkili Vəkil Avtandil oğlu 04.04.2022-ci il tarixdə elektron qaydada (məlumat) məhkəməyə müraciət edərək, hazırki iş üzrə 16 aprel 2022-ci il tarixə, saat 12.00-a təyin edilmiş məhkəmə iclasını iddia tərəfinin iştirakı olmadan keçirərək, tərəflərin barışması üçün 3 ay vaxt verilməsini xahiş etsə də, məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri və ya mümkünzülüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü məhkəməyə bildirmədiklərindən, habelə iclasda iştirak etməmə səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsinin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, himayə, aliment və əmlak” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar