Məhkəmə qərarları › İş №e-2(011)-1089/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1089/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1089/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “ipoteka bildirişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “ipoteka bildirişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bank "xxxx" ASC ilə iddiaçı arasında bağlanılmış, xx.xx.2021-ci il tarixli AKİA-00005-14/21A saylı Əsas Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli AKİA- A0005-14/21A saylı Əlavə Kredit müqaviləsi üzrə iddiaçıya biznes məqsədi ilə 60 ay müddətinə (ilk 24 ay güzəşt müddəti olmaqla) ilk 8 faiz hesablanmaqla 300000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Bank "xxxx" ASC iəl iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AKİAG-00005-14/21A saylı iki tərəfli İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanındakı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh 02 oktyabr 2023-cü il tarixli ƏCMF-2023/341 saylı bildiriş göndərməklə ipoteka predmetinə yönəldilməsinə nail olmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi “İpoteka” Haqqında qanunun 34.1.1-ci maddəsinin tələblərinə və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AKİAG-00005-14/21A saylı iki tərəfli İpoteka müqaviləsinin 5.1-ci bəndinin tələblərinə zidd olduğundən etibarsız hesab edilməlidir. “İpoteka” haqqında qanunun 36.4-cü maddəsinin tələblərinə əsasən tutmanın yönəldilməsi proseduru hallarda tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsızsayıldıqda davam edə bilməz. Qanunvericiliyin tələbləri həm cavabdeh, həmdə maraqlı şəxs tərəfindən pozulmuşdur. Belə ki, cavabdeh qanun tələblərini pozaraq “İpoteka” haqqında qanunun 34.1.1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi halı baş verməli olduğu halda Bank bu hissəhə dolayısı yolla maraqlı şəxs DƏDRX-nı aldadaraq tutmanın ipoteka predmetinə yönəldilməsinə nail olmağa çalışmışdır. Halbuki, iddiaçı tərəfindən verilən sorğuya əsasən Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2023-cü il tarixinə gecikmə günlərinin sayı əsas borc üzrə 113 gün fazi borcu üzrə isə 82 gün göstərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alındığı tarixə xx.xx.2023-cü il tarixə gecikmə günü əsas borc üzrə 72 gün, faiz borcu üzrə isə 41 gün təşkil etmişdir. (kredit üzrə sonuncu ödənilmə tarixi xx.xx.2023). Bundan başqa maraqlı şəxsə münasibətdə isə İpoteka haqqında qanunun 36.3-cü maddəsinin tələblərini pozaraq ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında bildirişi 1 iş günü ərzində qeydə almalı olduğu halda DƏDRX-nın xx.xx.2023-cü il tarixli Bank "xxxx" ASC-yə ünvanladığı elektron arayışdan aydın görünür ki, xx.xx.2023-cü il tarixində ünvanlanan elektron ərizəni bir iş günündə qeydə almalı olduğu halda 5 gün sonra qeydə almışdır. Bundan başqa cavabdeh maraqlı şəxs Bank "xxxx" ASC ərizə ilə Bakı şəhəri 32 saylı Notariat ofisinə müraciət edərək ipoteka ilə yüklü edilmiş əmlakın icra qeydi ilə tutmanın yönəldilməsinə dair xx.xx.2023-cü il tarixli 8İ-10146 saylı icra qeydi verilmişdir. “İpoteka Haqqlnda qanunun 36.2-ci maddəsinə imperativ olaraq İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə göstərilməli olan xüsusatlar öz əksini tapmışdır və həmin qanunun 36.2.3-cü maddəsində ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq göstərilməli olduğu halda cavabdehin ona göndərdiyi bildirişdə icra qeydi barədə heç bir xəbərdarlıq göstərməmiş əksinə məhkəməyə veriləcəyi və məhkəmə xərclərinin iddiaçıdan tutulacağı və bir sıra cinayət qanunvericiliyin normalarını sadalamaqla hədələmişdir. Belə olan halda İpoteka haqqında qanunvericilik ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi məhkəmə qaydasında etibarsız hesab edilməsini “İpoteka” Haqqında qanunun 36.4-cü maddəsinə göstərilmişdir. Həmin maddənin tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmamalı və qeydə alınmış bildiriş etibarsız hesab edilməlir. İddiaçı göstərilənləri nəzərə alaraq, Bank "xxxx" ASC-nin 02 oktyabr 2023-cü il tarixli ƏCMF-2023/341 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, bildiriş cavabdeh tərəfindən 04 oktyabr 2023-cü il tarixdə qəbul edilmişdir. 25 oktyabr 2023-cü il tarixdə icra qeydi üçün müraciət edilmişdir. Qanunvericilikdə müəyyən olunan müddət gözlənilmişdir. Bununla yanaşı nümayəndə bildirmişdir ki, mübahisələndirilən bildiriş verilən günə həqiqətən borcun gecikdirildiyi günlərin sayı 90 gündən az olmuşdur, lakin hesab edirlər ki, bunun heç bir əhəmiyyəti yoxdur çünki iddiaçı tərəfindən öhdəliklərin pozulması sübut olunur. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank "xxxx" ASC tərəfindən ipoteka qoyan İddiaçı və zamin X1 ünvanlanmış 02 oktyabr 2023-cü il tarixli ƏCMF-2023/341 nömrəli bildirişin surətindən görünür ki, Bank "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AKİA-00005-14/21A saylı Əsas Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli AKİA-A0005-14/21A saylı “Əlavə Kredit Müqaviləsi” üzrə İddiaçı biznes məqsədi ilə 60 ay müddətinə, illik 8 faiz hesanmaqla, 300000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kreditin hissə-hissə, annuitet qrafiki üzrə qaytarılması nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, kredit üzrə ödənişlərdə 40 faktiki gecikmə günü müşahidə olunur. Bu öhdəliyin təminatı olaraq bağladığı xx.xx.2021-ci il tarixli №AKİAG-00005-14/21A saylı ikitərəfli “İpoteka müqaviləsi” nə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, 4-cü keçiddə istifadədə olan 0.03678 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı 248.73 kv.m yaşayış, 219.1 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli AKİA-A0005-14/21A saylı “Əlavə Kredit Müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixinə gecikdirilmiş kredit borcu 22690.22 manat təşkil edir. Bundan 16666.66 manat kreditin gecikdirilmiş əsas borcu, 3940.16 manat gecikdirilmiş faiz borcu, 2083.40 manat cərimə məbləği təşkil edir. Qeyd olunanlara əsasən, əsas borc, hesablanmış faizlər və cərimə məbləğinin təcili 2 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə aralarında bağlanmış kredit müqaviləsi ləğv olunacaq və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə notariusun icra qeyd əsasında tutmanın yönəldilməsi barədə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli İcra qeydinin surətindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan Bank "xxxx" ASC-nin tələbi ilə İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilmişdir.(Öhdəliyi müəyyən edən AKİA-00005-14/21A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 291666.70 manat əsas borc, 4551.26 manat faiz borcu, 2083.40 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 298301.36 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 291666.67 manat əsas borc, 4551.26 manat faiz borcu vardır. Sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş, əsas borc üzrə gecikmə 115 gün, faiz borcu üzrə isə 84 gün olmuşdur. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2023-cü il tarixinə gecikmə günlərinin sayı əsas borc üzrə 113 gün faiz borcu üzrə isə 82 gün göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri” X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxxx" ASC-yə ünvanlanmış 11 oktyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, Bank "xxxx" ASC-nin ********** saylı xx.xx.2023-cü il tarixli elektron müraciətinizə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar hesab olunur. Həmin Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 36.2-ci maddəsində qeyd olunur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası əks etdirilməlidir. Həmin qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AKİA-00005-14/21A saylı Əsas Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli AKİA-A0005-14/21A saylı “Əlavə Kredit Müqaviləsi” üzrə İddiaçı biznes məqsədi ilə 60 ay müddətinə, illik 8 faiz hesanmaqla, 300000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin təminatı olaraq bağladığı xx.xx.2021-ci il tarixli №AKİAG-00005-14/21A saylı ikitərəfli “İpoteka müqaviləsi” nə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, 4-cü keçiddə istifadədə olan 0.03678 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı 248.73 kv.m yaşayış, 219.1 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2023-cü il tarixinə gecikmə günlərinin sayı əsas borc üzrə 113 gün faiz borcu üzrə isə 82 gün göstərildiiynə əsaslanaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alındığı tarixə xx.xx.2023-cü il tarixə gecikmə gününün əsas borc üzrə 72 gün, faiz borcu üzrə isə 41 gün təşkil etdiyini bildirsə də, cavabdh tərəfindən iddiaçıya göndərilmiş bildirişdən görünür ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməsin faktiki 40 gün gecikdirildiyi üçün bununla bağlı 02 oktyabr 2023-cü il tarixdə Bank "xxxx" ASC tərəfindən əsas borclu İddiaçı və zamin X1 bildirişlər göndərilmiş, bildirişdə borc alanın kredit müqaviləsi üzrə bütün məbləğin (əsas borc, faiz və cərimənin) ödənilməsi bildirişmiş, əks halda əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişdə əsas borc üzrə kreditin 40 gün gecikdirildiyi bidirilmişdir. Bununla yanaşı iş materiallarında olan sübutlarla təsdiq edilir ki, İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli İcra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan Bank "xxxx" ASC-nin tələbi ilə İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilmişdir. Halbuki həmin tarixə cavabdehin təqdim etdiyi bildirişdə olan məlumatlara əsasən kreditin gecikdirildiyi günlərin sayı 63 gün təşkil etmişdir. Halbuki “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar hesab olunur. Bundan başqa İpoteka haqqında qanunun 36.3-cü maddəsinin tələblərini pozaraq ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında bildirişi 1 iş günü ərzində qeydə alınmalı olduğu halda DƏDRX-nın xx.xx.2023-cü il tarixli Bank "xxxx" ASC-yə ünvanladığı elektron arayışdan aydın görünür ki, xx.xx.2023-cü il tarixində ünvanlanan elektron ərizə 5 gün sonra qeydə alınmışdır. Qeyd edilməlidir ki, İpoteka haqqında qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər və yalnız həmin müddət keçdikdən sonra ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Cavabdeh tərəf 02 oktyabr 2023-cü il tarixdə Bank "xxxx" ASC tərəfindən əsas borclu İddiaçı və zamin X1 bildirişlər göndərsə də, həmin bildirişlərin iddiaçıya hansı tarixdə çatdırılmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli İcra qeydi verildiyi tarixə 21 günlük şikayət etmə müddətinin gözlənilib-gözlənilmədiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib belə qənaətə gəlir ki, cavabdeh Bank "xxxx" ASC-nin 02 oktyabr 2023-cü il tarixli ƏCMF- 2023/341 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka haqqında qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bank "xxxx" ASC-nin 02 oktyabr 2023-cü il tarixli ƏCMF-2023/341 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar