Məhkəmə qərarları › İş №e-2(011)-1098/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1098/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1098/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərə görə Cavabdeh İB-dən 500.000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin işçilərinin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Baş vermiş cinayət hadisəsi nəticəsində İddiaçı oğlunu itirmiş və nəticədə ağır stress, güclü mənəvi sarsıntı və iztirab keçirmiş, bununla da ağır depressiyaya düşərək yaşama sevincini itirmiş və həyat eşqi sönmüşdür. Keçirdiyi ruhi sarsıntı və iztirab indiyədək davam edir və həyatının sonunadək bu iztirab davam edəcəkdir. Bu faciə nəticəsində hələ həyatı dərk etməyən və ata sevgisinə və qayğısına möhtac olan üç azyaşlı uşaq, İddiaçı nəvələri atasız qalmışdır. Bu hal ananın mənəvi zərərini daha da artırır və yaşadığı travmanın təsirini daha da dərinləşdirir. Uşaqlardan birinin atasını itirən vaxt cəmi iki aylıq olması, atasını görmədən və tanımadan, ümumiyyətlə atanın nə olduğunu dərk etmədən, dolayısı ilə ömür boyu ata həsrəti ilə böyüyəcək olması bu faciəni İddiaçı üçün daha da dözülməz edir. İddiaçı həyatda ən böyük dəstəkçisini, həyatının mənası kimi gördüyü və hər daim fəxr etdiyi yeganə oğlunu itirdiyinə görə əvvəlki sevincli həyatı istəsə də, artıq təkrar yaşaya bilməyəcək. Belə ki, ana ilə övlad arasındakı əlaqə dünyadakı ən güclü emosional bağdır. İddiaçı üçün övlad - həyatın özüdür. Övlad, yalnız bioloji olaraq onun bir parçası deyil, eyni zamanda onun sevgi, ümid, güvən və gələcəklə bağlı bütün arzularının təcəssümüdür. Buna görə də oğlunun belə ağır və faciəvi şəkildə ölməsi ilə bağlı yaşadığı travma onun həyatında dərin bir boşluq yaratmaqla onu yaşamaqdan soyutmuş, gün keçdikcə daha da dərinləşən ağır depressiya və mənəvi sarsıntıya sürükləmişdir. Bir ana kimi İddiaçı oğlu ilə bağlı bir çox arzularının həyata keçməsini istəsə də, bunun artıq mümkün olmayacağını dərk edərək, acizliyini anlayıb məyus olur, hər an əzab çəkir, keçiridiyi ruhi sarsıntı və iztirablar daha da dərinləşir. O bu həyatda övladını belə faciəvi şəkildə itirməyin ağrısı ilə yaşamağa məcbur buraxılmışdır. Yanaraq ölmə kimi ağır hadisələr unudulması çətin olan xatirələr yaradır. Ana bu görüntüləri təkrar-təkrar xatırlayır, bu da onun sağalmasını mümkünsüz edir. Bundan başqa, oğlunun ölümündən sonra maddi çətinlik də çəkən İddiaçı əsasən yaxın qohumların maddi dəstəyi ilə ayaqda qalmağa çalışır. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində İddiaçı mənəvi əzab çəkməsi şübhəsizdir. Oğlunun faciəvi şəkildə ölməsi ilə bağlı çəkdiyi ağır iztirab və əzablarının müəyyən dərəcədə yumşalması, eyni zamanda emosional və psixoloji vəziyyətinin yüngülləşdirilməsi üçün lazımi müalicə və terapiya xərclərini, habelə yaşadığı travmanın təsirini azaltmaq üçün istifadə edəcəyi resursları təmin etmək məqsədi ilə vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə haqqı var. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, etirazda göstərmişdir ki, iddiaçı mərhum X1 fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, onun vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdar, habelə konkret aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Məlumat üçün, həm də məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı X3 Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2414/2023 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Birlik tərəfindən X6 50.000 manat ödənilmişdir. Eyni zamanda X7 maddi ziyana görə 5309,35 manat məbləğində “ Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı ildə İsmayıllı rayonunda anadan olmuş X1 atası X8, anası İddiaçıdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonunda ölmüşdür. Ölümün səbəbi septik şok olmuşdur. Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 iyul 2022-ci il tarixli 1(074)-39/2022 saylı hökmündən görünür ki, Cavabdeh İB-nin X20 İstismar İdarəsinin Şamaxı xidmət sahəsinin təmirçi çilingəri X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin xidmətin 8-ci dərəcəli texniki X11 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Hökmdən görünür ki, həmin şəxslərin təqsirli hərəkətləri nəticəsində 01 oktyabr 2021-ci il tarixdə qaz xəttindən sızan qazın Şamaxı şəhəri M.Qəniyev küçəsi 17 saylı evin kanalizasiya borusu vasitəsilə hamam-ayaqyolu otağının daxilinə dolaraq partlaması və yanğına səbəb olması nəticəsində həmin evin sakini X2 ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-2414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, mərhum X1 ölümü ilə əlaqədar mənəvi zərərə görə arvadı X6 Cavabdeh İB tərəfindən 50000 manat məbləğində kommpensasiya ödənilməsi qət edilmişdir. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 (X1 atası) xx.xx.2009-cu ildə ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı:

2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. ... Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə sübut olunur ki, iddiaçının oğlunun cavabdehin əməkdaşlarının təqsirli hərəkətləri nəticəsində ölməsi işin mübahisəsiz halıdır. İddiaçının - ananın övladını itirməsi səbəbindən mənəvi zərərə məruz qalması da mübahisəsizdir. Belə ki, şübhəsiz valideyn üçün ən ağır və dərin mənəvi sarsıntılardan biri öz övladını itirməsidir. Övladını qəfil və faciəli şəkildə itirməsinin, oğlunun güclü yanıq xəsarətlərinə məruz qalaraq əzablı ölümünün iddiaçıda dərin, sağalmaz mənfi təsirlər, güclü mənəvi sarsıntılar və iztirablar yaratması mübahisəsizdir. İddiaçının 1962-ci il təvəllüdlü olduğunu nəzərə alsaq, qocalıq dövründə övladının ona dəstək olacağını gözlədiyi zamanda ana üçün oğlunun ölümü daha da sarsıdıcıdır. Oğlunun 3 azyaşlı övladının atasız qalması nənə kimi iddiaçının keçirdiyi mənəvi iztirabları daha da artırır. İddiaçı özü də hazırlıq iclasında bildirmişdir ki, mənəvi zərərə görə kompensasiya tələb etməsində ən mühüm məqsədlərindən biri məhz oğlunun faciəli ölümü səbəbindən atasız qalan 3 azyaşlı nəvəsinə dəstək olmaqdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən iddiaçının məruz qaldığı mənəvi sarsıntının ağırlığını, keçirdiyi iztirabların səhhətinə mənfi təsirini, iddiaçının yaşını, vəfat edən şəxslə yaxınlıq dərəcəsini, atasız qalmış 3 azyaşlı nəvəsinə dəstək olmaq istəyini, eləcə də, cavabdehin əmlak vəziyyətini, cavabdehin məsuliyyətinin əsasında işçilərinin ehtiyatsızlıqla törətdiyi cinayətlərin dayandığını nəzərə alır. Qeyd edilənlərlə yanaşı, mənəvi zərər tələb etmək hüququna malik ən yaxın qohumlardan zərərçəkənin övladlarının yetkinlik yaşına çatmamaqla anaları Ülkər Babayevanın himayəsində olmasını və Ülkər Babayevanın mənəvi zərərlə bağlı kompensasiya tələbinin artıq həll olunduğunu, zərərçəkənin atasının isə sağ olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin 50.000 manat müəyyən edilməsi hüquqi cəhətdən əsaslı və ədalətlidir. İddiaya etirazın vəfat edən şəxsin əmək haqqı ilə bağlı hissəsində məhkəmə qeyd edir, hazırki iddia tələbi ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia olmadığından, vəfat edən şəxsin əmək haqqı məbləğinin dəqiq müəyyən edilməsi iş üzrə qərar qəbul edilməsi üçün zəruri deyil. Mərhumun arvadına Cavabdeh İB tərəfindən mənəvi zərərə görə 50.000 manatın ödənilməsi ilə bağlı etirazın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericlik normalarının tələblərinə görə mənəvi zərərə məruz qalmış şəxslərin ayrı-ayrılıqda təzminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, ödəniləcək kompensasiya ilə iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirablara son qoyulması, övladının həyata qaytarılması mümkün olmasa da, iddiaçıya ədalətli kompensasiya ödənilməsi onun keçirdiyi iztirabların nisbətən azaldılmasını və hüquqlarının bərpasını təmin edir. Həmçinin, cavabdehdən iddiaçının xeyrinə kompensasiyanın tutulması cavabdehi şəxslərin həyat və sağlamlığına birbaşa təsir edən vəzifələrinin icrasında daha məsuliyyətli olmağa vadar edir və gələcəkdə oxşar halların baş verməməsi üçün hüquqi tədbir kimi çıxış edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 50.000 manat pul tutularaq İddiaçı ödənilsin. 240 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar