Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1293/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Amil oğlunun, Cavabdeh Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Bank "xxxx" ASC-yə və Maraqlı şəxs qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bank "xxxx" ASC-yə və Maraqlı şəxs qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, cavabdehlə üçüncü şəxs arasında xx.xx.2021-ci il tarixli, DEN-00002- 00/21A saylı kredit müqaviləsinə əsasən, üçücü şəxs Maraqlı şəxs tərəfindən bankdan illik 22% olmaqla, 200000 manat məbləğində kredit götürülmüşdür. Kreditin qaytarılmasının təminatı üsulu kimi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 5, 7, 9, 11, 13, 15, m.2 ipoteka ilə bank qarşısında yüklü edilmişdir. Daha sonra, kredit müqaviləsi üzrə üçüncü şəxs öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, cavabdeh Bank özünün xx.xx.2022-ci il tarixli, PAİD-2022/5818 nömrəli məktubu ilə öz təsdiqini tapan “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildiriş”i rəsmi qaydada iddiaçıya göndərmişdir. Qeyd olunan bildiriş iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada alınmışdır. Bildirişlə tanış olan zaman müəyyən olunmuşdur ki, cavabdeh bank tələb etdiyi pul vəsaitlərini düzgün hesablamamış və ümumiyyətlə tutmanın yönəldilməsi barədə bildirişin tərtib olunması ilə bağlı ipoteka qanunvericliyinin tələbinə əməl etməmişdir. Belə ki, bildirişin tərtib olunması zamanı “İpoteka haqqında” ARnın Qanununun 36.2-ci maddəsində göstərilən xüsusatlar tam olduğu kimi qeyd olunmamışdır. Bundan başqa, Bildirişdə göstərilən məbləğlər həqiqəti əks etdirmir. Burada hesablanmış faiz məbləğləri ilə müqavilənin tələbləri əsasında hesablanmalı olan faiz məbləğləri arasında kəskin fərqlər mövcuddur. Eyni zamanda, Maraqlı şəxs kredit müqaviləsi üzrə ödəməli olduğu öhdəliyin gecikdirilməsinə görə əlavə hesablanmış faizlər də düzgün əks olunmamışdır. Odur ki, qeyd olunan Bildiriş qanunvericiliyin və tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinin müddəalarına zidd olduğundan etibarsız hersab edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh Bank "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib etdiyi, PAİD-2022/5818 nömrəli “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Bildirişin etibarsız hesab edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Amil oğlu hər iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən cavabdeh Maraqlı şəxs izahatında bildirmişdir ki, bank tərəfindən ona və iddiaçıya qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində kredit müqaviləsi üzrə borc tələbi ilə bağlı iddia qaldırılmışdır. Məhkəmə iclası barədə cavabdeh Bank "xxxx" ASC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İş materiallarında olan Bank "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış DEN- 00002-00/21A nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən məlum olur ki, Maraqlı şəxs 36 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 200000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış DENG- 00002-00/21A nömrəli xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 5, 7, 9, 11, 13, 15, m.2 (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 15, M8, m2) bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bank "xxxx" ASC tərəfindən İddiaçı və Maraqlı şəxs ünvanlanmış PAİD-2022/5818 nömrəli 09 dekabr 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixli, DEN- 00002-00/21A saylı Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borc 200000 manat, ümumi faiz borcu 66351,87 manat, dəbbə pulu 10000 manat, cəmi borc 276351,87 manat təşkil edir. Borc məbləğinin 5 iş günü müddətində tam olaraq ödənilməsi xahiş olunur. Borc ödənilmədiyi halda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı, İpoteka haqqında qanunun 38-ci maddələrinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Bununla yanaşı Bank "xxxx" ASC kredit müqaviləsi üzrə bütün məbləğin (əsas borc, faiz və cərimənin) ödənilməsi məqsədilə tələbin ipoteka predmetinə yönəldilməsi, kredit borcunun ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna da malikdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinimn e-2(005)- 1158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Maraqlı şəxs və İddiaçı qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi icraata götürülmüş, məhkəmə hazırlıq xx.xx.2023-cü il tarixə, saat 12:10-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar hesab olunur. Həmin Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 36.2-ci maddəsində qeyd olunur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası əks etdirilməlidir. Həmin qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış DEN-00002-00/21A nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 200000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmini məqsədilə İddiaçı ilə 26 fevral 2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 5, 7, 9, 11, 13, 15, m.2 (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 15, M8, m2) ipoteka ilə yüklü edilmişdir. Borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, 09 dekabr 2022-ci il tarixdə Bank "xxxx" ASC tərəfindən İddiaçı və Maraqlı şəxs bildiriş göndərilmiş, bildirişdə borc alanın kredit müqaviləsi üzrə bütün məbləğin (əsas borc, faiz və cərimənin) ödənilməsi bildirişmiş, əks halda əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, İddiaçı Bank "xxxx" ASC tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsızlığını mübahisələndirirək, bildirişdə borcun məbləğinin düzgün hesablanmadığına istinad etsə də, qeyd olunan hallarla bağlı borcun ödənilməsi ilə bağlı zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka ilə təmin edilmiş öhdəlik Bank "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış DEN-00002-00/21A nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən yaransa da, Maraqlı şəxs tərəfindən borc məbləği mübahisələndirilməmişdir. İddiaçı cavabdeh Maraqlı şəxs qarşı iddiasını əsaslandırmamışdır. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Bank "xxxx" ASC-yə və Maraqlı şəxs qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Bank "xxxx" ASC-yə və Maraqlı şəxs qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1293/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1293/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver