Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1335/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Volkswagen Polo” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) iddiaçıya məxsusdur.
2. xx.xx.2022-ci il tarixdə cavabdeh idarə etdiyi “Volkswagen Passat” minik markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi ilə S.Ələsgərov küçələrinin kəsişməsində Avtomobillə toqquşmuşdur. Bu barədə cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə İXP ******* №-li protokol tərtib edilmiş və o, TP ******* tarixli qərarla AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
3. Avtomobilə dəyən zərər "xxxx" QSC tərəfindən qüsur aktı tərtib edilməklə 58 764 manat məbləğində qiymətləndirilmişdir. Avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından sığortaçı tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı delikt nəticəsində vurulmuş 53.764 manatın, dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun, həmçinin ödənilmiş 266 manat məbləğində dövlət rüsumunun, cəmi 59.030 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, xx.xx.2022-ci il tarixdə saat 22:44-də Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi ilə S.Ələsgərov küçəsinin kəsişməsində hərəkət zamanı ona məxsus Avtomobil cavabdehin təqsirindən idarə etdiyi «Volkswagen Passat minik» markalı ** CO *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Lakin idarə etdiyi avtomobilə ciddi ziyan dəymişdir. Cavabdehin törətdiyi əmələ görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən o, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Bununla da cavabdehin təqsiri üzündən onun idarə etdiyim avtomobilə maddi zərər dəyməsi faktı tam sübuta yetirilmişdir. Texniki xidmət göstərən "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktına görə Avtomobilə dəymiş ziyan 58.764 manat təşkil edir. Bu məbləğdən 5.000 manatını sığorta qarşılamışdır. Yol nəqliyyat hadisəsi zamanı o, güclü ruhi həyacan keçirmiş, hadisənin necə baş verməsi anı tez-tez gözünün önündə canlanı ki, bunun fəsadları hal-hazırda da sağlamlığında özünü göstərməkdədir. Bununla yanaşı dəfələrlə cavabdehə müraciət edərək avtomobilinə dəymiş maddi zərərin ödənilməsini tələb etmişdir. Lakin tələbinə əhəmiyyət verilməmiş, sui-istifadələr olmuşdur. Bu zaman onun mənəvi sarsıntılar nəticəsində əsəbləri pozulmuş, səhhətində problemlər yaranmışdır. Bu xoşagəlməz halın yaşanması ona mənəvi zərərin dəyməsi ilə nəticələnmişdir. Ona dəymiş mənəvi zərər əmlak xarakteri daşıyır və bu məbləği 5.000 manat civarında müəyyən edir. Artıq bir aydan çox müddətdə o, avtomobilsiz qalmış və bu da onun işlərinin ləngiməsinə səbəb olmuşdur.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı bildirdi ki, ekspert rəyi ilə razıdırlar.
8. Cavabdeh məhkəmə iclasında ekspert rəyi ilə razı olmadığını bildirirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
12. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
19. Yuxarıda qeyd edilən müddəanın mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
20. İş materialları ilə müəyyən edilir ki, cavabdeh mülki hüquq pozuntusu törətmişdir. Belə ki, o, idarə etdiyi “Volkswagen Passat” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edrkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının Avtomobilinə maddi zərər vurmuşdur. Cavabdehin təqsirli olması onun barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolla, eləcə də, xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərarla təsdiq edilmiş və o, İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materialları ilə o da müəyyən olunur ki, cavabdehin təqsirli hərəkəti ilə nəticə arasında səbəbli əlaqə olmuşdur (yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına zərər vurulması).
21. Lakin, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.
22. Belə ki, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5796-8/2234 saylı, xx.xx.2023-ci il tarixli rəyinə əsasən, Avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur, zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrinin dəyərini çıxılmaqla 19 600 manat müəyyən edilir. Avtomobilin işlək vəziyyətdə olan sürətlər qutusunun orta bazar dəyəri təxminən 10 500 manat müəyyən olunur.
23. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, eləcə də, cavabdeh məhkəmə iclasında ekspert rəyi ilə razı olmadığını bildirsə də, o, ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
24. Beləliklə, məhkəmə hesab edir ki, Avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 19 600 manatdan iddiaçıya ödənilmiş 5000 manat məbləğində sığorta ödənişi çıxılmaqla 14 600 (19 600 – 5000 = 14 600) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinı tutulmalıdır.
25. Məhkəmə iddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin əvəzini tutulması hissəsinə münasibətdə bildirir ki, iddi tələbi həmin hissədə təmin edilə bilməz.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
27. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
28. İddiaçı cavabdehin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığı halları da sübut edə bilməmişdir.
29. Məhkəmə hesab edir ki, 266 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində ekspertiza xərci iddianın təmin olunması (iddia 25% hissədə təmin olunmuşdur) nisbətində tərəflər arasında bölüşdürülməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 14 600 manat məbləğində dəymiş zərər və 66,50 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 199,50 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində ekspertiza xərcinin 12,50 manat hissəsi Cavabdeh, 37,50 manat hissəsi İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı