Məhkəmə qərarları › İş №e-2(011)-1355/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1355/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1355/2025 25.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında “Chevrolet Tracker LTZ” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə (bundan sonra - Avtomobil) dair xx.xx.2022-ci il tarixli, ALY-1156 saylı Daxili lizinq müqaviləsi bağlanmış və eyni tarixdə Avtomobil cavabdehə təhvil verilmişdir.

2. 10.01.2023-cü il tarixdə cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində o, bədən xəsarəti almış, habelə Avtomobil zədələndiyindən xx.xx.2023-cü il tarixdə Avtomobil iddiaçıya təhvil verilmişdir.

3. Avtomobil cavabdehin istifadəsində olduğu müddətdə onun barəsində yol hərəkəti qaydalarının pozulması barədə barəsində 4 dəfə - xx.xx.2022-ci il tarixdə AR İXM-nin 327.2-ci maddəsilə təqsirli bilinməklə 60 manat, xx.xx.2022-ci il tarixdə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməklə 40 manat, xx.xx.2022-ci il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinməklə 20 manat və xx.xx.2022-ci il tarixdə İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinməklə 40 manat cərimə edilməsinə dair inzibati qərar çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə - xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar üzrə 96 manat (36 manat dəbbə pulu əlavə edilməklə), xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar üzrə 64 manat (24 manat dəbbə pulu əlavə edilməklə), xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar üzrə 18 manat və xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar üzrə 36 manat cərimələr iddiaçı tərəfindən ödənilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara görə onun tərəfindən ödənilmiş 214 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY1156 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “Chevrolet Tracker LTZ” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq iddiaçı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(011)-1937/2023 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək cavabdehdən ümumilikdə 10781.45 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Chevrolet Tracker” markalı, **-PC-***dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

7. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

12. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

13. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olunur ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh AR DYP tərəfindən inzibati qaydada 4 dəfə cərimə edilmiş, lakin vaxtında cavabdeh onları ödəmədiyindən üzrəinə dəbbə pulu əlavə edilmişdir. Həmin cərimlər və onlara hesablanmış dəbbə pulu isə iddiaçı tərəfindən ödənilmiş və buna görə iddiaçı maddi zərər çəkmişdir. Odur ki, iddaçının iddiası həmin hissədə əsaslıdır, onun tərəfindən ödənilmiş cərimə və dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. İnzibati xəta haqqında protokollara görə ödənilmiş 214 manat məbləğində pul və 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar