Məhkəmə qərarları › İş №e-2(011)-1404/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1404/2024

07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1404/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 İlyat oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sığorta məbləğindən tutulması və s.” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, onların nikahı Bakı Nikah evində 733 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 doğulmuşdur.

2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh “BP Exploration (Caspian Sea) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində mühəndis vəzifəsində işləyir, onun əmək haqqı 6766,67 manat təşkil edir.

3. xx.xx.2021-ci il tarixdə cavabdeh, “BP” və "xxxx" ASC arasında HYS-05442/21, HYS-02492/22 və HYS-03551/23 nömrəli həyatın yaşam sığortası müqavilələri imzalanmışdır. Sığorta haqqı cavabdehin əmək haqqından tutulmalar da nəzərə alınmaqla, ümumilikdə hər ay hər üç müqavilə üzrə 61 ABŞ dolları olmaqla ödənilmişdir. Sığorta müqaviləsi üzrə 1-ci sığorta riski istənilən səbəbdən ölüm, 2-ci sığorta riski müqavilənin sonuna qədər yaşama, birinci sığortalı “BP”, ikinci sığortalı cavabdeh, faydalanan şəxslər – cavabdeh vəfat etdikdə iddiaçı, müqavilənin sonuna qədər yaşadıqda isə cavabdeh özü müəyyən edilmişdir.

4. “BP Exploration (Caspian Sea) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, aliment sığorta müqavilələri üzrə sığorta haqları çıxılmazdan əvvəl tutulur. 2022-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayına qədər yığılmış aliment borcunun hesablanmasında da bu qayda nəzərə alınmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 223/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin cavabdeh tərəfindən yaşam sığortasına aparılan sığorta ödəmələri nəzərə alınmadan tam məbləğdən tutulması və alimentin həyatın yaşam sığortası müqaviləsinin müddətinin sonuna ödənilən sığorta məbləğindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdehlə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş və bu nigahdan iki övladı dünyaya gəlmişdir. Cavabdehlə bir yerdə yaşamaqları çətin olduğundan o, valideynlərinin yanına müvəqqəti olaraq köçüb yaşamaq məcburiyyətində qalmışdır. Artıq iddiaçı ilə ailə münasibətlərini davam etdirmək mümkünsüz hala gəldiyi vaxt 2022-ci ildə məhkəmədə iddia qaldıraraq nigahın pozulması, uşaqların himayəsində qalması, aliment tələbi və əmlak bölgüsü tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmış və hər iki uşağın saxlanılması üçün onlar yetkinlik yaşına çatanadək cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 miqdarında alimentin tutlaraq ona ödənilməsi müəyyən olunmuşdur. Həmin qətnamə icra olunması üçün aidiyyatı üzrə cavabdehin iş yeri olan “BP” şirkətinə göndərilmişdir. Müvafiq icra vərəqinə əsasən aliment xx.xx.2022-ci il tarixdən tutulmalı olsa da, icra vərəqi icraya gec yönəldildiyi üçün 2022-ci ilin dekabr ayından tutulmağa başlanılmışdır. Aliment məbləğləri qeyri-sabit olmaqla həmin hesaba köçürülmüşdür. 2023cü ilin iyun ayından aliment məbləğində ciddi şəkildə azalma getdikdən sonra cavabdeh tərəfindən telefonda əmək haqqının azalması səbəbindən bunun baş verdiyi bildirilmişdir. Ancaq ona məlum olmuşdur ki, cavabdeh həyat yaşam sığortasına qoşulduğu üçün əmək haqqı azalmış və bu səbəbdən də aliment məbləğində kəskin azalma olmuşdur. Bundan sonra vəkil vasitəsilə “BP” şirkətinə sorğu verilmiş və cavabında bildirilmişdir ki, “icra vərəqəsinə əsasən 12 sentyabr 2022-ci ildən 30 noyabr 2022-ci ilədək cavabdehin aliment borcu olduğundan, 2022-ci ilin dekabr ayından başlayaraq aparılan 1/3 aliment tutulması ilə bərabər yığılmış borca görə də tutlmalar aparılmışdır. 2023-cü ilin iyun ayında cavabdehin keçmiş dövr üçün olan aliment borcu tam ödənilmiş və bağlandığına görə 2023-cü ilin iyul ayından etibarən Cavabdeh icra sənədlərə uyğun aylıq qazancının yalnız 1/3 hissəsi miqdarında aliment tutlaraq iddiaçının bank hesabına köçürülür. İşçinin “Həyatının Yaşam sığortası” proqramında iştirakı ilə bağlı həyat sığortasını həyata keçirən sığorta şirkətindən birbaşa məlumat ala bilərsiz”. Ona verilmiş olan bu cavabla cavabdehin bildirdikləri üst-üstə düşmədiyi və eyni zamanda işəgötürən tərəfindən işçisinin yaşam sığorta proqramına qoşulub-qoşulmaması barədə dəqiq məlumatlı olduğu halda bunu bildirmədiyi üçün alimentin məhz bu səbəbdən azalmış olması qənaətinə gəlmişdir. Bundan sonra müvafiq icra qurumuna xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq bu hallar barədə geniş məlumat verilmiş və bu barədə araşdırma aparılması, eyni zamanda icra vərəqinin düzgün icra olunması xahiş olunmuşdur. Həmin məktuba rəsmi cavab verilməmişdir. Şifahi olaraq bildirilmişdir ki, belə bir araşdırma aparılması qanunvericiliklə imkan xaricindədir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “BP” şirkəti tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavabla razı deyillər. Sorğuda əmək haqqından alimentə görə tutulmanın sığorta haqları çıxılmazdan əvvəl aparıldığı qeyd edilsə də, qanunvericiliyin tələbinə əsasən yaşam sığortasına görə sığorta haqları əmək haqqı bank hesabın köçürülməzdən əvvəl tutulur.

10. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, o, alimenti ödəməkdən yayınmır. Onun əmək haqqından əvvəlcə aliment tutulur, daha sonra yaşam sığortasına görə sığorta haqqına görə tutulma aparılır.

11. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, cavabdeh “BP” şirkətində heç bir rəhbər və ya sərəncamverici vəzifə tutmur, “BP” şirkətinin hazırkı sorğuya cavab məktubunda heç bir məlumat gizlədilmir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

14. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda məhkəmə tərəfindən aliment tutulur.

Azərbaycan Respublikasının “İcra haqqında” Qanun

15. Maddə 64. Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə işdə iştirakn edən şəxslərin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. İşin mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında nikah bağlanmış, Məhkəmənin 2(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2023-cü il tarixdə alimentə dair hissədə icra edilməsin üçün Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, cavabdehin əmək haqqından alimentə görə tutulmalar aparılmağa başlanılmışdır.

22. İş materialları ilə həm də müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə cavabdeh, “BP” və "xxxx" ASC arasında HYS-05442/21, HYS-02492/22 və HYS-03551/23 nömrəli həyatın yaşam sığortası müqavilələri imzalanmışdır. Sığorta haqqı cavabdehin əmək haqqından tutulmalar da nəzərə alınmaqla, ümumilikdə hər ay hər üç müqavilə üzrə 61 ABŞ dolları olmaqla ödənilmişdir. Sığorta müqaviləsi üzrə 1-ci sığorta riski istənilən səbəbdən ölüm, 2-ci sığorta riski müqaviləsinin sonuna qədər yaşama, birinci sığortalı “BP”, ikinci sığortalı cavabdeh, faydalanan şəxslər – cavabdeh vəfat etdikdə iddiaçı, müqavilənin sonuna qədər yaşadıqda isə cavabdeh özü müəyyən edilmişdir.

23. İddiaçının hazırki iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin əmək haqqından tutulmaların aparılması zamanı ilk növbədə həyat yaşam sığortası müqavilələri üzrə sığorta haqqının tutulmasını, daha sonra isə 223/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən alimentə görə tutulmanın aparıldığını iddia edir.

24. Sözügedən halın aydınlaşdırılması məqsədilə Məhkəmə tərəfindən xx.xx.2024cü il tarixdə cavabdehin işlədiyi “BP Eksploreyşn (Kaspian Sİ) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən sübutların cəlb edilməsi barədə qərardad qəbul edilmiş və əmək haqqından alimentə görə tutulmaların əmək haqqından sığorta haqları çıxılmazdan əvvəl, yoxsa sonra aparılması barədə məhkəməyə məlumat vermələri tələb edilmişdir. “BP Eksploreyşn (Kaspian Sİ) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən həmin qərardadın icra edilməsi məqsədilə Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Bakı şəhəri Xətai rayon icra şöbəsinin № xx/xx-243294/2022-20 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2022-ci ilin dekabr ayından etibarən cavabdehin aylıq qazancından aliment tutulmaları aparılır. xx.xx.2022-ci il tarixindən hesablanmaqla yaranmış aliment borcuna görə 2022-ci ilin dekabr ayından 2023-cü il iyun ayına qədər olan müddət ərzində onun qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması ilə yanaşı, yığılmış borca görə əlavə 890 manat tutulmuşdur. Qalıq borc tam tutulduqdan sonra isə, yəni 2023-cü İlin iyul ayından etibarən yalnız qazancın və digər gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçının bank hesabına köçürülmüşdür. Nəzərinizə çatdırırıq ki, aliment sığorta müqavilələri üzrə sığorta haqları çıxılmazdan əvvəl tutulur. 2022-ci il sentyabr ayından 2022-ci il dekabr ayına qədər yığılmış aliment borcunun hesablanmasında da bu qayda bu nəzərə alınmışdır.”

25. Qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin əmək haqqından tutulmalar aparılan zaman ilk öncə icra sənədi üzrə alimentə görə tutulmanın aparıldığı, daha sonra isə həyatın yığım sığortası müqavilələri üzrə sığorta haqqının tutulduğu müəyyən edilmişdir.

26. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi “BP Eksploreyşn (Kaspian Sİ) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilən məlumatın düzgün olmadığını və məlumlatların təhrif olunduğunu bildirsə də, məktubda qeyd edilənləri təkzib edəcək, eləcə də iddia tələbini əsaslandırdığı dəlillərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

27. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi göstərir ki, qətnamə icra edilməsi üçün göndərildikdən sonra qeyri-sabit miqdarda aliment alsa da, 2023-cü ilin iyun ayından etibarən alimentin məbləğində ciddi şəkildə azalmalar olmuşdur. Buna görə də, iddiaçı bu qənaətə gəlir ki, aliment cavabdehin əmək haqqından sığorta müqavilələri üzrə sığorta haqqı çıxıldıqdan sonra qalan məbləğin 1/3 hissəsi miqdarında tutulur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin aliment borcu da yarandığına görə 2022-ci ilin dekabr ayından 2023-cü il iyun ayına qədər olan müddət ərzində onun qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması ilə yanaşı, yığılmış borca görə əlavə 890 manat tutulmuşdur.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar