Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1432/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ana və atasının faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 100000 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kiçik yaşlarından ana və atasını faciəvi surətdə itirmişdir, ata və ana qayğısının nədən ibarət olmasını bilmir. Həmyaşıdları ana və ataları haqqında danışanda iddiaçı bunu təsəvvür edə bilməmişdir. Baş vermiş faciəvi partlayış zamanı iddiaçının evinin döşəməsi sözün həqiqi mənasında tavana yapışmışdır. İddiaçının evinə kanalizasiya borusundan sızan qaz nəticəsində gecə vaxtlarında iddiaçının anası onu yedizdirmək üçün neft lampasını yandıranda evə dolan qazdan partlayış baş vermişdir. Həmin hadisə zamanı iddiaçının ana və atası vəfat etmiş, o, bacısı ilə yetim qalmışdır, onlar baba və nənəsinin himayəsində böyümüşlər və ana-ata qayğısı, oxşaması görməmişlər. Bütün bunlar cavabdeh orqanının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Belə ki, X11 İdarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası işləmiş X8 Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən, iddiaçının atasının evinin arxasındakı küçədən keçən qaz kəmərinə dövrü baxış keçirmədiyindən, onun cihazla texniki yoxlamasını aparmadığından, texniki vəziyyətini müayinə etmədiyindən, qaz xəttinin dövrlər üzrə cari və əsaslı təmirini yerinə yetirməyərək yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasını, kəmərin əyilməsini, yastılanmasını, zədələnməsini aşkar etmədiyindən, kəmərin paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etmədiyindən, kəmərin torpağın altında olduğu təqdirdə bu barədə müvafiq qaydaya uyğun aktlar tərtib etmədiyindən, yeraltı qaz kəmərinin cihazla texniki yoxlanılmasında zədələmə və qazsızma yerlərini aşkar etdiyindən, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onun yerdəyişməsi və ya təmir zərurəti, habelə müddəti haqqında qərar qəbul etmədiyindən, həmin qaz kəmərindən iddiaçının evinin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından 23 yanvar 2008-ci il tarixdə saat 03:00 radələrində partlayış baş vermiş, nəticədə iddiaçı həyat üçün təhlükəli olan ağır dərəcəli, yəni bədən səthinin 12-14 faiz hissəsinin 2-3 dərəcəli termiki yanıq xəsarətləri almış, onun atası Zaur Abbasov və anası Günel Dadaşova isə aldıqları həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətindən həlak olmuşlar. Cavabdehin işçisi olmuş X3 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsi iddiaçının həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətləri almağına, iddiaçının valideynlərinin ölümünə, həmçinin evinin məhv olmasına səbəb olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəməyə verilmiş, Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur. İddiaçı baş verən hadisəyə görə başqa insanların ona qarşı münasibətlərini görəndə sarsılır, iztirab, əzab çəkir, hər gün valideynlərinin faciəvi şəkildə ölməsini xatırlayır. İddiaçı qeyd edir ki, onun sarsıntısının dərəcəsini təsəvvür belə edilə bilməz, onun yaşama həvəsi azalıb, artıq nəyə görə, kimə görə yaşayacığını bilmir və dərdini deyə biləcəyi, başını qucağına qoyaraq ağlaya biləcəyi, təsəlli tapa biləcəyi anasının, atasının olmaması onun iztirablarını daha da dərinləşdirir, çünki cavabdeh iddiaçını onlardan da məhrum etmişdir. Cavabdehdən valideynlərin faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilsə, onun davamlı əzablarının, iztirablarının yüngülləşməsinə xidmət etmiş olar. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən onun xeyrinə 15.000.000 (on beş milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, 23 yanvar 2008-ci il tarixdə, yəni 16 il bundan əvvəl X1, yəni işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının atası Zaur Abbasovun və anası Günel Dadaşovanın ölümünə səbəb olmuşdur. X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmü ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin materiallarından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmündən də görünür ki, X8 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxslər vəfat etmişdir. “Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından hazırki iddia tələbi cavabdehdən deyil, X2 tələb edilə bilər. Belə ki, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. İddiaçının valideynlərinin vəfat etməsində 16 ilə yaxın müddətin keçməsi mənəvi zərərin artıq olmamasıdır. İddiaçının hadisədən 16 il müddət keçdikdən sonra 100000 manat məbləğində mənəvi zərər tələb etməsi əsassızdır. Bununla belə mənəvi ziyan məbləği mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz, bu mənada iddiaçının müəyyənləşdirdiyi mənəvi ziyan məbləği həmin meyara cavab vermir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir və bu işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Cavabdehin nümayəndəsi hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən iştirak edə bilməcəyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 752822 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, atası X10, anası isə X5r. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmün surətindən görünür ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin qərardan görünür ki, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2008-ci il tarixli 21 saylı rəyinə əsasən, mərhum Zaur Abbasovun meyiti üzərində aşkar olunmuş xəsarətlər – yanıq xəstəliyi, yanıq şoku ağır dərəcədə, sifətin, hər iki yuxarı ətrafların, hər iki aşağı ətrafların, gövdənin arxa səthinin 2-3 “a”, - 4 “b” dərəcəli termiki yanğını (alovla) yüksək hərarətin təsirindən törənməklə yuxarıda göstərilən şəraitdə və xx.xx.2008-ci il tarixə uyğun gəlir və canlı şəxslərdə ağır zərər vurmanın əlamətlərini daşıyır. Zaur Abbasovun ölümü xx.xx.2008-ci il tarixdə, saat 22:15-də xəstəxanada baş vermişdir, məhz ölümünə səbəb almış olduğu yanıq xəsarətləri nəticəsində baş vermiş yanıq şoku olmuşdur. Eyni zamanda Məhkəmə-tibbi ekspertizasının xx.xx.2008-ci il tarixli 21 saylı rəyindən görünür ki, mərhum Günel Dadaşovanın meyiti üzərində aşkar olunmuş xəsarətlər – yanıq xəstəliyi, başın tüklü hissəsi və süd vəziləri istisna olmaqla, bütün bədən səthinin 2-3 “a”, - 4 “b” dərəcəli termiki yanğını (alovla) yüksək hərarətin təsirindən törənməklə yuxarıda göstərilən şəraitdə və xx.xx.2008-ci il tarixə uyğun gəlir və canlı şəxslərdə ağır zərər vurmanın əlamətlərini daşıyır. Günel Dadaşovanın ölümü xx.xx.2008-ci il tarixdə, saat 22:15-də xəstəxanada baş vermişdir, məhz ölümünə səbəb almış olduğu yanıq xəsarətləri nəticəsində baş vermiş yanıq şoku olmuşdur. Həmin qərarda həmçinin göstərilmişdir ki, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2008ci il tarixli 470 saylı rəyindən görünür ki, X6 bədəni üzərində xəsarətlər – yanıq şoku ilə müşayiət olunan, başın alın nayihəsinin, üzün, alt çənənin, hər iki əlin üst səthlərin, sol aşağı ətrafın (bədən səthinin 18-20% hissəsinin) 2-3 dərəcəli termiki yanıqları, yuxarı tənəffüs yollarının 1-2 dərəcəli yanıqları yüksək hərarətin yerli təsirindən (alovun təsirindən) törənmişdir, müddəti xx.xx.2008-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5368/2022 saylı 04 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiası qismən təmin edilmiş, valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70000 (yetmiş min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində, cəmi 100000 (yüz min) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X7 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1132/2023 saylı 22 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5368/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2600/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)- 1132/2023 saylı qətnaməsi “valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70.000 (yetmiş min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində, cəmi 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X7 ödənilməsi” hissəsində dəyişdirilmiş, valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində, cəmi 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X7 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5356/2019 saylı 15 iyul 2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Dadaşov Şahin Ataş oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək Cavabdehndən iddiaçının xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 70000 manat müəyyən edilmişdir. Həmin qərardan görünür ki, cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qızının və kürəkənin həlak olması, nəvələrinin ağır dərəcəli bədən xəsarəti alması, onun fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, onun qızı və kürəkəninin həmin hadisə nəticəsində vəfat etməsi, nəvələri ağır dərəcəli bədən xəsarəti alması, nəvələrinin atasız və anasız böyütmək məcburiyyətində qalması onun şüuruna həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçisi olan X8 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının valideynlərinin ölümünə səbəb olan səhlənkarlıq etmiş, bunun nəticəsində onun ölməsinə səbəb olmuşdur. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində valideynlərinin ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının valideynlərinin faciəvi şəkildə həlak olması, bunun nəticəsində iddiaçının valideyn qayğısından məhrum olmaqla böyüməsi, ailənin natamam qalması, iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin hadisədən sonra iddiaçının bacısı X9 Cavabdeh İB-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2600/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarı ilə valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində, cəmi 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X7 ödənilməsi qərara alınmışdır. Bundan başqa iddiaçının babası Dadaşov Şahin Ataş oğlu Cavabdeh İB-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5356/2019 saylı 15 iyul 2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Dadaşov Şahin Ataş oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək Cavabdehndən iddiaçının xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 70000 manat müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 15.000.000 (on beş milyon) manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu, iddiaçının digər ailə üzvlərinə Cavabdeh İB tərəfindən mənəvi zərərin ödənilməsini, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Həmin qərardan qeyd edilmişdir ki, uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının anasının və atasının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində ona dəymiş maddi zərəri, habelə anasının və atasının həlak olması nəticəsində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdehndən 40000 manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 40000 manat məbləğində dəymiş mənəvi ziyan İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1432/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1432/2024
14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver