Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1627/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İşin faktiki hallarına görə xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, bina 3, mənzil 24 ünvanında yerləşən mənzildə ventilyasiya sistemi, nəfəsliyin və qapının alt hissəsində hava daxil olması üçün aralıq və ya dəlikləri olmayan, tüstü-bacası düzgün quraşdırılmamış və yapma məhsullarının sovrulmasını təmin etməyən hamam otağında quraşdırılmış qazla işləyən axıntı su qızdırıcısı tüstü bacasında lazimi seyrəlmə olmadıqda qazın verilməsini dayandıran bloklayıcı avtomatik qurğu ilə təchiz edilməməklə axımlı su qızdırıcısından istifadə olunmuş, tüstü borusunun yanma məhsullarını çəkmə-sorma qabiliyyəti kifayət qədər olmadığından, hamam otağının havası daimi olaraq dəyişdirilmədiyindən yanma məhsullarının, o cümlədən, dəm qazının hamam otağına yığılmaqla istismar edilməsi nəticəsində iddiaçının arvadı X1 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
2. Baş vermiş hadisə hadisəsində Cavabdeh İB-nin Nərimanov rayonu X3 2 saylı Yaşayış yerlərində qaz xəttələrinə və məişət qaz cihazlarına nəzarət xidməti ustası vəzifəsində işləyən İddiaçı təqsirli bilinərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
4. İddia ərizəsinin dəlilləri:
5. İddiaçı cavabdehdən 30.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1980-ci ildən X1 ilə ailə həyatı qurmaqla evlənmişlər. Əvvəllər Şəmkir rayonunda yaşamışlar. Sonradan işləmək üçün Bakı şəhərinə gəlmiş və təxminən 2010-cu ilin iyul ayında ünvan 2 ünvanında yerləşən mənzildə kirayədə yaşamağa başlamışlar. 22 sentrabr 2010-cu ildə tarixdə saat təxminən 20-30 radələrində həyat yoldaşı Şəfiqə yuyunmaq üçün hamam otağına girmişdir. İddiaçı tikintidə “Paşa holdinqdə” sürücü işləyirdi. Həmin vaxtı işdə idi və əmisinin həyat yoldaşı onlarda idi. Onun mobil telefonuna zəng gəlmiş və həyat yoldaşının hamamda yuyunarkən dəm qazından faciəvi surətdə vəfat etməsini demişlər. Dərhal evə gəlmiş və həyat yoldaşının cansız bədənini görəndə dünya gözündə qaralmışdır. O, yoldaşı ilə tək yaşayırdı. Lakin təsadüfən onlara qonaq gələn əmisinin yoldaşı ona zəng etməsəydi bu barədə daha gec xəbər tuta bilərdi. Əslində bütün bunların heç bir faydası yoxdur. Cavabdehin ucbatından həmin ili bir xeyli şəxs faciəvi surətdə vəfat etmişdi. Onlar qazın tərkibini təmizləmədən verdiklərindən bu hadisə baş verib. Bu barədə cinayət işi başlandı və formal olaraq bir nəfər şəxsi təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə cəlb etdilər. Həmin şəxs onun yoldaşının vəfatı ilə bağlı hər hansı bir hərəkət etməyib. Əsas təqsirkar cavabdeh və onun həmin dövrdə işləyən vəzifəli şəxsləri məsuliyyətə cəlb olunmalı idilər. O, 30 illik həyat yoldaşnı itirmişdir. Onun keçirdiyi mənəvi sarsıntı, mənəvi iztirablarını yalnız başına bu faciə gələn şəxs yaşaya bilər. Bu baş vermiş hadisə ilə əlaqədar olaraq cavabdehin işçisi X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə həyat yoldaşı X1 dəm qazından zəhərlənərək ölmüşdür.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
18. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
İşə baxan məhkəmənin mövqeyi:
23. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
24. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisin iddiaçının arvadının ölümündə təqsirli olub-olmaması, habelə cavabdehin öz işçisi Fizuli Əliyevin hərəkətlərinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir.
25. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır (§ 15 və 16).
26. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçisi olmuş Fizuli Əliyevin əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməli nəticəsində iddiaçının ərinin ölməsi iş materialları öz təsdiqini tapır.
27. Belə ki, iş materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə cavabdehin işçisi olmuş Fizuli Əliyev Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Fizuli Əliyev ona görə təqsirləndərilmişdir ki, onun öz vəzifəsini düzgün icra etməməsi nəticəsində ünvan 2 ünvanında yerləşən mənzildə dəm qazının hamam otağına yığılmaqla istismar edilməsi nəticəsində iddiaçının arvadı X1 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
28. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının arvadının ölməsində cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir.
29. Mülki hüquq pozuntusu törətmiş Fizuli Əliyevin hərəkətinə görə cavabdehin məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, deilikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinin mənası baxımından işçinin dairəsi Mülki Məcəllənin 1099.2-ci maddəsində (işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) göstərilmişdir. İkincisi, delikt işçinin əmək (qullu, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir.
30. Fizuli Əliyevin cavabdehin işçisi olması işin mübahisəsiz halıdır. O ki qaldı deliktin Fizuli Əliyevin əmək vəzifələrinin icrası zamanı törtməsinə, bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və Fizuli Əliyevə qarşı ittiham onların əmək funksiyalarının pozulmasına görə verilmişdir.
31. Beləliklə, cavabdehin işçisi Fizuli Əliyevin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.
32. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
33. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının arvadı ölmüşdür. İddiaçı mərhum arvadı X1 ilə xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olaraq uzun müddət ər-arvad münasibətlərində yaşamış və birgə təsərrüfat aparmışlar. Şübhəsiz ki, iddiaçının uzun illər birlikdə yaşadığı yaxın qohumunu itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
35. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
36. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətəri ilə iddiaçının arvadının ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.
37. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.
38. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
39. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri arvadının ölümünə görə tələb edir. İddiaçı ilə arvadı xx.xx.1979-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və xx.xx.2010-cu il tarixədək, yəni 31 il ər-arvad olaraq birgə yaşamışlar. Ailə - məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Qanunvericilikdə nikaha daxil olan şəxslərin statusları termin olaraq ər və arvad adlandırılır. Lakin Azərbaycan cəmiyyətində ər-arvad münasibətlərinin özünə məxsus mənəvi, əxlaqi və dini dəyərləri mövcuddur. Ona görə də, “ər-arvad” qanunla müəyyən edilmiş termin olaraq işlənsə də, bütün hallarda cəmiyyətimizdə bu şəxslər bir-birinə “həyat yoldaşı”, “ömür gün yoldaşı” hesab edilir. İddiaçı cavabdehin işçilərinin təqsiri üzündən həyat yoldaşını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın “ömür gün yoldaşı”nın itirilməsi həddindədir.
40. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının arvadının ölməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 25 000 manat pulun tutulmasını mütənasib hesab edir.
41. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində cavabdehdən tutulmalıdır.
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 25 000 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 165 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı