Məhkəmə qərarları › İş №e-2(011)-1727/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1727/2025

23.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1727/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, Cavabdeh1, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı əqdlərin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh1, Cavabdeh2 ASC-yə, Cavabdeh3 ASC-yə qarşı Cavabdeh1 ilə Cavabdeh3 QSC arasında İnvestisiya Xidmətlərinin Göstərilməsi Haqqında 1289F saylı Müqavilənin etibarsız hesab edilməsi və 13.000 ABŞ Dolları pul vəsaitinin və ödənilmiş 157 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı xx.xx.2016-cı il tarixində Cavabdeh2 ASC vasitəsilə özünün **********0840- 027177 saylı bank hesabına 11.000 ABŞ dolları pul vəsaitini depozit olaraq yerləşdirmişdir. Lakin sonradan İddiaçı xroniki böyrək xəstəsi olduğu üçün (xəstəliyini təsdiq edən sənədlər qoşmada təqdim olunur) özünün ölmə ehtimalını düşünərək xx.xx.2021-ci il tarixində özünün **********0840-027177 saylı bank hesabında olan 11.550 ABŞ dolları pul vəsaitini götürmüş, pul vəsaitinə 1450 ABŞ dolları əlavə edərək 13.000 ABŞ dolları pul vəsaitini öz qohumu olan Cavabdeh1 **********6840- 514507 saylı bank hesabına depozit olaraq yerləşdirmişdir. Qeyd etmək istəyirəm ki, İddiaçı hesabında olan pul vəsaitinin Cavabdeh1 hesabına depozit olaraq yerləşdirməsinin əsas məqsədlərindən biri də ona qulluq göstərməkdə kömək etməsi və bunun əvəzində pul vəsaitinin Cavabdeh1 qalması idi. Həmin tarixdə Cavabdeh1 ilə Cavabdeh3 QSC arasında İnvestisiya Xidmətlərinin Göstərilməsi Haqqında Müqavilə imzalanmışdır. Qeyd edirəm ki, daha sonra İddiaçı vəziyyəti getdikcə pisləşmiş və o, Cavabdeh1 depozit olaraq ona verdiyi 13.000 ABŞ Dolları pul vəsaitini geri qaytarmasını istəmişdir. Valeriy əvvəlcə razılaşmış, İddiaçı pulu qaytaracağını bildirmişdir. Lakin sonradan İddiaçı Cavabdeh1la əlaqə saxlamağa çalışsa da, o zənglərə cavab verməmişdir. İddiaçı sonradan həmin pulu Cavabdeh1 tələb etsə də, Valeriy həmin pulu İddiaçı qaytarmaqdan yayınmışdır. Odur ki, hal-hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Cavabdeh1 tərəfindən İddiaçı dəymiş maddizərərin əvəzi ödənilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı verdiyini izahatında bildirmişdir ki, o, pulu vermişdir ki, o, öləndə, onun dəfn xərclərini ödəsin. Eyni zamanda, şərti var idi ki, pullara görə hesablanmış faizləri özünə ödənicək, əl xərci olaraq. Cavabdeh1, onun qardaşı oğludur deyə onu yaxıb bilib, ona müraciət edib. Cavabdeh1 də o, nə deyib, onu da etdi, dediyi kimi müqavilə bağladı. Cavabdeh1 də bağladığı müqavilə və digər sənədləri iddiaçı özündə saxladı. Lakin, o, faizləri ödəmək üçün, Cavabdeh1a zəng edəndə, Cavabdeh1 onun zənglərinə cavab vermədi. Faizlər də qaldı, gəlmədi. Cavabdeh1 öyrənmişdir ki, o, evini başqa qohuma verdiyiə görə, alarında mübahisə oldu. Mübahisə zamanı onun vəziyyəti ağırlaşdı. Əli əsməyə başladı, düzəlmirdi, bacısı qızına zəng etdi. Onlar da onu öz evlərinə gətirdi. Həkimə getdi, xəstəxanaya yerləşdirildi. Məlum oldu ki, o, insult keçirdib. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, verdiyi izahatında göstərmişdir ki, cavabdeh uzun illər Rusiya Federasiyasında yaşamış və işləmişdir. Pulları anası göndərmişdir. Anası da savadsız qadın olduğuna görə, Mahirə xanımın da həyat yoldaşı sistem işçisi olduğuna görə pulları ona vermişdir ki, Mahirə xanım həmin pulu yığsın. 2021-ci ildə də Mahirə xanım həmin pulları Valeriy müəllimə qaytarmışdır. 13000 ABŞ dolları Mahirə xanımın pulları deyildir, pullar Mahirə xanım tərəfindən yığılmış, Valeriy müəllimə məxsus puldu. Hətta pulu PSG Finans Kapitalda Şirkətində bildirmişdir ki, bu pullar Valeriy müəllimin pulları dı, o, borcunu qaytarır. Cavabdeh1 pulları Rusiya Federasiyasından göndərildiyinə dair sənədlər yoxdur, çünki həmin pulları özü gələndə gətirirdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bibisi heç yerdə işləməyib, yoldaşı da təqaüdçü olub, onda o məbləğdə pul haradan yığıla bilər. Pullar özünə məxsus olub, lakin pulları banka bunlar qoyub. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlə. Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh3 QSC arasında xx.xx.2016-cı il tarixində bağlanmış “İnvestisiya Xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən şirkət Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, müştərinin müraciəti və/və ya sifarişinə əsasən onun vəsaiti hesabına və onun adından aşağıdakı əsas və yardımçı investisiya xidmətlərini göstərilməsini, bunun müqabilində müştəri şirkətə müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulmuş komissiyanı ödəməyi öhdəsinə göturmüşdürlər. Müqavilə üzrə şirkət tərəfindən nəzərdə tutulmuş xidmətlərin göstərilməsi məqsədi ilə müştəri üçün şirkətin daxili uçot sistemində hesab açılmışdır. İddiaçı tərəfindən həmin hesaba xx.xx.2016-cı il tarixində 11000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixində hesabda olan vəsait, yəni 11550 ABŞ dolları məbləğində vəsait Hüseynov Mahirə tərəfindən hesabdan məxaric edilmişdir. Cavabdeh1 ilə Cavabdeh3 QSC arasında xx.xx.2021-ci il tarixində bağlanmış “İnvestisiya Xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən şirkət Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, müştərinin sifarişi və/və ya müraciətinə əsasən onun vəsaiti hesabına və onun adından aşağıdakı əsas və yardımçı investisiya xidmətlərini göstərilməsini, bunun müqabilində müştəri şirkətə bu müqaviləyə rüsum və yığım cədvəli və/və ya müvafiq investisiya xidməti üzrə bağlanmış və bu müqavilənin tərkib hissəsini təşkil edən müqaviləyə/müqavilələrə əsasən nəzərdə tutulan ödənişi etməyi öhdəsinə götürmüşdürlər. Müqavilə üzrə şirkət tərəfindən nəzərdə tutulmuş xidmətlərin göstərilməsi məqsədi ilə müştəri üçün şirkətin daxili uçot sistemində hesab açılmışdır. İddiaçı tərəfindən həmin hesaba xx.xx.2021-ci il tarixində 13000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur. Şahid ifadələri: Məhkəmə iclasında şahid X4 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun xalasıdır, Cavabdeh1 isə onun dayısı oğludur. Pullarla bağlı, məlumat verdi ki, pulları Valehin adına keçirdib. Xalası dedi ki, o, ölsə, onun dəfn xərclərini Valeh ödəyəcəkdir. Valehin anası dul qadın olub, onun pulu olmayıb. O, onların evində qalıb, bilirdi ki, xalasının ərinin, xalasının pulu olub. Valehə maddi cəhətdən köməklik elə xalası edib. Valeh Rusiya Federasiyasında olmayıb, burada fəhlə işləyib. Elə olub ki, aylarla pulu olmayıb, Mahirə xala kömək edib ona. Mənim xalam dedi ki, mənim oğlum, uşağım yoxdur, mən pulumu Valehin adına qoydum ki, mənə bir şey olsa, məni yerdən o götürsün. Sonradan İddiaçı xəstəxanaya düşdü, çıxanda dedik ki, Valeh baxsın ona. O, da dedi ki, mənim arvadım işləyir, özüm xəstəyəm, imkanım yoxdur ki, onu dialezə aparıb-gətirim, mən baxa bilmərəm. Məhkəmə iclasında şahid X6 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı bacısı nəvəsidir. Cavabdeh1 də onların qohumudur. 13000 ABŞ dolları Mahirənin xanımın adında idi. Ona də rəhmətlik ərindən qalıb. Nənəsi ona görə pulu onun adına qoyub ki, o, ölsə, ölüsünü götürsünlər. Ondan sonra nənəsi dialez xəstəsi oldu. Xəstə olanda ona qan lazım oldu. O, Valeh əmiyə zəng edib heç demədi ki, pulu çıxardın. Nənə ona dedi ki, faizi götürə bilərik mi, o da deyib ki, gedib götürərik, pulu da çıxararıq ki, qoyasan başının altına. Aralarında bu söhbət olub. Səhəri də heç bir zənglərə cavab vermədi. Valeh əmi usta işləyirdi. Nənə dialez xəstəsi olanda, onu çıxardandan əvvəl Valeh əmiyə yığdım ki, səhər nənəni çıxardaq, istəyirsən sən bax. O, dedi ki, mən xəstə, yoldaşım, qızım işləyir, biz ona baxa bilmərik. Pul çoxdan verilmişdir. Nənə demişdir ki, pullarım var, Valehin adına qoymuşam, ölüm-itim olsa məni o götürəcək. Mama da Valeh əmidən soruşdu, o da dedi ki, pullar məndədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı ərinin bibisidir, Cavabdeh1 isə onun əridir. 1995-ci ildən 2003-cü ilədək onun yoldaşı Rusiya Federasiyasında olub, orada işləyib, qazanan pulları anasına göndərib. O, Rusiya Federasiyasına gedib-gəlirdi. Pulları da nağd şəkildə verirdi anasına, anası da aparıb verirdi Mahirə xanıma. Anası da pulları vermişdir ki, qoysunlar İddiaçı ərinin adına. Bankda yığmaq üçün. 2021-ci ildə pulları Valehin adına keçirdi ki, yaşlı adamdır, başına bir iş gələr. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh1 kürəkənidir, İddiaçı isə kəndçisidir. Valeriy molyar olub, Rusiyaya gedib-gəlirdi, işləyirdi. Yəqin ki, pulu olub, göndərib. Tərəflər arasında nə mübahisə olduğunu bilmir. Bir dəfə ona pul lazım oldu, gedib onun anasından borc istəmişdir 500 dollar. O da, borc pul vermişdir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya Cavabdeh1 ilə Cavabdeh3 QSC arasında İnvestisiya Xidmətlərinin Göstərilməsi Haqqında 1289F saylı Müqavilənin etibarsız hesab edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh1 ilə Cavabdeh3 QSC arasında İnvestisiya Xidmətlərinin Göstərilməsi Haqqında 1289F saylı Müqavilənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmir. Belə ki, iddiaçı iddianın əsasını təşkil edən halları təsdiq edən hər hansı dəlili və ya sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə iddiaya 13.000 ABŞ Dolları pul vəsaitinin və ödənilmiş 157 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində Cavabdeh1 ilə Cavabdeh3 QSC arasında bağlanmış “İnvestisiya Xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən İddiaçı adına açılmış hesabda olan pul vəsaiti və həmin vəsaitdən əldə edilmiş gəlir çıxarılaq, Cavabdeh1 ilə Cavabdeh3 QSC arasında xx.xx.2021-ci il tarixində bağlanmış “İnvestisiya Xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən Cavabdeh1 adına açılmış hesaba qoyulmuşdur. Daşdəmirov Salman ümumilikdə İddiaçı tərəfindən ona 13000 ABŞ dolları məbləğində vəsaitin verildiyini və məhz həmin vəsaiti hesaba qoyduğunu təsdiq edir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 sözügedən pul vəsaitlərinin məhz ona məxsus olduğunu, həmin vəsaitlərin anası tərəfindən bibisi İddiaçı bankda yığmaq üçün verildiyini iddia etsə də, bununla bağlı yetərli mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdehin arvadı olan Daşdəmirova Fərganə tərəfindən verilmiş ifadələr cavabdehin dəlilləri uyğun olsa da, şahidlə cavabdeh arasında olan yaxın qohum münasibətləri də nəzərə alınmaqla, cavabdehin istinad etdiyi halların təsdiqi üçün əlavə sübutların da təqdim edilməsi gərəklidir. Lakin cavabdeh tərəfindən hər hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İstinad edilən halların təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan pul vəsaitinin İddiaçı tərəfindən iddiaçıya verildiyi təsdiq edildiyindən, sonuncunun isə həmin vəsaitin ona məxsus olduğu sübuta yetirə bilmədiyindən, sözügedən 13000 ABŞ dolları məbləğində pullar İddiaçı məxsus olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf 13000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 onun dəfn xərclərinin ödənilməsi üçün verildiyini bildirsə də, sonradan tərəflər arasında münasibətlərin pislməşməsi nəticəsində iddiaçı qərarını dəyişmişdir və verilən pulları geri tələb edir. Göründüyü kimi, İddiaçı məxsus 13000 ABŞ dolları məbləğində vəsaitin Cavabdeh1 verilməsi üçün əsas aradan qalxmışdır. Belə olan halda, cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 13000 ABŞ dolları məbləğində vəsaiti İddiaçı geri qaytarmalıdır. Odur ki, İddiaçı Cavabdeh1 qarşı 13000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 157 manat məbləğində dövlət rüsumu da Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilməsin. Ödəniş gününə qüvvədə olan məzənnə ilə 13000 (on üç min) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157 (yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar