Məhkəmə qərarları › İş №e-2(011)-1733/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1733/2025

26.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1733/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) “əmək haqqı” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək haqqı” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiyanın, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, 61 manat mediasiya xərcinin və 250 manat vəkilin göstərdiyi yardıma görə xərcin Cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə əsasən işəgötürən Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində “Devops üzrə kiçik mühəndis” vəzifəsinə işə götürülmüşdür. Bu müddət ərzində əmək haqqı məbləği bir neçə dəfə dəyişdirilmiş, sonuncu dəfə aylıq əmək haqqı 841,14 manat olaraq müəyyən edilmişdir. Əmək müqaviləsi bağlandığı tarixdən iddiaçıya cavabdeh tərəfindən 2024-cü ilin aprel ayına qədər əmək haqqı ödənilmişdir. 2024-cü ilin fevral ayının əmək haqqısı mart ayında, mart ayının əmək haqqısı isə aprel ayında ödənilmişdir. Tərəflər arasında əmək münasibətləri mövcud olsa da, məhz 2024-cü ilin aprel ayından başlayaraq iddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ümumiyyətlə dayandırılmışdır. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş 55 nömrəli əmrə əsasən, AR Əmək Məcəlləsinin 68ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə əsasən, ona ödənilməmiş aylara görə əmək haqqı məbləği, əmək məzuniyyətinə görə pul əvəzi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir. Məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı mediasiya təşkilatına müraciət olunmuş, lakin, 09 dekabr 2024- cü il tarixli arayışa əsasən “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuşdur. Tərəflərindən eyni zamanda 50 (əlli) manat məbləğində mediasiya xərci və 10 (on) manat kargüzarlıq xərci ödənilmişdir. Mübahisənin məhkəmədən kənar mediasiya mərhələsində həll edilməsi üçün cəhd olunsa da, hər hansı bir nəticə verməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin aprel, may, iyun və iyul ayları üçün ödənilməmiş toplam 3.364,56 manat əmək haqqı məbləğinin; istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin; hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin; 61 manat məbləğində mediasiya xərcinin və 250 manat hüquqi yardıma görə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində “Devops üzrə kiçik mühəndis” vəzifəsinə işə götürülmüş, əmək haqqı olaraq 898,29 manat müəyyən edilmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixində əmək haqqı dəyişişdirilərək 669,71 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixindən başlayaraq 841,14 manat əmək haqqı ödənilməli idi. Lakin, 2024-cü ilin aprel ayından başlayaraq iddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ümumiyyətlə dayandırılmışdır. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş 55 nömrəli əmrə əsasən, AR. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, cavabdehdən 2024-cü ilin aprel, may, iyun və iyul ayları üçün toplam 3.364,56 manat əmək haqqı, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc, 61 manat məbləğində mediasiya xərci və 250 manat vəkilin göstərdiyi yardıma görə xərc tutularaq iddiaçıya ödənilməlidir. - İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 517 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə email vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda “TİM Consulting MMC”-nin və "xxxx" MMC-nin təsisçisi və direktorudur. Bu şirkətlərə qarşı bəzi keçmiş əməkdaşlar tərəfindən qaldırılmış iddialar (əmək haqqı) üzrə iclaslar təyin olunmuşdur. Lakin, sağlamlıq problemləri (dizindən sinir cərrahiyəsi) səbəbindən proseslərə qatıla bilməmişdir. Hər zaman hər bir prosesdən 1-2 gün əvvəl email (mailto:contact@khataicourt.gov.azElektron ünvan ) vaistəsi ilə məhkəmə barədə xəbərdar edilib...artıq 25 ildir, ölkəmizdə İT sahəsində çalışır....2019-cu ildə Cavabdeh MMC şirkətini təsis etmişdir...2023-cü ilin ortalarında başlayaraq müxtəlif tenderlərə qatılmağa başlamışdır. Təsəvvürünə gətirmədiyi çətinlikliklər başladı. Elə bir tender prosesi olmadı ki, qanunsuzluq olsun. Bu proseslər zamanı müxtəlif qanunsuzluqlarla üzləşsə də, Dövlət Antiinhisar Xidməti ədaləti bərpa edirdi. 2023-cü ilin sentyabr ayında bu tip işlər maliyyə planlarını pozduğu üçün, öz şəxsi əmlakı olan fərdi yaşayış evini girov qoyaraq, komandanın dağılmaması, əmək haqlarını vaxtında verə bilmək üçün bankdan kredit cəlb etmişdir. 2023-cü ilin sonunda bir neçə iri məbləğli layihələrin qalibi oldu lakin, bəzilərini müxtəlif bəhanlərlə ləğv etdilər, bəzilərini iş görülməsi prosesində maneə yaratdılar. Davam edə bildiklərində isə 2024-cü ilin əvvəlindən başlayaraq avansların ödənişlərində gecikdirilmələr başladı. Bu çətinliklərə baxmayaraq digər şəxsi borclara qatılaraq əməkhaqlarını vermişdir aprel ayına qədər. 2023-cü ilin aprel ayında İqtisadiyyat Nazirliyinin “Azərbaycan Respublikasının Ərzaq X1 Qurulması” üzrə avans gəldi. Düşündü ki, düzəlməyə doğru gedir. Hətta 2024 mart ayında şirkət üzrə bütün əməkdaşların əmək haqlarının 30-60% artırılması üçün əmr verdi. Ən çətin zamanda belə komandanı düşünmüşdür.....O, şirkət rəhbəri olaraq, əmək haqlarının bir hissəsini, ofis icarəsini, hətta evinin girov qoyulmuş olduğu və şirkətə həsr etdiyimi krediti artıq ödəyə bilməməyə başladı....Bəzi əməkdaşlar ayrıldı və ərizə ilə qarşılıqlı razılaşdılar ki, ödənişi filan tarixdə etməyə çalışacaqlar. Artıq 2024-cü ilin iyun ayı idi, layihələri təhvil vermək istəyirdi, amma proses uzadılırdı. Yerdə qalan komanda üzvləri artıq 2 ay idi maaş ala bilməmişdilər. Bu proses artıq digər layihələrin statusuna da təsir edirdi. Hansı ki, özəl müəssisələrdən (məs: Bakı Avrasiya Universiteti) idi və ödənişini zamanında etmişdi. Lakin artıq gecikmə başlamışdı. Buna baxmayaraq, Bakı Avrasiya Universitetinin rəhbərliyindən xahiş etdi ki, bir qədər də ödəniş verilsin…Aldığı məbləği əməkdaşlar aralarında 100 AZN bir, 200 AZN bir payladı ki, heç olmasa yol pulları və s. xərclərini qarşılasınlar. Amma əsl fəlakət bundan sonra başladı. 2 gün sonra gəldi ki, ofisi icarədar tərəfindən bağlanıb və bütün işçi əşyalar da içindədir. Ödəniş edə bilmədiyi üçün evdən işləmə moduna keçdi. Amma daha ciddi problem var idi: çox əməkdaşın kompüteri olmadığı üçün və ya çox zəif parametrli olduğu üçün işlər getmədi. Ardınca, şəxsi maşınını satdı. Ofisin borcunu bağlayıb oradan ayrıldı və ev rejimində çalışmağa başladı. Evini girov qoyduğum banka rəsmi müraciət yazdı ki, ödəniş edə bilmir, məhkəməyə verilsin, evi satılsın və qalan məbləği qaytarılsın. ….. Amma ən pis vaxtda evini girova qoydu, maşınını satdı ki, əmək haqlar olsun, hətta əmək haqqını qaldırdı. İndi isə bu münasibətlə qarşılaşır…O, verilmiş iddiaların ümumi məğzi (yəni əmək haqqı və son haqq hesab və s.) ilə razıdır. İddialardakı rəqəmlərlə tanış deyil. Bunlara ayrıca baxılacaq. Xahiş edir ki, iddiaçı şəxslərə təklifimi səsləndirilsin və aylıq 30 AZN civarında qrafik ilə ödəniş etsin. Əks halda iri məbləğli qərar çıxardısa, sabah xırda ödənişlər olduqda ondan tutulsa - onlar ayaq üstə qalıb digər layihələr götürə bilməyəcəklər və layihə yoxdursa həmin şəxlərə də ödəniş oluna bilməyəcək.... Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. O, əsas iş yeri üzrə “DevOps üzrə kiçik mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 898,29 manat təşkil edir. Əmək müqaviləsi müddətlidir. Müddət xx.xx.2023 – xx.xx.2024-cü il dövrünü əhatə edir. Əsas məzuniyyət müddəti – 21 gün. - əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmişdir. Əmək haqqı 669,71 manat təşkil edir. - əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmişdir. Əmək haqqı 898,29 manatdır. - əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilmişdir. Əmək haqqı 841,14 manatdır. Əmək müqaviləsi müddətlidir. Müddət xx.xx.2023 – xx.xx.2024-cü il dövrünü əhatə edir. - İddiaçı məxsus "xxxx" ASC-nin xx.xx.2023-xx.xx.2024-cü il dövrü üçün bank hesabından çıxarışın surətindən görünür ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində hər dəfə 600 manat olmaqla əmək haqqı ödənilmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə «X3» MMC-də “müştəri xidmətləri təmsilçisi (operator)” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" Telecom MMC-də “proqram təminatı üzrə təcrübəçi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də “DevOps üzrə kiçik mühəndis” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. - İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin elektron ödəniş sisteminin qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə “Ədalət” vəkil bürosuna 250 manat ödəniş edilmişdir. - İlkin mediasiya sessiyasında (İMS) işirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı sessiyada iştirak etmiş, Cavabdeh MMC iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. 10 manat kargüzarlıq xərci təşkil etmişdir. İşdən göründüyü kimi iddiaçı 2024-cü ilin aprel, may, iyun, iyul ayları üçün əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, həmin məbləğlərin ödənilməsinədək gecikdirilmiş vaxt üçün gündəlik 1% həcmində ödəniş və çəkdiyi məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 85.1-ci maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunu aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, uçot kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. 85.1.-1-ci maddəsinə görə elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir. 85.3-ci maddəsinə görə bu maddənin 1-ci və 2-ci hissələrində göstərilən sənədlərin uçotu istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. 83.4-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 102.1-ci maddəsinə görə işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdən görünür ki, tərəflərin arasında xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanılmaqla, iddiaçı cavabdeh təşkilatda “Devops üzrə kiçik mühəndis” vəzifəsinə işə götürülmüşdür. İlkin olaraq xx.xx.2023-cü il tarixdə aylıq əmək haqqı 898,29 manat göstərilmiş, daha sonra xx.xx.2023-cü il tarixdən əmək haqqı 669,71 manat olaraq razılaşdırılmışdır. İddiaçı cavabdeh təşkilatda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləmişdir, xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Maaş köçürülən bank kartı çıxarışından görünür ki, xx.xx.2023-xx.xx.2024-cü il dövründə xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində hər dəfə 600 manat əmək haqqı ödənilmişdir. Bununla da görünür ki, işçinin işə düzəldiyi 01 noyabr 2023-cü il tarixdən etibarən ona 5 dəfə maaş köçürülmüşdür. Bu maaş 2023-cü ilin noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart ayları üçün olan ödənişlərdir. Buna görə də iddiaçı 2024-cü ilin aprel, may, iyun ayları üçün və 2024-cü ilin iyul ayında işlədiyi 28 gün üçün əmək haqqını tələb etməkdə haqlıdır. İşdən görünür ki, iddiaçının əmək haqqı dəyişmişdir. İşə qəbul olduğu ay (2023-cü ilin 2 noyabr tarixi) vaxt əmək haqqı 898,29 manat, xx.xx.2023-cü il tarixdən isə 669,71 manat olaraq qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdən əmək haqqı 841,14 manat olmuşdur. Məhkəmə qeyd edir ki, 2023-cü ilin noyabr ayı üçün əmək haqqı dəyişdirildiyindən, həmin ayın orta əmək haqqı məbləği hesaba alınmalıdır. (898,29+669,71)/2=783,19 manat İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablanması üçün işçinin 1 günlük əmək haqqı 24,61 manat təşkil edir. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək (əmək haqqı dəyişilənədək) 2023-cü ilin noyabr ayı istisna olmaqla, hər ayın əmək haqqı məbləği 669,71 manat olmuşdur. 2023-cü ilin noyabr ayı üçün bu məbləğ 783,19 manatdır. 2023-cü ilin noyabr ayı – 783,19 manat, 2023-cü ilin dekabr ayı, 2024-cü ilin yanvar, fevral və mart ayları – hər ay 669,71 manat olmaqla, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək (tam işlədiyi 8 ay üzrə) 2024-cü ilin aprel, may, iyun ayları üçün hər ay 841,14 manat əmək haqqı hesablanmaqla, bu rəqəmlərin cəmi iddiaçının tam ay olaraq işlədiyi 8 aya bölünməli və həmin rəqəm 30,4 bölünərək 1 gün üçün 24,61 manat təşkil edən üçün günlük əmək haqqı müəyyən edilməlidir. (5.985,45)/8=748,18; 748,18:30,4= 24,61). İşçinin məzuniyyət hüququ yaranmasına baxmarayaraq, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi verilmədiyindən, 1 gün üçün əmək haqqı 24,61 manat məbləği 21-ə hasil olunaraq, 516,8 manat İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əmək haqqı ödənilməmiş 2024-cü ilin aprel, may, iyun ayları üçün hər ayda 841,14 manat və iyul ayındakı 28 gün üçün - 742,7 manat olmaqla, cəmi 3.266,12 manat əmək haqqı ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunan ödənişlər gecikdirildiyindən, hər gecikdirilmiş gün üçün 1% ödənişin ödənilməsi barədə iddia tələbləri də əsaslı sayılaraq, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1733/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-də tutduğu vəzifə, aylıq əmək haqqının məbləği, məzuniyyətlə bağlı ödənişlər, məzuniyyət müddətləri, istifadə edilməmiş məzuniyyət haqqı, əmək müqaviləsi, əmrləri və həmin müəssisədə işlədiyi müddət ərzində ona ödənilmiş əmək haqqı, son haqq-hesab barədə məlumatlar və onları təsdiq edən sənədlərin rəsmi qaydada təsdiq edilmiş surətlərinin Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilməsi cavabdeh müəssisəyə tapşırılsa da, cavabdeh təşkilat məlumatları təqdim etməmişdir. Buna görə də hesabatlar işdə olan sənədlər üzrə aparılmışdır. Bununla da, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunaraq 3.266,12 manat ödənilməmiş əmək haqqı məbləği, 516,80 manat istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olmaqla, cəmi 3.782,92 manat pul məbləği və həmin məbləğin ödənilməsi gününədək gündəlik 1 (bir) faiz dərəcə ilə ödənc hesablanaraq, Cavabdeh MMC -dən tutulub İddiaçı ödənilməsi hissəsi təmin edilməlidir. 50 manat mediasiya xərci, 200 manat hüquqi yardıma görə çəkilmiş xərc olmaqla, 250 manat məhkəmə xərci Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 57,83 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının tutulması, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilsin. 3.266,12 (üç min iki yüz altmış altı manat on iki qəpik) manat ödənilməmiş əmək haqqı məbləği, 516,80 (beş yüz on altı manat səksən qəpik) manat istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olmaqla, cəmi 3.782,92 (üç min yeddi yüz səksən iki manat doxsan iki qəpik) manat pul məbləği və həmin məbləğin ödənilməsi gününədək gecikdirilmiş müddət üçün gündəlik 1 (bir) faiz dərəcə ilə ödənc hesablanaraq, Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilsin. 50 (əlli) manat mediasiya xərci, 200 (iki yüz) manat hüquqi yardıma görə çəkilmiş xərc olmaqla, 250 (iki yüz əlli) manat məhkəmə xərci Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilsin. 57,83 (əlli yeddi manat səksən üç qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar