Məhkəmə qərarları › İş №e-2(011)-1741/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1741/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1741/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə ilkin iddiasına, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 dekabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh evlənərək nikahlarını 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 01 sentyabr 2022-ci il tarixli, 60 saylı aktla rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından 10 dekabr 2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər evləndikdən sonra əvvəllər mehriban olsalar da son bir neçə aydır ki, ailə münasibətləri pozulmuşdur. Buna sabəb isə Piranın ailə üzvlərinin yersiz müdaxilələri olmuşdur. Belə ki, iddiaçının qaynatası X4 oğlu Cavabdeh hərbi xidmətdən saxlamaq üçün onu psixi xəstə kimi qeydiyyata aldıraraq hərbi xidmətdən saxlamışdır. Cavabdeh da bunu əsas götürərək iddiaçıya qarşı kobud davranmağa başlamışdır. Cavabdeh, azyaşlı uşağa qulluq edə bilmək üçün iddiaçıya dəstək olmur, onların maddi ehtiyaclarını təmin etmir. Nə də uşağına aliment vermir. Ona görə də rəsmi qaydada Cavabdeh təklif edib ondan 10 dekabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment ödəməyini və təklifinə 10 gün ərzində rəsmi qaydada münasibət bildirməsini xahiş etmişdir. Cavabdeh ona göndərilən təklifə rəsmi qaydada cavab vermədiyindən iddiaçı məcbur qalaraq Bakı 8 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru X2 20 noyabr 2023-cü il tarixdə ilkin mediasiya sesiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayış vermişdir. Ona görə də uşağın maddi təminatının təmin olunması üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə İddiaçı arasında 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 09 yanvar 2022-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeydə alınmış nikahın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh İddiaçı ilə 09 yanvar 2022-ci il tarixdə 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahdan 10 dekabr 2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. İlk əvvəllər tərəflərin ailə münasibətləri normal olmuş, lakin son zamanlar münasibətləri korlanmışdır. Tərəflər hal-hazırda ayrı yaşayırlar. Nikah formal xarakter daşıyır. Bu səbəbdən də aralarında olan nikahın pozulmasında fikri qətidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişlər. Onlar verdiyi izahatda qarşılıqlı iddia tələbini də qəbul etdiklərini bildirmişlər. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qismən qəbul edərək, qarşılıqlı iddia tələbini də müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. O, verdiyi izahatda bildirmişdir ki, müdafiə etdiyi şəxs uşağın anasının yanında qalmasına və hər ay 150 manat aliment ödəməyə etiraz etmir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, tərəflər 09 yanvar 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 10 dekabr 2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Uşaq hazırda anası İddiaçı yanındadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinin tələbinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə, işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə, nikah pozulur. 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı ər-arvad münasibətləri kəsilmişdir, onlar birgə yaşayıb, birgə təsərrüfat idarə etmirlər. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, onlar arasındakı nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Məhkəmə tərəflərin birgə nikahından anadan olmuş 10 dekabr 2022-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra valideynlərindən hansının yanında qalması məsələsini müzakirə edərkən, İddiaçı iddia tələbini, həmçinin Cavabdeh buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş 10 dekabr 2022-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməlidir. Məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı qətnamə ilə birgə nikahdan doğulmuş uşağın İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir, odur ki, Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 müdafiə etdiyi şəxsin tələb edilən miqdarda aliment ödəmək imkanının olmadığını, onun 2007-ci ildən psixiatr müalicəsində oldğunu, 150 manat pensiya aldığını və heç bir yerdə işləmədiyini qeyd etsə də, hazırda cavabdehin fəaliyyət qabiliyyətinin olmaması, əmək qabiliyyətsiz olması, heç bir yerdə işləməməsi və işsiz kimi qeydiyyata alınmasına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, iddia tələbini, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, ilkin iddianın təmin edilməsini və Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbi ilə 21 dekabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi 21 dekabr 2023-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, ilkin və qarşılıqlı iddialar təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 09 yanvar 2022-ci il tarixdə 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 60 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmalı, nikah pozulduqdan sonra 10 dekabr 2022-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmalı, 10 dekabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 dekabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, məhkəmə hesab edir ki, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddialar təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 09 yanvar 2022-ci il tarixdə 60 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulsun. 10 dekabr 2022-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilsin. 10 dekabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 dekabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar