Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1748/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən tutularaq İddiaçı 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi; İddiaçı istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin Cavabdeh MMCdən tutularaq iddiaçıya verilməsi; İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin Cavabdeh MMC-dən tutularaq iddiaçıya verilməsi, 61 manat məbləğində mediasiya xərcinin və 250 manat vəkilin göstərdiyi yardıma görə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı oğlu (bundan sonra - iddiaçı) əmək müqaviləsinə əsasən işəgötürən Cavabdeh MMC-də (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinə kimi “junior php developer” vəzifəsində çalışmışdır. Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 1012.57 manat olaraq müəyyən edilmişdir. Əmək müqaviləsi bağlandığı tarixdən iddiaçıya cavabdeh tərəfindən yalnız bir dəfə - 2024-cü ilin aprel ayında, əvvəlki mart ayının əmək haqqısı ödənilmişdir. Tərəflər arasında əmək münasibətləri mövcud olsa da, məhz 2024-cü ilin aprel ayından başlayaraq iddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ümumiyyətlə dayandırılmışdır. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş 57 nömrəli əmrə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hesab edirik ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə əsasən, ona ödənilməmiş aylara görə əmək haqqı məbləği, əmək məzuniyyətinə görə pul əvəzi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir. Məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı mediasiya təşkilatına müraciət olunmuş, lakin, 09 dekabr 2024-cü il tarixli arayışa əsasən “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuşdur. Tərəfimizdən eynizamanda 50 (əlli) manat məbləğində mediasiya xərci və 10 (on) manat kargüzarlıq xərci ödənilmişdir. Mübahisənin məhkəmədən kənar mediasiya mərhələsində həll edilməsi üçün cəhd olunsa da, hər hansı bir nəticə verməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “Junior PHP Developer” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqavilə üzrə əmək haqqı məbləği 1012,57 manat müəyyən edilmişdir. Müqavilənin müddəti xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. Cavabdeh MMC-nin 59 nömrəli xx.xx.2024-cü il tarixli əmrinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2 bəndinə əsasən xitam verilmişdir. Cavabdeh MMC tərəfindən işçiyə işlədiyi dövr üzrə cəmi bir dəfə, xx.xx.2024-cü il tarixində əmək haqqı üzrə 900 manat məbləğində ödəniş edilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan və mediasiya xərcinin ödənilməsi ilə bağlı qəbzdən görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmiş, 61 manat məbləğində mediasiya xərci İddiaçı nümayəndəsi Vəkil tərəfindən ödənilmişdir. İddianın hüquqi əsasları: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
Maddə 154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Maddə 172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
1. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 36. Mediasiya xərcləri 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə, yəni xx.xx.2024-cü tarixdən xx.xx.2024-cü tarixinədək, onun aylıq əmək haqqı məbləği 1012,57 manat təşkil etdiyi halda, cəmi bir dəfə xx.xx.2024-cü il tarixində əmək haqqı üzrə 900 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, işəgötürən, yəni hazırkı mülki iş üzrə Cavabdeh MMC işçinin əmək haqqının vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı qanunvericilikdə və tərəflər arasında bağlanmış əmək müqaviləsində müəyyən edilmiş öhdəliyini icra etməmişdir. Nəticədə işçiyə işlədiyi dövrdə mart ayı üzrə əmək haqqı məbləği natamam ödənilmiş, aprel, may, iyun və iyul ayları üzrə isə əmək haqqı ödənilməmişdir. Bununla yanaşı, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən qanunla nəzərdə tutulmuş qaydada son haqq-hesabın ödənilməsinə dair öhdəlik də icra edilməmiş, işçiyə ödənilməli olan əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmişdir. Odur ki, iddiaçı ona ödənilməyən əmək haqqı məbləğinin və istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq, təqsirli olaraq, işçinin əməyinin ödənilməsi vaxtında və tam məbləğdə təmin edilmədiyinə görə, əmək haqqı ödənişinin hər gecikdirilmiş günü üçün iddiaçıya əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi ilə bağlı tələbi də əsaslıdır. Məhkəmə iddianın 61 manat məbləğində mediasiya xərci cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən cavabdeh iddiaçı tərəfindən çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, məhkəmə vəkilin göstərdiyi hüquqi xidmətə görə ödənilmiş 250 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələbə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə aid edilən vəkilin göstərdiyini xidmət haqqı da cavabdehə aid edilməli, 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı məbləği tutularaq ödənilməlidir, İddiaçı istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə pul əvəzi Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməli, Cavabdeh MMC tərəfindən əmək haqqı ödənişinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödənc Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməli, mediasiya xərcinin əvəzi olaraq 61 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 250 manat məbləğində vəsait Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Cavabdeh MMC-dən 2024-cü ilin aprel, may, iyun və iyul ayları üzrə ödənilməmiş əmək haqqı məbləği tutularaq İddiaçı ödənilsin. İddiaçı istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə pul əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC tərəfindən əmək haqqı ödənişinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödənc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 61 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 250 manat məbləğində vəsait Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova