Məhkəmə qərarları › İş №e-2(011)-1752/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1752/2025

13.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1752/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı əmək müqaviləsinə əsasən işəgötürən Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinə kimi “kiçik mühəndis proqramçı” vəzifəsində çalışmışdır. Bu müddət ərzində əmək haqqı məbləği bir neçə dəfə artırılmış, sonuncu dəfə aylıq əmək haqqı 1698.29 (bir min altı yüz doxsan səkkiz manat 29 qəpik) manat olaraq müəyyən edilmişdir. Əmək müqaviləsi bağlandığı tarixdən iddiaçıya cavabdeh tərəfindən 2024-cü ilin aprel ayına qədər əmək haqqı ödənilmişdir. 2024-cü ilin fevral ayının əmək haqqısı mart ayında, mart ayının əmək haqqısı isə aprel ayında ödənilmişdir.

2. Tərəflər arasında əmək münasibətləri mövcud olsa da, məhz 2024-cü ilin aprel ayından başlayaraq iddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ümumiyyətlə dayandırılmışdır. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş 43 nömrəli əmrə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

İddiaçının tələbi:

3. Cavabdeh MMC-dən tutularaq İddiaçı 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi, İddiaçı istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya verilməsi, İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin Cavabdeh MMC-dən tutularaq iddiaçıya verilməsi, 61 (altmış bir) manat məbləğində mediasiya xərcinin və 250 (iki yüz əlli) manat vəkilin göstərdiyi yardıma görə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Məhkəməyə cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil öz izahatında iddia ərizəsini müdafiə etdiyini bildirmiş, Cavabdeh MMC-dən 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə və ödənilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləğinin, həmçinin, mediasiyaya görə 61 manat və hüququi yardıma görə 250 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. xx.xx.2024-cü il tarixli, 43 №-li Əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, Cavabdeh MMC bölməsində “Kiçik mühəndis proqramçı” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, AR-ın ƏM-nin 68.2. “a”-“tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İşçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 58 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir.

8. xx.xx.2020-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı vəzifə maaşı 432 manat məbləğindədir.

9. xx.xx.2023-cü il tarixli, xxxxxxx000106 nömrəli əmək müqaviləsi bildirişinə dəyişikliyə əsasən, İddiaçı vəzifə maaşı 1698,29 manat məbləğindədir.

10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış.

11. Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/6-02215 №-li, xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir.

12. xx.xx.2024-cü il tarixli, **********2 №-li ödəniş qəbzinə əsasən, “Ədalət” Vəkil Bürosuna 250 manat məbləğində pul vəsaiti ödənilmişdir.

13. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

14. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:

24. İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. 26.2. iş yerində və yaxud işlə bağlı ayrı-ayrı işçilərə qarşı yönəldilmiş daimi çirkin və ya xüsusilə mənfi və təhqiredici hərəkətlər barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 114.2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 131.2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. 135.1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 140.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

142. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. 143.1. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

18. 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

20. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı ilə Cavabdeh MMC işəgötürəni arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında, İddiaçı Cavabdeh MMC-də əmək fəaliyyəti ilə məşğul olması (§8) və həmin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində AR-ın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi (§7) işin mübahisəsiz halıdır.

21. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən, İddiaçı son dəfə Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində 1500 manat məbləğində əmək haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixində tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, İddiaçı aprel ayından əmək müqaviləsinə xitam verilən dövrədək əmək haqqı almamışdır.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı aprel ayından əmək müqaviləsinə xitam verilən dövrədək ödənilməmiş əmək haqqı Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

23. İddiaçının digər tələbi isə gecikdirilmiş hər gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin Cavabdeh MMC-dən tutularaq iddiaçıya verilməsi olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, müəyyən olunur ki, əməkhaqqının ödənilməsinin gecikdirilmiş günləri xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər olan dövrü əhatə edir. AR ƏM-nin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. (§15) Qeyd edilənlərə əsasən müəyyən olunur ki, əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan cərimə gecikdirilmiş hər gün üçün əməkhaqqının 1 faizi məbləğində müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, gecikdirilmiş əmək haqqına görə cərimə məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. İddiaçının digər bir tələbi isə İddiaçı istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya verilməsini olmuşdur.

25. Belə ki, AR-ın Əmək Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. (§15)

26. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 43 №-li Əmək müqaviləsinə xitam verilməsi barədə əmrə (§7) əsasən, İddiaçı istifadə edilməmiş 58 məzuniyyət günü olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi həmin hissədə də təmin edilməli, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği Cavabdeh MMC-dən tutularaq iddiaçıya verilməlidir.

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə və ödənilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

29. Məhkəmə qeyd edir ki, 61 manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

30. Məhkəmə qeyd edir ki , iddiaçı tərəfindən hüquqi yardıma çəkilmiş 250 manat xərc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh MMC-dən 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə və ödənilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği tutularaq İddiaçı ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 61 (altmış bir) manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin.

4. İddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 250 (iki yüz əlli) manat xərc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin.

5. Ödənilməmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar