Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-182/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra - iddiaçı) və onun vəkili və nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının Cavabdeh (bundan sonra – cavabdeh) və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçının cavabdehə qarşı “aliment” tələbi barədə ilkin iddiasına, cavabdehin iddiaçıya qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 334 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayırlar.
2. İkin və qarşılıqlı iddia ərizəslərinin dəlilləri:
a) İlkin iddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehdən onunla birgə nikahdan doğulmuş 23 iyun 2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 750 manat olmaqla, iki uşağa görə 1500 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək doğulmuş 23 iyun 2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 1000 manat olmaqla, iki uşağa görə 2000 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
5. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdehlə nikaha daxil olmuş onunla birgə nikahdan iki övladları doğulmuşdur. Caavbdehlə nikah münasibətləri faktiki olaraq pozulmuşdur, uşaqlar hazırda onun yanında qalırlar, onların qayğısına qalır, bütün tələbatlarını o ödəyir. Cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. Halbuki o, fərdi sahibkarlıq fəaliyyət ilə məşğul olmaqla yüksək qazanca malikdir, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, VÖEN-ə malikdir, habelə "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisidir, həm də təsisçisidir. İki kiçik həcmli gəminin sahibidir, balıq ovu ilə məşğul olur. Xarici model maşın istifadəsindədir, yəni bütün bu hallar göstərir ki, cavabdeh fərdi sahibkar kimi yüksək qazanca malik olan şəxsdir, nikah münasibətlərinin mövcud olduğu dövrdə hər ay uşaqlarına ən azı 2000 manat pul xərclənirdi. b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:
6. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış nikahın pozulması barədə qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, ailə həyatının ilk illərində münasibətləri normal olmuş, lakin müəyyən vaxt keçdikdən sonra münasibətləri gərginləşməyə başlamışdır. Hal-hazırda o, cavabdehdən ayrı yaşayır. Bundan sonra onların ailə münasibətlərinin bərpası qeyri-mümkündür. Aliment tutulması ilə bağlı iddia tələbini qəbul etmir. İlkin iddia tələbində hər ay bir uşağa görə 1000 manat olmaqla iki uşağa görə 2000 manat sabit pul məbləğində alimentin tutulması xahiş olunur. İddia ərizəsində aylıq gəlirinin 3000 manatdan çox olduğu qeyd edilsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçı məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
10. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ilkin iddia tələbinin təmin edilməsini, uşaqların iddiaçının himayəsində saxlanılmasını xahiş etdi.
11. Cavabdeh məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, uşaqların ananın himayəsində qalmasına etiraz etmədiyini, lakin ilkin iddia tələbini alimentin miqdarı hissəsində qəbul etmədiyini, ilkin iddia ərizəsində qeyd olunan alimenti ödəməyə maddi imkanının çatmadığını bildirdi.
12. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələb olunan alimentin miqdarı ilə razı deyil.
13. Məhkəmə iclasında fikri dinlənilən X3 bildirdi ki, hal-hazırda orta məktəbdə təhsil alır, anası və bacısı ilə birlikdə yaşayır, anası ilə atasını nikahı pozulacağı təqdirdə anasının yanında qalmaq istəyir.
14. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
16. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur.
17. Maddə 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir.
18. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
19. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
20. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
24. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.
İşə baxan məhkəmənin mövqeyi:
29. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə tam təmin təmin edilməlidir.
30. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Onlar ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq nikah münasibətləri faktiki olaraq pozulmuş və hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Bu halda, hər hansı əhəmiyyətə malik olmayan, qarşılıqlı hörmət və məhəbbət münasibətlərinə əsaslanmayan, formal olaraq mövcud olan tərəflərin nikahlarının davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur.
31. Məhkəmə qeyd edir ki, iddia həm də ona görə təmin edilməlidir ki, tərəflərə barışmaları üçün 3 ay vaxt təyin edilmiş, lakin onlar bu müddət ərzində də barışmamışlar. Hazırda isə cavabdeh nikahın pozulmasını təkid etdiyi kimi iddiaçı da nikahın pozulmasına etiraz etmir.
32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan tərəflər arasında olan nikah pozulmalıdır.
33. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında qalmalıdırlar.
34. Məhkəmə qeyd edir ki, valideynlər ayrı yaşadıqları halda uşaqların yaşayış yerinin müəyyən edilməsinin qanunvericilikdə iki qaydası nəzərədə tutulmuşdur: birincisi, valideynlərin razılığı ilə onlardan birinin yanında qalmaqla; ikincisi, məhkəmə qərarına əsasən uşaqların valideynlərdən birinin yanında saxlanılması ilə. İkinci hal, bir qayda olaraq uşaqların yaşayış yeri ilə bağlı valideynlər arasında razılıq olmadıqda mümkündür. Bu zaman məhkəmə uşaqların hüquq və məafelərini, uşaqlarla valideynləri, digər qardaşbacıları ilə bağlılığını, onların rəyini, habelə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyi əsasında uşaqların yaşayış yerini müəyyən edilməsi barədə qərar qəbul edir.
35. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri barədə əvvəllər razılıq olmadığından valideynlərin həyat şəraitinin müəyyən olunması məqsədilə məhkəmənin qərarı əsasında iş Xətai RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiyanın xx.xx.2023-cü il tarixli rəyi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 analarının (iddiaçının) yanında saxlanılması mümkün hesab edilmişdir. Komissiya bu nəticəyə gələrkən iddiaçının həyat şəraiti öyrənilmiş və müəyyən etmişdir ki, iddiaçı yetkinlik yaşına çatmayan 2 övladı ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, tam kommunal şəraitli, təmirli və yaşayış üçün lazım olan məişət əşyaları ilə təchiz edilmiş, fərdi yaşayış evində yaşayır.
36. Həmçinin, məhkəmə iclasında fikri dinlənilən yetkinlik yaşına çatmayan Eleonora Əlişova valideynlərinin nikahları pozulacağı halda anasının yanında qalmaq istədiyini bildirmişdir.
37. Habelə birgə nikahdan doğulmuş uşaqlar Xətai RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasında fikirlərini bildirərək validenlərinin nikahı pozulduqdan sonra analarnın yanında qalmaq istədiklərini bildirmişlər.
38. Cavabdeh də sonrakı məhkəmə iclası zamanı verdiyi izahatında tərəflərin birgə nikahlarından doğulmuş uşaqların anasının himayəsində saxlanılmasına etiraz etmədiyini bildirmişdir.
39. Şərh edilən hallara və adı çəkilən maddi hüquq normalarına əsasən məhkəmə belə qənatə gəlir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında saxlanılmalıdırlar. Məhkəmə bu qənaətə gələrkən uşaqların yetkinlik yaşına çatmadıqlarından ana qayğısına daha çox ehtiyaclarının olduğunu, hazırda da iddiaçı ilə birlikdə yaşadıqlarını, uşaqların da nikah pozulacağı təqdirdə anaları ilə birlikdə qalmaq istədiklərini (Xətai RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasında verdikləri ərizələri ilə), cavabdehin də uşaqların analarının himayəsində qalmalarına etiraz etmədiyini, eyni zamanda uşaqların hüquq və mənafelərini nəzərə alınaraq hesab edir ki, hazırkı faktiki vəziyyətə uyğun olaraq tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqlar anasının (iddiaçının) yanında qalmalıdırlar.
40. Məhkəmə, hesab edir ki, ilkin iddia alimentin tutulması hissəsində qismən təmin edilməlidir.
41. Valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıması (AM-nin 58.2-ci maddəsi), habelə uşaqlarına görə aliment ödəməklə onları saxlamaq vəzifəsi (AM-nin 75.1-ci maddəsi) qanunda imperativ qaydada müəyyən edilmişdir.
42. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasının 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-cavabdehin rəsmi iş yeri olmadığından və alimentin sabit pul məbləğində tutulması tələbi olduğundan ikinci qayda tətbiq ediləcəkdir.
43. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
44. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə ("xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi) məşğul olmuşdur. Eyni zamanda, AR FHN Gəmilərə Nəzarət və X5 Xidmətinin iddiaçının vəkilinin sorğusuna verdiyi cavabından görünür ki, cavabdehə məxsus 2 ədəd mühərriklə təchiz edilmiş taxta qayıq vardır. Habelə, iş materiallarına əlavə edilmiş 2018-2022-ci illərdə balıq və digər su bioresusrslarının ovuna ayrılmış ümumi kvota və verilmiş balıqovlama biletləri barədə məlumtlardan görünür ki, balıq ovu üçün cavabdehə 2018-ci il üzrə 1,1 ton, 2019-cu il üzrə 2,8 ton, 2020-ci il üzrə 1,3 ton, 2021-ci il üzrə 0,9 ton və 2022-ci il üzrə 0,6 ton kvota ayrılmışdır.
45. Bu qeyd edilənlər onu deməyə əsas verir ki, tərəflər birgə nikahda olduqları müddətdə uşaqlarının maddi təminatları yüksək olmuşdur. Ailə Məcəlləsinin 78.2-ci maddəsi də tələb edir ki, sabit pul məbləğində aliment tutularkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallarla bərabər, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması da nəzərə alınmalıdır.
46. İddiaçı hal-hazırda işləmədiyini, buna görə də, tələb edilən məbləğdə alimenti ödəməyə maddi imkanının olmadığını bildirsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Məhkəmənin 16(011)-230/2022 saylı iş üzrə qəbul etdiyi müvəqqəti təminat tədbiri barədə qərardadla müəyyən edilmiş, ümumilikdə 800 manat alimenti hər ay ödəmişdir. Cavabdeh həmin iş üzrə çıxarlmış qərar üzrə alimenti yaxın qohumlarının (qardaşı və anasının pensiyası hesabına) maddi dəstəyi ilə ödədiyini bildirdisə də, məhkəmə onun bu dəlilini inandığırıcı hesab etmir, həmçinin bununla bağlı o, məhkəməyə heç bir sübut da təqdim etməyib.
47. Lakin məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması qənaətinə gəlsə də, hesab edir ki, indiki halda iddiaçıdan hər ay hər uşaq üçün 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində alimentin tutulması onu həddən artıq ağır maddi vəziyyətə sala bilər. İddiaçı da həmin məbləğdə alimentin tutulmasına əsas olan sübutları məhkəməyə təqdim edə bilməmişdir.
48. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də, iddiaçının da Bakı Baş Səhiyyə Mərkəzi publik hüquq şəxsində həkim vəzifəsində işlədiyini və 956,50 manat əmək haqqı aldığını nəzərə alır. Ailə Məcəlləsinin 56.1-ci maddəsində də valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələr malik olması təsbit edilmişdir.
49. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti hazırkı mülki iş üzrə qətnamənin qəbul edildiyi gündən, yəni xx.xx.2023cü il tarixdən başlayaraq hesablanmalıdır, belə ki, iddiaçının ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-16/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının xeyrinə cavabdehdən müvvəqqəti aliment tutulmuşdur.
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində 334 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsınlar. 17 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı