Məhkəmə qərarları › İş №e-2(011)-1990/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1990/2023

28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1990/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflərin birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-5292/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və 793 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X1 atası İddiaçı himayəsində saxlanılması qət edilmişdir, cavabdeh uşağın maddi ehtiyaclarının ödənilməsində iştirak etmir, iddiaçı isə uşağı təkbaşına saxlamağa maddi çətinlik çəkir, cavabdeh isə valideyn olaraq uşağın minimum tələbatlarını ödəməyə borcludur, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir, kreditin haradan götürülməsi, nə qədər götürülməsi, onun cavabdeh tərəfindən ödənilməsinə dair sübut yoxdur, cavabdeh pulu gah əlbəəl, gah bankdan götürdüyünü deyir, cavabdeh iddiaçının nömrəsini, evini bilir, uşaqla əlaqə saxlamaq imkanı olmuşdur, aliment ödəmək cavabdehin borcudur. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Oba” marketdə işləyir, 400 manat maaş alır, anası ilə yaşayır, yoldaşına maşın götürülməsi üçün kredit götürmüşdür, ayda 170 manat banka pul ödəyir, 2022-ci il dekabrda iddiaçı ilə nikahı pozulmuş, maşın isə iyulda alınmışdır, kredit ödəyib bitdikdən sonra avtomobil iddiaçının olacaqdır, krediti “Beynəlxalq Bank”dan götürmüşdür, aldığı maaşla bunları ödəyə bilmir, iddiaçı həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, kreditə görə hər ay maaşından pul çıxılır, avtomobil satan şəxsin adınadır, lakin iddiaçı istifadə edir, iddiaçının vicdanlı olacağını, ondan aliment istəməyəcəyini düşündüyü üçün kredit barədə məhkəməyə müraciət etməmişdir, aliment ödənilməsinə narazıdır, uşağın onun himayəsində qalmasını istəmişdir, qətnamə ilə atanın himayəsinə verilmişdir, uşaqla görüşmək üçün məktəbə də getmişdir, lakin uşağı ona qarşı doldurmuşdurlar. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı № 481187 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00079 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasında iştirak etmişdir, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5292/2022 saylı qətnamədən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və 793 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X3 atası İddiaçı himayəsində saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) işləyir, əmək haqqı 390 manatdır, tərəflərin adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır, uşaq hazırda atanın – iddiaçının himayəsindədir, onun qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür, cavabdeh uşağın saxlanması xərclərində iştirak etmir, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir, əmək haqqı 390 manatdır, tərəflərin adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən aliment tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, alimentin tutulması uşağın saxlanması və zəruri yaşayış məqsədlərinə xidmət etdiyindən, uşağın mənafeyinin müdafiəsi zəruriliyi baxımdan ən azı onun əvvəlki yaşayış səviyyəsi saxlanmalı və bu zaman 2023-cü il üzrə uşaqlar üçün qanunvericiliklə müəyyən olunmuş yaşayış minimumu gözlənilməlidir. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, bu zaman hər iki valideynin “uşağını saxlamaq” vəzifəsinin olması, uşaq üçün qanunvericiliklə müəyyən olunmuş 220 manat yaşayış minimumu təminatı, cavabdehin aylıq əmək haqqı, qanunvericiliklə 1 uşağa görə valideynin qazancından tutulmalı olan məbləğ həddi (390 manat ¼ hissəsi – 97,5 manat), onun maddi və əmlak vəziyyəti, nəzərə alınmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay cəmi 110 manat aliment tutulmalıdır. Alimentin sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, alimentin tutulma müddəti də iddia ərizəsinin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir...Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı aliment alınması barədə iddia üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 1000 manatdan artıq (110 x 12 ay = 1320 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 33,20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarda dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 33 (otuz üç) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar