Məhkəmə qərarları › İş №e-2(011)-2010/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2010/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2010/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakıları ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Cavabdehin işçisi X11 vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti və öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsi nəticəsində X4 dəm qazından zəhərlənərək ölmüşdür.

2. Belə ki, İlkin Rzayev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Səbail X17 4 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustası vəzifəsində işləyərkən, həmçinin xidmət rəisinin əmək funksiyalarını müvəqqəti icra edərkən, işə laqeyid münasibəti və öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, “ünvan 1 ünvanda su-qaz qızdırıcıları quraşdırılmış hamam otağına havanın daxil olması üçün dəliklərin kifayət qədər olmaması aşkar edib, müvafiq tədbirlər görmədiyinə görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərini pozub, səhlənkarlıq etmiş və nəticədə həmin ünvanda yaşayan X4 xx.xx.2011-ci il tarixdə su qızdırıcısının qazla işlənməsi prosesindən əmələ gəlmiş dəm qazından zəhərlənərək ehtiyatsızlıqdan ölmüşdür.

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh işçisi X13 Səbail Rayon Məhkəməsinin 1(009)-155/2011 nömrəli 13 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti müəyyən edilməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Hökm xx.xx.2011-ci il tarixdə qanuni qüvvəsini almışdır.

4. Baş verən hadisənin unudulması mümkün olmaması səbəbindən iddiaçının keçirdiyi iztirabları ömür boyu davam edəcəkdir. Hazırkı işdə mənəvi zərərə görə tutulacaq təzminat məbləğini qiymətləndirərkən, mülki hüquq pozuntusunun 28 yaşı tamam olmamış şəxsin ölümü kimi mühüm itki ilə nəticələnməsini və bu hadisənin iddiaçıya sarsıdıcı təsirini, keçirdiyi əzab, ruhi sarsıntı və iztirabların davam etməsi nəzərə alınmalıdır.

İddiaçının tələbi:

5. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30.000 (otuz min) manat məbləğində pulun və ödənilmiş 180 manat ödənilmiş mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdehin nümayəndəsi X5 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş materiallarına vəkilin səlahiyyətlərini təsdiq edən order əlavə edilməmiş və onun İddiaçı Məhərrəm qızının vəkili olması müəyyən edilməmişdir. İddia ərizəsini imzalayan vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilməmiş olduğundan onun tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin və mülki iş materiallarının iddiaçı tərəfə geri qaytarılması xahiş edilmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, İlkin Rzayev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Səbail X17 4 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustası vəzifəsində işləyərkən, həmçinin xidmət rəisinin əmək funksiyalarını müvəqqəti icra edərkən, işə laqeyid münasibəti və öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, “ünvan 1 ünvanda su-qaz qızdırıcıları quraşdırılmış hamam otağına havanın daxil olması üçün dəliklərin kifayət qədər olmaması aşkar edib, müvafiq tədbirlər görmədiyinə görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərini pozub, səhlənkarlıq etmiş və nəticədə həmin ünvanda yaşayan X4 xx.xx.2011-ci il tarixdə su qızdırıcısının qazla işlənməsi prosesindən əmələ gəlmiş dəm qazından zəhərlənərək ehtiyatsızlıqdan ölmüşdür. Baş vermiş hadisə ilə bağlı X19 Rayon Məhkəməsinin 1(009)-155/2011 nömrəli 13 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti müəyyən edilməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Həmin məhkəmə hökmü preyudisial əhəmiyyətli faktdır və İlkin Rzayevin təqsirini sübuta yetirir. İddiaçı oğlunun ölümündən sonra mənəvi sarsıntı, əzab-əziyyət çəkmiş və buna görə də hazırda mənəvi zərər tələb etməkdədir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 öz izahatında bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı X19 Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinmiş və cəzalandırılmışdır. Yəni, baş vermiş hadisə İlkin Rzayevin hərəkətləri nəticəsində baş vermişdir. Buna görə də mənəvi zərər Cavabdehndən yox, İlkin Rzayevdən tələb edilməlidir. Həmçinin hadisə baş verən və hökm qəbul edilən zaman iddiaçının heç bir mülki iddiası olmamışdır. Cavabdeh hər bir işçisini tam məlumatlandırır və buna görə də onların təqsirli hərəkətlərindən yaranmış hadisələrdən heç bir məsuliyyət daşımamalıdır. Həmçinin ölümlərdən ən alisi şəhidlikdir və Azərbaycan Respublikasının Prezidenti şəhid olmuş şəxslərin ailələrinə onların ölümü ilə bağlı on bir min manatlıq birdəfəlik ödəmə nəzərdə tutmuşdur. Buna görə də sıradan bir ölüm hadisəsi üçün otuz min manat mənəvi zərər istənməsi çoxdur. Mənəvi zərərin məbləği on bir min manatı keçməməlidir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. 22 dekabr 2023-cü il tarixli, 2217/12 №-li arayışa əsasən, 07 fevral 2011-ci il tarixində Bakı şəhərində X4 ölmüşdür. Ölüm haqqında 04 may 2011-ci ildə 204 №-li akt qeydi tərtib olunmuşdur. Ölüm səbəbi dəm qazı ilə kəskin zəhərlənmədir.

10. 22 dekabr 2023-cü il tarixli, 2218/12 №-li arayışa əsasən, X4 xx.xx.1983-cü il tarixində Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonunda anadan olmuşdur. X1, anası İddiaçıdır.

11. Azərbaycan Respublikası Səbail Rayon Məhkəməsinin 1(009)-155/2011 nömrəli 13 iyun 2011-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İ.Rzayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti müəyyən edilməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, X11 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, X8 davranışı üzərində nəzarətin Yasamal rayon İcra Şöbəsinə həvalə edilməsi və X7 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Konstitusiyası:

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı

16. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı.

17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.

18. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il Qərarı.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

20. Belə ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisinin iddiaçının oğlunun ölümündə təqsirli olubolmaması, habelə cavabdehin öz işçisi X8 hərəkətlərinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün müəyyən şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması.

21. Mülki iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli 1(009)-155/2011 saylı hökmünə əsasən, X11 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İ.Rzayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti müəyyən edilməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi hökm edilmiş və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hökmə əsasən, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmün mətnində qeyd edilmişdir ki, X11 vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti və xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur.

22. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının oğlunun ölümünə cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir.

23. Mülki hüquq pozuntusu törətmiş X8 hərəkətinə görə cavabdehin məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə MM-in 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur (§13). X8 Cavabdeh İB-nin əməkdaşı olması işin mübahisəsiz halıdır. O ki qaldı deliktin X8 əmək vəzifələrinin icrası zamanı törtməsinə, bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və X10 qarşı ittiham onların əmək funksiyalarının pozulmasına görə verilmişdir. MM-in 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir.

24. Beləliklə, məhkəmə MPM-in 82.4-cü maddəsinə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğundan və qeyd edilən hökmə əsasən, cavabdehin işçisinin təqsirli olması və cinayət hadisəsi ilə birbaşa əlaqəsi öz təsdiqini tapdığından cavabdeh X2 iddiaçı qarşısında öhdəlik daşıması preyudisial əhəmiyyətli faktdır. Cavabdehin işçisi X8 törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.

25. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

26. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının oğlu ölmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

27. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər.

28. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının oğlunun ölməsi nəticəsində iddiaçının ağrı-acı keçirməsi, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, Şəxsin yaxınlarının, o cümlədən, ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

30. İddiaçı mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İşin hallarından da məlum olur ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən öz oğlunu itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.

31. Lakin nəzərə alınmalıdır ki, bəxbəxt hadisə baş verməmişdən əvvəl ailə üzvləri, o cümlədən mərhum hamam otağında su qızdırıcısında qaz sızmasının olduğunu bilmiş, lakin lazımi həssaslıqda məsələyə yanaşmamışlar. (§11) Məhkəmə istintaqı zamanı iddiaçı verdiyi ifadəsində təqsirləndirilən şəxs X10 qarşı heç bir mülki iddia və şikayətinin olmadığını qeyd etmişdir. (§11)

32. Həmçinin, təqsirkar şəxsin bu əməlləri hansısa qəsdə dayanmamış, səhlənkarlıq və ehtiyatsızlıq səbəbindən baş vermişdir və bu hal özünü həmin şəxslə bağlı aparılan cinayət işinin gedişatında da tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı məbləğin miqdarı müəyyən edilərkən qeyd edilən hallar mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq qiymətləndirilməlidir.

34. Məhkəmə bədbəxt hadisənin xx.xx.2011-ci il tarixində baş verməsini və üzərindən uzun müddət keçməsini, yuxarıda qeyd edilən halları və cavabdehin mənafeləri baxımından onun üzərinə həddindən artıq böyük məbləğdə öhdəliyin qoyulmasını ədalətli yanaşma hesab etmir.

35. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri oğlunun ölümünə görə tələb edir. İddiaçı baş vermiş hadisədən sonra psixoloji gərginlik, əzab, ruhi sarsıntı və iztirablar keçirmiş, bütün bu olanlar iddiaçıya sarsıdıcı təsir göstərmişdir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının oğlunun ölümünü, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 30.000 (otuz min) manat deyil, 15.000 (on beş min) manat pulun tutulmasını mütənasib hesab edir.

36. Beləliklə, məhkəmə obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlara dayanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və Cavabdehndən 15.000 (on beş min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 135 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdehndən 15.000 (on beş min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun.

3. Cavabdehndən dövlət rüsumunun əvəzi 135 (yüz otuz beş) manat tutularaq İddiaçı ödənilsin.

4. İddia tələbi qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar