Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2012/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən övladı Əlizamin Rzayevin vəfatı ilə bağlı mənəvi ziyana görə 50000 manat məbləğində kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq öz xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının oğlu Əlizamin Rzayev 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almış, 2007-2008-ci illər ərzində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur, 2008-ci ildə isə o, prokurorluq orqanlarına işə qəbul olunaraq, həmin dövrdən Tərtər Hərbi Prokurorluğunda stajor müstəntiq və müstəntiq vəzifələrində işləmişdir, Tərtər rayonunda işlədiyi ilk dövrlərdə Əlizamin iş yoldaşları ilə, hadisə baş verməmişdən əvvəl təxminən son bir ildə isə Fərəc adlı digər iş yoldaşı ilə birlikdə Tərtər şəhərində kirayədə yaşamışdır, 01 oktyabr 2010-cu ildə tarixdə səhər saatlarında iddiaçı qonşuluqda yaşayan Türbətəlinin evindən ağlamaq səsi eşidərək dərhal onlara getmiş, orada ona Əlizaminin avto-qəzaya düşdüyünü bildirsələr də, bir qədər sonra öyrənmişdir ki, Əlizamin avto-qəzada deyil, Tərtər rayonunda kirayə yaşadığı evdə hamamda çimərkən vəfat edib, həmin vaxt Əlizamin Rzayevin ölümü ilə əlaqədar obyektiv araşdırma aparılmasını təmin etməkdən ötrü ərizə ilə müxtəlif dövlət orqanlarına müraciət etmişdir, iddiaçı oğlunun meyiti Masallı rayonuna gətirildikdən sonra onu görmüşdür, o iddiaçının yeganə oğlu olmuşdur, işləməklə iddiaçını dolandırmışdır, oğlunun toyunu görmək istəyidi, lakin səlahiyyətli orqanların məsuliyyətsizliyi nəticəsində oğlu faciəvi surətdə vəfat etmişdir, araşdırmadan sonra məlum oldu ki, Cavabdeh əməkdaşı X2 Qaz İstismar sahəsində rəis vəzifəsini icra etməklə eyni zamanda həmin sahənin ustası kimi vəzifəli şəxs olaraq vəzifə təlimatına və borcuna əsasən rəhbərlik etdiyi sahə üzrə xidmətlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə abonentlərə məxsus qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işlərinin aparılmasına, təbii qazdan istifadə edən əhalinin yaşayış yerlərində qaz cihazları və avadanlıqlarının sazlığına, xidmət ərazisində əhalinin istifadəsində olan qaz cihazlarının «Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının» tələblərinə uyğun olmasına, qaz avadanlıqlarına texniki xidmətin düzgün aparılmasına, həmçinin abonentlərə «Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun təlimat keçirilməsinə məsuliyyət daşımaqla, buna nəzarət etməli olmasına baxmayaraq, işə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini layiqincə yerinə yetirməmiş, ünvan 1 ünvanında yerləşən evin həyətindəki su qızdırıcısı quraşdırılmış hamamın istismarında ventilyasiya sisteminə, tüstü bacalarının ölçülərinə və materialına, qapısının kip bağlanmamaqla müəyyən edilmiş hava keçmə məsafəsinə, eyni zamanda texniki baxışların keçirilməsinə dair müvafiq təhlükəsizlik qaydalarına zidd nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görməyərək, həmin ünvanda müvəqqəti kirayədə yaşayan övladım X3 01 oktyabr 2010-cu il tarixdə qeyd olunan hamamda çimərkən dəm qazından zəhərlənərək ehtiyatsızlıqdan ölməsinə səbəb olan səhlənkarlıq etmişdir, Tərtər Rayon Məhkəməsinin 1(61)-40/2011 saylı, 05 may 2011-ci il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Tərtər Rayon Məhkəməsinin hökmü icra edilmişdir, cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Cavabdeh X14ı İdarəsinin əməkdaşının təqsiri üzündən baş vermişdir, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri nəticəsində baş verən hadisə nəticəsində iddiaçıdan mənəvi ziyan dəymişdir, baş vermiş cinayət hadisəsi nəticəsində övladının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirdi ki, iddiaçının oğlu 2000-2006-cı illərdə BDU hüquq fakültəsinin məzunu olub, daha sonra isə müstəntiq olub, o, Tərtərdə yaşadığı evdə qaz sızmasından vəfat edib, həmin adam iddiaçının yeganə övladı olmuş, ailə də qurmamışdır, valideynləri həyatlarını, ümidlərini sadəcə ona bağlamışdılar, valideyn şəxsin cəzalanması üçün bütün qurumlara müraciət edib, bu yeganə övladıdır və həmkar olub, dövlətin müstəntiqi olub, o nə qədər cinayətlərin üstünü aça bilərdi, hakim ola bilərdi, amma qaz sızmasından vəfat etmişdir, səbəbkarlar da bu işə laqeyd yanaşır, iclasa gəlmirlər. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİİİ-JQ seriyalı 499808 saylı “doğum haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq olunmu. surətindən görünür ki, X5 13 oktyabr 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. Onun atası X11, anası İddiaçıdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 1(61)-40/2011 saylı 05 may 2011-ci il tarixli Hökmünün təsdiq edilmiş surətindən görünür ki, X2 Qaz İstismar sahəsinin 2 №-li xidmət sahəsində rəisi vəzifəsini icra etməklə eyni zamanda həmin sahənin ustası kimi vəzifəli şəxs olaraq vəzifə təlimatına və borcuna əsasən rəhbərlik etdiyi sahə üzrə xidmətlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə, abonentlərə məxsus qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işlərinin aparılmasına, təbii qazdan istifadə edən əhalinin yaşayış yerlərində qaz cihazları və avandanlıqlarının sazlığına, xidmət ərazisindəki əhalinin istifadəsində olan qaz cihazlarının “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının” tələblərinə uyğun olmasına, qaz avadanlıqlarına texniki xidmətin düzgün aparılmasına, həmçinin abonentlərə “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”na uyğun təlimat keçirilməsinə məsuliyyət daşımaqla, buna nəzarət etməli olmasına baxmayaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu halda işə vicdansız və laqeyd münasibət nəticəsində onları görməyib, əvvəlcədən ona məlum olan vəzifə təlimatına əks olaraq, etinasızlıq göstərib xidməti vəzifələrini layiqincə yetinə yetirməməklə yaxında aradan qaldırılması üçün real imkan olsa da, ünvan 1 ünvanda yerləşən evin həyətindəki su qızdırıcısı quraşdırılmış hamamın istismarında ventilyasiya sisteminə, tüstü bacalarının ölçülərinə və materialına, qapısının kip bağlanmamaqla müəyyən edilmiş hava keçmə məsafəsinə, eyni zamanda texniki baxışların keçirilməsinə dair müvafiq təhlükəsizlik qaydalarına zidd nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görməyərək, işinin icrası zamanı müddəaları onun üçün məcburi xarakter daşıyan “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.8.5 və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ın 1.3, 1.8, 2.2 bəndlərinin tələblərini pozub, həmin ünvanda müvəqqəti kirayədə yaşayan X3 01 oktyabr 2010-cu il tarixdə qeyd olunan hamamda çimərkən dəm qazında zəhərlənərək ehtiyatsızlıqdan ölməsinə səbəb olan səhlənkarlıq etməkdə təqsirləndirilərək Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Həmin Hökm ilə X8 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib, ona 1 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan “Hökmün icrası barədə” Göstərişdən görünür ki, Tərtər rayon Məhkəməsinin X6 haqqında 1(61)-40/2011 saylı 05 may 2011-ci il tarixli yekun qərarı icra edilməsi üçün Tərtər rayon İcra qrupunun rəhbərinə göndərilmişdir. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3170 №-li arayışdan görünür ki, X11 20 yanvar 2002-ci ildə miokard infarktından Masallı rayon Türkoba kəndində ölmüşdür. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3171 №-li arayışdan görünür ki, X5 01 oktyabr 2010-cu ildə dəm qazının toksik təsirindən Tərtər rayonu Tərtər şəhərində ölmüşdür. İş materiallarında olan Masallı RİHB-nın Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 828 №-li 05 dekabr 2022-ci il tarixli Arayışdan surətindən görünür ki, Rzayeva X7 rayonunun Türkoba kəndində tək yaşayır. X1 xx.xx.2010-cu ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 240 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X8 cavabdeh təşkilatın işçisi (X14 sahəsinin 2 №-li xidmət sahəsində rəisi-ustası) olduğu vaxt əmək funksiyalarının icrası zamanı öz xidməti vəzifələrini yerinə yetirməməsi nəticəsində ünvan 1 ünvanında xx.xx.2010-cu il tarixdə partlayış baş vermişdir, hadisə nəticəsində ünvanda kirayədə yaşayan iddiaçının X1 dəm qazından zəhərlənərək ölmüşdür, Tərtər Rayon Məhkəməsinin 1(61)-40/2011 saylı xx.xx.2011-ci il tarixli Hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, mərhum iddiaçının yeganə oğlu olmuşdur, dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşlarının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədardır. Bununla belə, hadisənin baş verməsində cavabdehin təqsirli, hüquqazidd əməlini istisna edən, hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərərindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də Cavabdeh İB-nin işçilərinin hüquqa zidd – təqsirli əməli ilə baş vermiş partlayış hadisəsi nəticəsində iddiaçının yeganə oğlunun ölməsinin onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mübahisəsizdir. Bu, həm də onunla bağlıdır ki, iddiaçı ilə mərhum şəxs - oğlu arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması və ona dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya ödənilməsi tələbi ilə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə baş vermiş hadisənin iddiaçının yeganə oğlunun ölümü ilə nəticələnməsini, iddiaçının yaşını, hazırda tək yaşamasını, cavabdeh təşkilatın əmlak vəziyyətini və digər diqqətəlayiq hallar nəzərə almaqla, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə 50.000 manat məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbinin tam təmin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Avropa Məhkəməsinin Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB-dən vurulmuş mənəvi ziyana görə 50000 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumu kimi ödənilmiş 240 manat Cavabdeh İB-dən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğdə dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehndən mənəvi ziyanın əvəzi qismində 50000 (əlli min) manat və dövlət rüsumunun əvəzi qismində 240 (iki yüz qırx) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2012/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2012/2023
19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver