Məhkəmə qərarları › İş №e-2(011)-2077/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2077/2023

25.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2077/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onun xeyrinə 3 azyaşlı nəvələrinin müxtəlif dərəcəli, yəni ağır dərəcəli və az ağır dərəcəli xəsarətlər alması ilə bağlı 20.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və dövlət rüsumuna görə ödənilmiş 150 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X17 sahəsinin əməkdaşının səhlənkarlığı nəticəsində 3 nəvəsi müxtəlif dərəcəli xəsarətlər almışdır. Gornaboy Rayon Məhkəməsinin 1(045)-30/2020 saylı, 06 avqust 2020-ci il tarixli hökmündən də göründüyü kimi, materiallarına əlavə edilmiş, MTE və PAB-ın 49 saylı 31 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının oğlu X8 məhkəmə tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-yanıq xəstəliyi, üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin 2-3-cü dərəcəli termiki yanığı, yanıq şoku çox ağır dərəcə (bədən səthini 65-70 %-ni) yüksək hərarətli alovun təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, xx.xx.2019-cu il tarxidə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Bu xəstəlikdən sonra oğlunun ömür boyu bu xəstəlikdən əziyyət çəkəcəyi və 1-ci qrup əlil olacağı bildirilmişdir. İddiaçı bildirir ki, övladının xəsarətinin nə qədər ağır olmasını onun aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini ondan başqa kimlərsə hiss edə bilməz. Həm də bu xəsarətin hansısa adi qaydada deyil, evdə bir göz qırpımında dəm qazından biri ağır dərəcəli olmaqla 3 körpə nəvəsinin eyni zamanda xəsarətlər alması ömür boyu iddiaçının və uşaqlarının xatirində pis bir hadisə kimi qalacaqdır. Goranboy Rayon Məhkəməsinin 1(045)-30/2020 saylı, 06 avqust 2020-ci il tarixli hökmündən görünür ki, X15 ARDNŞ-nin Cavabdeh İB ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 83 nömrəli əmək müqaviləsinə və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli, 2 saylı əlavəyə əsasən həmin birliyin X26 İstismar İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibət göstərib öz xidməti vəzifəsini yerinə yetirməyərək ünvan 1 ünvanında yerləşən X9 və həmin küçənin 41 saylı ünvanında yerləşən X2 məxsus fərdi yaşayış evlərini təbii qazla təmin edən polad qaz borularında "xxxx" QSC-nin xətt baxıcısı X13 tərəfindən 18 aprel 2019-cu il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş qaz sızmalarını təcili aradan qaldırılmasına dair kompyuter vasitəsilə verilmiş məlumatla tanış olmasına, həmçinin bu barədə Cavabdeh İB-nin Baş direktorunun satış və istismar üzrə müavinin xx.xx.2019-cu il tarixli məktubunun icrası X26 İstismar İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin rəis müavini X11 tərəfindən 233 saylı dərkənarla, xx.xx.2019-cu il tarixdə ona həvalə edilməsinə məhəl qoymayaraq, X26 İstismar İdarəsinin rəisi tərəfindən 28 may 2015-ci il tarixdə təsdiq edilmiş Vəzifə təlimatının “qaz xəttlərinin sxemlərini” bilməli olmasına dair 1.2-ci bəndinin, AR NK-nin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın tələblərinin pozaraq vəzifəli şəxs kimi hərəkətsizlik etmiş və öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyyatlılıq göstərməyərək cinayətkarcasına etinasızlığa yol verməklə Amalya Mustafayevanın və İradə Qurbanovanın evlərinin yerüstü qaz xəttlərinin yeraltı keçidlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması istiqamətində heç bir lazımı tədbir görməyib səhlənkarlıq etməsi nəticəsində 01 dekabr 2019-cu il tarixdə saat 23:00 radələrində X4 evdə olmadığı vaxt 26 sentyabr 2008-ci il təvəllüdlü oğlu Ümid Əhmədovun hamam otağının işığını yandırması zamanı kanalizasiya xəttinin baxış quyusundan 70 sm məsafədə keçən 25 mm-lik polad qaz borusunun üzərində karroziya nəticəsində yaranmış dəliklərdən sızan qazın kanalizasiya xəttinin germetik baxış quyusuna yığılaraq, yaranmış izafi təzyiqlə kanalizasiya xəttinə qoşulmuş kanalizasiya borusu vasitəsi ilə evin hamam otağına dolmuş qazın partlayışı baş vermiş, partlayış zamanı sonuncunun üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin İİ-İİİ dərəcəli yanığı, çox ağır dərrəcədə (bədən səthinin 65-70 faizini) yanıq şoku ilə müşaiyət olunan həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan, həmin vaxt evdə olan 09 oktyabr 2010-cu il təvəllüdlü X5 yanıq şoku, qarının, ön yan bel və sifət nahiyyəsinin İ-İİ dərəcəli termiki yanığı ilə müşaiyət olunan sağlamlığa az ağır zərər vurmaya aid olan, 15 fevral 2017-ci il təvəllüdlü X1 nahiyyəsinin İ-İİ dərəcəli və bədən nahiyyəsinin termiki yanığı ilə müşaiyət olunan xəsarətlər yetirməklə cinayət əməlini törətmişdir. Həmin cinayət işinin materiallarında MTE və PAB-ın 50 saylı 31 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının oğlu X5 məhkəmə tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-yanıq xəstəliyi, yanıq şoku, qarının ön yan bel və sifət nahiyyəsinin 1-2-ci dərəcəli termiki yanığı yüksək hərarətli alovun təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, xx.xx.2019-cu il tarxidə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Həmin cinayət işinin materiallarında MTE və PAB-ın 51 saylı 31 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının oğlu X6 məhkəmə tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-yanıq xəstəliyi, sifət nahiyyəsinin 1- 2-ci dərəcəli və bədən nahiyyəsinin termiki yanığı yüksək hərarətli alovun təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, xx.xx.2019-cu il tarxidə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Goranboy Rayon Məhkəməsinin 1(045)-30/2020 saylı, 06 avqust 2020-cı il tarixli hökmünə əsasən X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə cəzasını məntəqə tipli cəzaçəkmə müəssində çəkməklə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının azyaşlı nəvələri ağır və az ağır xəsarətlər alması ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunvericilik isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Həmçinin iddiaçı qeyd etmişdir ki, hərbiçidir. Azərbaycan Respublikasına xidmət etmiş, həmçinin 44 günlük Vətən Müharibəsində iştirak etmiş və müxtəlif medalları vardır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Belə ki, iş materiallarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 1(045)- 30/2020 saylı 06 avqust 2020-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin e-2(011)-2580/2022 saylı 25 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdehndən mənəvi zərərə görə 25000 manat məbləğində pul vəsaitinin alınaraq X7 ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı: 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nəvələrinin sağlamlıqlarına zərər vurulmasında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının öz doğma nəvələrinin sağlamlıqlarına zərər vurulması hadisəsi (yanğın nəticəsində uşaqlar müxtəlif dərəcəli xəsarətlər almışlar) və ondan sonrakı proseslər zamanı (uşaqlar bu gün də müalicələr alır, yanğın nəticəsində dəymış xəsarətlərin aradan qaldırılması üçün həkim nəzarətindədirlər) mənəvi sarsıntılar keçirmiş, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının nəvələrinin sağlamlıqlarına zərər vurulması nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri nəvələrinin yanğından aldıqları xəsarətlər nəticəsində tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının nəvələrinin yanğında xəsarətlər alması ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən nəvələrinin sağlamlıqlarına zərər vurulmuşdur. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının nəvələrinin sağlamlıqlarına zərər vurulması iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, nəvələrinin sağlamlıqlarına zərər vurulması nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Bununla yanaşı, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını, o cümlədən cavabdehin də maddi imkanlarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən hər uşağa görə 1000 manat olmaqla ümumilikdə 3000 manat pulun tutulmasını ədalətli və ağlabatan hesab edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 150 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 150 manat dövlət rüsumunun 127 manatı alınaraq iddiaçının özünə aid edilməli, qalan 23 manat dövlət cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq Cavabdehndən 3000 (üç min) manat məbləğində pul vəsaiti və 23 (iyirmi üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar