Məhkəmə qərarları › İş №e-2(011)-2092/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2092/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2092/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Rövşən oğlu, Cavabdeh3 və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh3 və qeyrilərinə qarşı mənzilə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhər, Xətai rayon, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, mediasiya xərcinin ödənməsi üçün 50 (əlli)manat dövlət rüsumu, vəkil orderi üçün 180 (bir yüz səksən) manat pulun və məhkəmə bücəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumü olmaqla ümümilikdə 280 (iki yüz səksən) manat məbləğində dövlət rüsumunun Cavabdeh3 tutulmasi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Rövşən oğlu məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci ildə Cavabdeh3 oğlu ilə 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2021-ci il təvəllüdlü X5 oğlu övladları olmuşdur. Cavabdehlə iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilə kimi ailə halında yaşamışlar. Cavabdehin iddiası ilə Cəbrayıl Rayon Məhkəməsində aralarında olan nikahın pozulması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh ilə el adəti ilə toy edib Bakı şəhər, Xətai rayon, ünvan 1 fərdi yaşayış evinə gəlin köçmüşdür. Bütün cehiz əşyaları hazırda həmin evdədir. Övladı həmin evdə dünyaya gəlmişdir. Cavabdehin valideynləri də həmin evdədir. Onlarla ilə birgə təsərrüfat aparmaqla birgə ailə tərkibində yaşamışlar. İlk vaxtlar münasibətlərinin yaxşı olmasına baxmayaraq, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pisləşmiş, xx.xx.2023-ci il tarixdə iddiaçını zorla yaşadıqları evdən çıxarmışlar. Hazırda valdeyınlərinin yanında kirayədə yaşayır. Heç bir yerdə işləmir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Son vaxtlar cavabdeh iddiaçıya məxsus cehiz əşyalarını evdən ataraq yandıracağı ilə onu hədələmişdir. Ailənin bərpasının mümkün olması səbəbindən mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “Mediasiya prosesinin təqbiqi barədə təklif”in hazırlanması üçün Mediasiyaya müraciət etmiş və həmin tarixdən etibarən mediasiya prosesi başlanmışdır. Cavabdehin etirazının dəlilləri: Cavabdeh3 nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 26 nömrəli evin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsi 26 nömrəli ev tərəflər arasında nikah bağlanmamışdan əvvəl Cavabdeh2 tərəfindən alınmışdır. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi üç otaqdan, mətbəxdən ibarətdir. Sanitar qovşaq evin həyərtində yerləşir. Fərdi yaşayı evində iddiaçıya məxsus əşyalar yoxdur. Fərdi yaşayış evində Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 yaşayır. İddia tələbinin hüquqi əsası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. 13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 13.6. İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının fərdi yaşayış evinə köçürülməsi ilə bağlı tələbə düzgün qiymət verilməsi üçün, ilkin olaraq 30 iyun 2009-cu il tarixli, 845-İİİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri analogiya üzrə tətbiq edilməklə, mübahisəli evə dair mülkiyyət hüququnun qeydə alındığı təqdirdə həmin evdən iddiaçının istifadə hüququnun olub-olmayacağı məsələsinə qiymət verilməlidir. Yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, iddiaçı mübahisəli evin sahibi olan Cavabdeh2 gəlini olmuş, o, iddiaçının ailə üzvü və ya özünün saxlanılmasını tələb etmək hüququ olan qohum hesab edilə bilməz. Belə olan halda, iddiaçının mübahisəli evdən istifadə hüququ da yarana bilməzdir. Odur ki, iddiaçının Bakı şəhər, Xətai rayon, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə tələbi əsassız hesab edilməli və rədd edilməlidir Məhkəmə eyni zamanda, iddianın iddiaçının azyaşlı uşağının Bakı şəhər, Xətai rayon, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Belə ki, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh3 nikahı pozulduqdan sonra, onların birgə övladı 09 aprel 2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalır. Məhkəmə hesab edir ki, 09 aprel 2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qaldığından və İddiaçı mübahisəli evə köçürmə tələbinə dair mövcud iddia tələbi rədd edilməli olduğundan, yetkinlik yaşına çatmamış X2 yaşayış yeri isə anasının yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə iddiaya mediasiya xərcinin ödənməsi üçün 50 (əlli) manat dövlət rüsumu, vəkil orderi üçün 180 (bir yüz səksən) manat pulun və məhkəmə büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla, ümümilikdə 280 (iki yüz səksən) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, qərara alır ki, iddia fərdi yaşayış evinə köçürülmə hissəsində təmin edilmədiyinə görə, iddianın qaldırılması ilə bağlı xərclərin ödənilməsi hissəsində də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının yaşayış yeri olmadığından onun həmin evə köçürülməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Odur ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhər, Xətai rayon, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, mediasiya xərcinin ödənməsi üçün 50 (əlli) manat dövlət rüsumu, vəkil orderi üçün 180 (bir yüz səksən) manat pulun və məhkəmə büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla, ümümilikdə 280 (iki yüz səksən) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar