Məhkəmə qərarları › İş №e-2(011)-2100/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2100/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2100/2023 17.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin geri qaytarılması tələbinə dair kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, X.Şuşinski küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində iştirak edən Cavabdeh “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq "xxxx" ASC (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış “Chevrolet Captiva” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. xx.xx.2022-ci il tarixli hadisənin baş verməsində “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 və həmin avtomobilin sərnişini Cavabdeh təqsirli bilinərək sonuncular barəsində müvafiq olaraq xx.xx.2022-ci il tarixli, TP5403597 saylı və eyni tarixli, TP5402426 seriya nömrəli inzibati tənbeh vermə haqqında qərarlar tərtib olunaraq X1 İXP-nın 346.1-ci maddəsinə əsasən 20 manat və Cavabdeh İXP-nın 338.3-cü maddəsinə əsasən 30 məbləğində cərimə olunmuşdur. ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Captiva” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1439,60 manat məbləğində (100 manat şərtsiz azadolma məbləği sığortalı tərəfindən geri ödənilmişdir) sığorta ödənişi həyata keçirilmişdir. İXP-nın 346.1-ci maddəsinə əsasən 20 Cavabdeh üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada "xxxx" ASC tərəfindən sığortalandığı üçün, 1339,60 sığorta ödənişinin yarısı olan 669,8 məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən ASC-yə geri ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş “1 C” çıxarışından müəyyən olunur ki, həmin məbləğ xx.xx.2023-cü il tarixdə iddiaçının hesabına daxil olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Captiva” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 1439,60 manat məbləğində (100 manat şərtsiz azadolma məbləği sığortalı tərəfindən geri ödənilmişdir) sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2023-cü il tarixli, BS-S-23/0373 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 669,8 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsaslanaraq, Cavabdeh 669,8 manat məbləğində sığorta ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində xidmət haqqının, cəmi 700,20 məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktının surətinə əsasən məlum olur ki, “Chevrolet Captiva” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Qeyd olunan avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində maddi zərər dəymişdir və maddi zərərin məbləği 1439,60 manat müəyyən edilmişdir. Sığortalanmış avtomobilə "xxxx" ASC tərəfindən dəymiş ziyanın miqdarından 100 manat azadolma çıxılmışdır. Həmin aktdan görünür ki, 1339,60 manat zərər məbləği sığortalı "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan DİN Bakı şəhər DYPİ-nin TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozaraq digər avtomobilə ziyan vurmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə inzibati tənbeh qismində 30 manat məbləğində cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, "xxxx" ASC-yə məxsus “Chevrolet Captiva” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyanın vurulmasında Cavabdeh təqsirliliyi inzibati xəta haqqında protokolla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh inzibati xətanı törətməsini müəyyən edən qüvvədə olan qərar nəzərə alınaraq, “Chevrolet Captiva” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta olunduğundan, sığorta şirkəti tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan ödəniş tapşırığı ilə təsdiq olunduğundan, iddia əsaslı olduğu üçün təmin edilməli, "xxxx" ASC-si tərəfindən ödənilmiş 669,8 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin geri qaytarılması tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh 669,80 manat sığorta ödənişi və dövlət büdcəsinə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar