Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2111/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7677/2020 saylı 11.11.2020-ci il tarixli qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə 23.06.2015-ci il təvəllüdlü X3 və 16.10.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 230 manat sabit pul məbləğində alimentin miqdarının azaldılması və uşaqların saxlanılması üçün ondan hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat alimentin tutularaq cavabdehə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflərin birgə nikahından 23.06.2015-ci il təvəllüdlü X3 və 16.10.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2(103)-7677/2020 saylı qətnaməsi ilə 23.06.2015-ci il təvəllüdlü X3 və 16.10.2018ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşaq üçün 230 manat olmaqla, ümumilikdə 460 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin müraciəti əsasında Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1422/2020 saylı 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün hər uşağa 1225 manat olmaqla cəmi 2550 manat alimentin ondan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7677/2020 saylı 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ayda hər uşağa 230 manat olmaqla, cəmi 460 manat alimentin ondan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi qətnaməsini onun hazırda işləməməyi və aldığı işsizlik müavinəti ilə əlaqələndirmişdir. Həmin qətnamədə onun işlədiyi şirkətin iflas etdiyi bildirilir. Apelyasiya Məhkəməsinin qətnaməsində göstərilən “X4-İşsizlikdən sığorta” tərəfindən ona verilən işsizlik müavinəti artıq dayandırılmışdır. Hazırda o, heç bir yerdə işləmir. Qazancı yoxdur. Cavabdehə ödənilən alimenti onun anası Şirəliyeva Südabə ödəyir. O, pensiyaçıdır. Onun işsiz olmağı səbəbi ilə aylıq 460 manat alimentin ödənilməsi qeyri-mümükündür. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh uşaqla görüşə maneə olur. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı ABŞ-da yaşayır. O, bizneslə məşğuldur və kifayət qədər qazancı var. Alimentin azaldılmasını uşaqların nənə-babası ilə görüşməsinə şərait yaratmadığı üçün tələb edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər bu vəzifələrini, həm də uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azaldılmasını tələb edir və iddiasının əsası kimi qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment ona verilən işsizlik müavinəti əsas götürməklə müəyyən edilmişdir. Həmin müavinət isə artıq verilmir, bu səbəbdən tutulan aliment onun qazancına uyğun olmadığından hazırda alimenti tam ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının qeyd etdiyi dəlillərini əsassız hesab edir. Belə ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.ci maddəsində müəyyən edilmişdir. Həmin maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra həmin miqdarın dəyişməsini yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik olması ilə şərtləndirilmişdir. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar mövcud deyil. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2(103)-7677/2020 saylı qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək, iddiaçıdan tutulan alimentin miqdarı hər uşaq üçün 230 manat olmaqla, cəmi 460 manat məbləğində müəyyən edilmişdir. İddiaçı alimentin azaldılmasını tələb edərkən hal-hazırda işsiz olduğunu əsas gətirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının vəkili və nümayəndəsi də məhkəmə iclası zamanı iddiaçının işsiz olması ilə bağlı heç bir sübutlarının olmadığını bildirmişdir. Məhkəmə qeyd edilənlərlə bağlı bildirir ki, iddiaçının qeyd etdiyi hallar alimentin azaldılması üçün əsas ola bilməz. Əksinə iddiaçının vəkili və nümayəndəsi 14.04.2022-ci il tarixində keçirilən məhkəmə baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, iddiaçının alimenti azaltmasının səbəbi cavabdehin uşaqları iddiaçının valideynləri ilə görüşməsinə icazə verməməsidir. Məhkəmə qeyd edir ki, fiziki cəhətdən iş qabiliyyəti olan valideynin az əmək haqqı ilə işləməsi, yaxud maddi vəziyyətinin yetərli olmaması uşaqların qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə saxlanılması vəzifəsindən azad etmir. Çünki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-2111/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2111/2022
12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver