Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2186/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1 və onun vəkili Vəkil, İddiaçı Nümayəndə1 və onun nümayəndəsi və vəkili Vəkil, İddiaçılar X3, X7, X2 nümayəndəsi və vəkili Vəkil İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, idarəçiliyin Xətai Rayon Bələdiyyəsinə verilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin etdiyi kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması” tələbi; İddiaçılar Nümayəndə1, X2, X3, X7, X1, X4 Cavabdeh MMC-yə qarşı “qanunsuz tətbiq edilmiş kart sisteminin ləğv edilməsi” tələbi; İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “komunnal xidmətə görə haqqın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərfindən liftlərdə kart sisteminin tətbiqinin ləğvi, cavabdehin, binanın idarəçiliyindən uzaqlaşdırılmasına, idarəçiliyin Xətai rayon Bələdiyyəsinə təhvil verilməsinə, iddiaçıya vurulan zərərin – 480 dollar vəsaitin və 30 manat dövlət rüsumun iddiaçıya qaytarılması, cavabdeh tərəfindən mənzilin hər kv.m-nə görə təyin edilmiş kommunal haqqın 0,5 manat olmasının əsaslandırılmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Nümayəndə1, X6, X8, X12, X5, X9 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən binada yerləşən liftlərə qanunsuz olaraq tətbiq edilmiş kart sistemi ləğv edilməsi və liftlərdən əvvəlki qaydada sərbəst istifadə edilməsi üçün şərait aradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-905/2024 saylı qərardadına əsasən iddiaçılar Nümayəndə1, X2, X3, X7, X1, X4 cavabdeh "xxxx" MMC-yə qarşı "liftlərdə tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması" tələbinə dair 2(011)-2905/2024 nömrəli mülki iş İddiaçı Cavabdeh MMC-yə qarşı liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, idarəçiliyin Xətai Rayon Bələdiyyəsinə verilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin etdiyi kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması tələbinə dair 2(011)-2186/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir. İddia tələbinin dəlilləri (1): İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina (bundan sonra “Bina”) Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən idarə olunur. Faktiki olaraq idarəedici təşkilat kimi, lakin Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq ona bu səlahiyyəti nə Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı, nə də bələdiyyə verməyib. Sadəcə bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayıb, hətta müqavilə bağlamamış sahə mülkiyyətçilərindən də xidmət haqqı tələb etməyə, sonra isə xidmət haqqını bir neçə dəfə artırıb (mənzilin ümumi sahəsinin hər kv. m.-nə görə 0,50 man.). Sahə mülkiyyətçilərinin xeyli hissəsi nəinki bu qanunsuzluqdan, həmçinin də Binanın bərbad idarə edilməsindən narazıdır. Əslində, bir əsas suala cavab verilməlidir: Cavabdeh Binanın idarəedici təşkilatıdırmı? Bu səlahiyyəti nəyə əsasən əldə edib? İdarəedici təşkilatdırsa, Binada qalmalı və hamıdan xidmət haqqı toplamağa haqlıdır. İdarəedici təşkilat deyilsə, Binadan çıxmalıdır. xx.xx.2012-ci ildə, Binanı tikib, istismara təhvil verən "xxxx" MTK, qanunsuz olaraq, idarəçiliyi, mülkiyyətçilərin ümumi yığıncağını keçirmədən, özbaşına həyata keçirib, qeyri-qanuni, sakinlərdən komunal xidmət adıaltında, vəsait yığıb, heç hesabat da verməyib. Mənzil Məcəlləsinin 109.5. maddəsinin tələblərinə görə yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ MTK üzvlərinə keçdikdən sonra bir ay ərzində MTK qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya MMMC-yə çevrilməli idi, ancaq o, bunu etməyib, sonra isə idarəçiliyi, varisinə, Cavabdeh MMC-yə ötürüb. "xxxx" MTK qeydiyyata alınıb xx.xx.1997-ci ildə (VÖEN: **********),Cavabdeh MMC isə, xx.xx.2016-cı il tarixli, **********017600 saylı, çıxarışla qediyyatdan keçib. Ötürmə prosesi heç bir sənədlə təsbit edilməyib, yəni nə "xxxx" MTK, nə də Cavabdeh MMC mülkiyyətçilərin ümumi yığıncağını keçirmədən idarəçiliyi özəlləşdiriblər, hansı qanunlar üzrə, bilinmir, lakin indiyədək Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun keçirilməyib. Ümumi yığıncaq keçirilməyibsə, deməli, Binanın idarəetmə üsulu da seçilməyib. İddia tələbinin dəlilləri (2): İddiaçılar Nümayəndə1, X6, X8, X12, X5, X9 iddia tələblərini onunla əsaslandırmışdır ki, yaşadıqları N.Rəfiyev küçəsi, ev 25 və 25A ünvanda yerləşən hündürmərtəbəli binanın sakinlərinin razılığı və xəbəri olmadan Cavabdeh MMC-nin rəhbərliyi binada yerləşən liftlərə qanunsuz olaraq kart sistemi tətbiq etmişlər və bu da mülkiyətçilərin hüquqlarını pozaraq çətinliklər yaratmışdır. Mülkiyyətçilər mənzillərinə sərbəst şəkildə daxil ola bilmirlər. Uşaqlar, məktəblilər, həmçini gələn qonaqlar liftdən istifadə edə bilmirlər və bu da mülkiyyətçilərin, sakinlərin haqlı narazılıqlarına səbəb olmuşdur. Məsələ ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə 18 dekabr 2023-cii il tarixli məktubla kart sisteminin dayandırılması barədə rəsmi ərizə ilə müraciət etmişlər, lakin bu günə kimi rəsmi cavab ala bilməmişlər. Hazırda Cavabdeh MMC-nin rəhbərliyinin binanın mülkiyyətçilərinin hüquqlarını pozmaqla belə qanunsuzluqlarla yol verərək mülkiyyətçilərin hüquqlarını pozması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən binada yerləşən liftlərə qanunsuz olaraq tətbiq edilmiş kart sistemi ləğv edilməlidir və liftlərdən əvvəlki qaydada sərbəst istifadə edilməsi üçün şərait yaradılmalıdır. Qarşılıqlı iddia tələbləri: İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında ünvan 2 saylı evin 103-cü mənzilinə dair kommunal xərclərə görə yaranmış 1097.35 AZN, məhkəmə xərcləri üçün 30.97 AZN, ümumilikdə 1128.32 AZN Cavabdeh MMC hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəlilləri: Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh MMC ilə İddiaçı arasında 2009-cu ildə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 A saylı evin sahəsi-129.1 kv.metr olan 103-cü mənzilinin Cavabdeh MMC- dən alınmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. 07 may 2016-cı il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Cavabdeh MMC arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 25A/107-103 saylı müqavilə bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəlikləri mütəmadi olmasa da, icra edirdi. Lakin, onun 2022-ci ilin sonuna Cavabdeh MMC kommunal xidmətlərə görə borcu yaranmışdır. 2022-ci ilin oktyabr ayında Xətai rayon məhkəməsində İddiaçı qarşı ünvan 2 saylı evin 103-cü mənzilinə dair kommunal xərclərə görə yaranmış 2453.00 AZN, məhkəmə xərcləri üçün 44.53 AZN, ümumilikdə 2497.53 AZN (iki min dörd yüz doxsan yeddi manat, əlli üç qəpik) Cavabdeh MMC- nin hesabına ödənilməsinə dair iddia qaldırılmış və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(011)-487/2023 saylı Qətnaməsi ilə iddia təmin edilmişdir. Buna baxmayaraq cavabdeh İddiaçı 2022-ci ilin sentyabr ayından bu günə qədər yaranmış borcundan heç bir ödəniş etməmişdir. Qeyd edir ki, kommunal xidmətin ödənişi hər kv.metrə görə Cavabdeh MMCnin xx.xx.2017-ci il tarixli Qərarına əsasən 0.50 AZN müəyyən edilmişdir. 0.50 X 129.1 kv.m = 64.55 AZ, 17 ay X 64.55=1097.35 AZN Bununla da İddiaçı Cavabdeh MMC-nə müəyyən məbləğdə ziyan vurmuşdur. Bildirir ki, kommunal ödənişlərdən bütün təminatlara (su, kanalizasiya, işıq təhcizatı, lift təmiri, məişət tullantıların daşınması, binada digər təmir işləri, təmizlik,mühafizə) ödənişlər olunur, eyni zamanda həmin yığılan puldan işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər rübdə müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. İddiaçı və digər investorların ödəmələrində gecikmələr olması nəticəsində Cavabdeh MMC-nın Vergi borclarının vaxtında ödənilməməsi nəticəsində faiz borcları yaranmışdır. Hal-hazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instasiyalarmda işlərə baxılmaqdadır. Bununla bağlı cavabdeh İddiaçı və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Tərəflərin izahatları İddiaçı nümayəndəsi Nümayəndə1 və onun vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. İddiaçılar Nümayəndə1, X3, X7, X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı Nümayəndə1 məhkəmə iclasında hər iki iddianı müdaifə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında hər iki iddiaya etiraz edərək, məhkəmədən hər iki iddianın rədd edilməsi, qarşlıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2017-ci il tarixli 7 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nəəfqulu Rəfiyev 25A, blok 3, mərtəbə 4 ünvanında yerləşən üçotaqlı, 103 nömrəli ümumi sahəsi 129, yaşayış sahəsi 65.6 olan mənzili almışdır. Mənzilin dəyəri 28380 Cavabdeh MMC-yə tam ödənilmişdir və borcu yoxdur. -xx.xx.2012-ci il tarixli payçı İddiaçı ilə icraçı "xxxx" MTK arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqavilədən görünür ki, icraçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 4-cü mərtəbəsində 96/103 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 122 m2 təşkil edir.(sahə təhvil verilən zaman). -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi , ev 25A, mnzil 103 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın ümumi sahəsi 121.4 kv.m-dir. - Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev 25 ünvanında yaşayan mənzil mülkiyyətçilərinin təşəbbüs qrupunun nümayəndəsi Nümayəndə1 "xxxx" MTK-nın hərəkətsizliyi ilə bağlı müraciətinə Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01/79 saylı cavab məktubundan görünür ki, bələdiyyə "xxxx" MTKnın rəhbərliyi ilə sakinlər arasında bağlanmış müqavilənin və MTK-ya idarəetmək səlahiyyəti verən digər hüquqi sənədlərin surətinin MTK tərəfindən ona verilməsini xahiş etmişdir. -xx.xx.2016-cı il tarixli “idarəedici təşkilat” adlandırılan Cavabdeh MMC ilə İddiaçı arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 25A/107-103 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hazırkı müqavilənin şərtləri çoxmənzilli binanın bütün mülkiyyətçiləri üçün eynidir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən idarəedici təşkilat çoxmənzilli yaşayış binasında xidmətlər göstərməyi və ümumi əmlakın lazımi qaydada saxlpnıiması və təmiri üzrə işləri yerinə yetirməyi, mülkiyyətçilərə və mülkiyyətçinin mənzillərindən qanuni əsaslarla istifadə edən digər İstifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən mülkiyyətçilər idarəedici təşkilatın xidmətlərini hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci maddəsinə əsaəsn müqavilənin məbləği və yaşayış sahəsinə görə ödənişin həcmi “Yaşayış sahələrindən istifadə haqqı Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində vasavıs sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunai xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli qərarına” əsasən müəyyən edilir, ümumi əmlaka mülkiyyət hüququnda Mülkiyyətçinin tutduğu yaşayış sahəsinə mütənasib paya uyğun müəyyən edilir. Həmin müqavilənin 12.1-ci maddəsinə əsasən müqavilə 1 (bir) il müddətinə bağlanıb və Tərəflər onu imzaladığı andan qüvvəyə minir. Həmin müqavilənin 12.2-ci maddəsinə əsasən müqavilənin müddəti başa çatdıqdan sonra tərəflərdən hər hansı biri müqavilənin pozulması haqqında digər tərəfə məlumat vermədikdə, müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab olunur. Həmin müqaviləyə 1 nömrəli əlavənin 2-ci maddəsindən görünür ki, çoxmərtəbəli binadan xidmət haqqı yaşayış sahəsinin payına uyğundur və mülkiyyətçinin yaşayış sahəsinin hər kvadratmetrinə görə müəyyən edilir. -Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, sakinlər Ələkpərov M,Qasımov A., Cabbarov M.,Tağıyev Q.,Əsədova L., Məmmədov M.,Nuriyev E.,Mehdiyev M., Baxışov A., Hüseynova S.,Əhmədov Ç, və daha 22 nəfər şəxsən, 42 nəfər qiyabi iştirakı ilə sakinlərə göstərilən kommunal xidmətin səviyyəsi, kommunal xidmətlərin yığımı, 2013-cü ildən tətbiq olunan kommunal xidmət haqlarının 2018-ci ilin yanvar ayından 0.05 qəpik artırılması, binanın həyətinə nəqliyyat vasitəsinələrinin daxil olunmasına məhdudiyyətlərin tətbiqi məsələsinə dair səsvermə nəticəsində kommunal xidmətlər haqqının 0.45 qəpikdən 0.50 qəpiyə artırılması, mərtəbələrdəki qapıların təmiri və açarların yeniləşdirilməsi, işıqların təzələnməsinin həyata keçirilməsi, binanın həyətində maşınların girişinin məhdudlaşdırılması (taksi, FHN, polis, təcili yardım xidməti maşınlardan başqa) məsələsi müzakirə olunmuş, adı çəkilən xidməti maşınlara qısa müddətdə həyətə daxil olunmasına icazə verilməsi qərara alınmışdır. - xx.xx.2017-ci il tarixli Cavabdeh MMC-nin ümumi iclasının 5 saylı protokolundan görünür ki, gündəlikdə duran məsələlər səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-487/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı 2306.60 manat məbləğində borcun tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. -İş materiallarında olan adsız siyahıdan görünür ki, N.Rəfiyev ünvanında lifltlərin kart sisteminin quraşdırılmasına həmin binanın 1-ci blokunun 27 nəfər sakini, 2-ci blokunun 22 nəfər sakini, 3-cü blokunun 32 nəfər sakini liftlərdə onun razılığı olmadan kart sisteminin tətbiqinə etiraz edirlər və dərhal sisteminin liftlərdən demontajını tələb edirlər. -İş materiallarında olan liftlərin kart sisteminin tətbiqi barədə anketdən görünür ki, 24 nəfər sakin liftlərdə kart sisteminin keçməsinə etiraz etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Maddə 44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. Maddə 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1- 43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Maddə 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. Maddə 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. Maddə 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 45.7. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: Maddə 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Maddə 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Maddə 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. Maddə 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi Məhkəmənin mövqeyi: Məhkəmə hər iki iddia ərizəsini və qarşılıqlı iddia ərizəsinin, tərəflərin məhkəməyə təqdim etdiyi sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, digər iki iddia tələbləri isə rədd edilməlidir. Məhkmə hesab edir ki, İddiaçı və iddiaçılar Nümayəndə1, X2, X3, X7, X1, X4 iddia tələbləri olan liftlərdə kart sisteminin tətbiqinə məhkəmə tərəfindən münasibət bildirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, Nümayəndə1, X6, X8, X12, X5, X9 Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev 25,25A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının sakinləri olmaqla, həmin ünvanda yaşayırlar. Hazırda Cavabdeh MMC tərəfindən binadakı liftlərdə kart sisteminin tətbiqinə etiraz edərək, məhkəmədən liftlərdə kart sisteminin tətbiqinin ləğvini məhkəmədən xahiş edirlər. Məhkəmə bildirir ki, liftlərdə kart sisteminin tətbiqinin məqsədi kənar şəxslərin həmin liftlərə daxil olaraq yuxarı mərtəbələrə qalxmasının qarşısının alınması, onların daha təhlükəsz şəraitdə yaşamaları və kommunal xidmətlərin ödənilməsidir. Həmin binada liftlərdə kartdan istifadə edilməsi bina sakinlərinin həmin liftdən istifadəsini qadağan etmir. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına 2 nömrəli əlavədən görünür ki, yaşayış binalarında liftdən istifadəyə görə adambaşına 1 ayda manatla (ƏDV nəzərə alınmaqla) tarif 1000 manat təşkil edir. İddiaçı çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 25A/107-103 saylı müqavilə bağlamaqla o, da bununla razılaşmışdır. Məhkəmə iddia tələblərinin “cavabdehin, binanın idarəçiliyindən uzaqlaşdırılmasına, idarəçiliyin Xətai rayon Bələdiyyəsinə təhvil verilməsinə” hissəsinə münasibtə olaraq bildirir ki, həmin tələbin qanuni əsasını Mənzil Məcəlləsinin 141-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir.Hazırkı işdə isə bu proseslərin heç biri binanın mülkiyyətçiləri tərəfindən həyata keçirilməmiş, onlar tərəfindən birbaşa məhkəməyə müraciət olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mülkiyyətçilərin binaya dair Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin (binanın sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi öhdəliyinin Bakı şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin üzərinə qoyulması ilə bağlı inzibati icraat qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş "Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası"nın 1.3-cü maddəsinə əsasən müsabiqənin keçirilməsinin məqsədi çoxmənzilli binanın sakinlərinin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi vəziyyətdə saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həllini təmin etməkdən, həmçinin belə binaların sakinlərinə kommunal xidmətləri göstərəcək idarəedici təşkilatın şəffaflıq və bərabərlik şəraitində seçilməsindən ibarətdir. Həmin Qaydaların 1.4-cü maddəsinə əsasən müsabiqə aşağıdakı hallarda keçirilir: 1.4.1. bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədikdə və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərar həyata keçirilmədikdə, bir şərtlə ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi həmin binanın idarə edilməsi üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmış olsun; 1.4.2. açıq müsabiqənin nəticələri əsasında bağlanılmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsində göstərilmiş idarəedilmə üsulu seçilmədikdə. Məhkəmə iddia tələblərinin “iddiaçıya vurulan zərərin – 480 dollar vəsaitin ona qaytarılması” hissəsinə münasibət olaraq bildirir ki, sonuncu baxış iclasında iddiaçının nümayəndəsi həmin zərərin xx.xx.2012-ci il tarixli kooperativ binadan mənzil tikintisi üçün müqavilə ilə ona verilən sahə ilə çıxarış ilə ona verilən sahə arasında fərqə görə tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsaəsn mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə iddiaçıya müqavilə üzrə 122 kv.m sahə verilməli olduğunu, hazırda onun mülkiyyətində olan mənzilin Çıxarış əsasında 121.4 kv.m olduğunu, yəni əmsallar tətbiq edildikdən sonrakı fərqin az olduğunu nəzərə alaraq, hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələblərinin “cavabdeh tərəfindən mənzilin hər kv.m-nə görə təyin edilmiş kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması” hissəsinə münasibət olaraq bildirir ki, komunnal xidmətlər haqqının 0.45 qəpikdən 0.50 qəpiyə artırılması Meridian-M” MMC-nin xx.xx.2017-ci il tarixli qərarı əsasında həyata keçirilmiş, gündəlikdə duran məsələr səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir. Məhkəmə qarşılıqlı iddia tələblərinə münasibət olaraq bildirir ki, Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsində isə çoxmənzilli yaşayış evlərində yaşayış sahəsi mülkiyyətçlərinin kommunal xidmətlərə görə haqqın ödənilməsi öhdəliyinin yaranmasını qanun mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququnun yaranması ilə müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, cavabdeh yaşadığı mənzilə mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixdə əldə etmişdir. Həmin maddənin məzmunundan aydın olur ki,mənzilə mülkiyyət hüququ əldə etdiyi andan cavabdehlə iddiaçı arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hüquq münasibəltəri yaranmış olur. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsi isə belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanmasını tələb etmir, bunun üçün hər bir mülkiyyətçinin çoxmənzilli yaşayış evində yaşaması və mənzilə mülkiyyət hüququ əldə etməsi onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevirir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə cavabdehin mülkiyyətçisi olduğu Mənzilin ümumi sahəsi 129.1 kv.m qeyd edilsə də, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda mənzilin ümumi sahəsinin 121.4 kv.m olduğu qeyd edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, kommunal xidmətlərə görə ödəniş Mənzilin reyestr xidməti tərəfindən müəyyən edilmiş ümumi sahəsinə uyğun olaraq hesablanmalıdır. Cavabdehin hər ay 60,70 (0.50 x 121.4 kv.m = 60,70) manat məbləğində kommunal xidmətlərə görə ödəniş etməli olmasını və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-487/2023 saylı qətnaməsi ilə 38 ay müddətinə görə komunnal haqqına görə pul tutulduğundan, hazırkı mülki işdə məhkəmə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə yəni qarşılıqlı iddia ilə müraciət edilən vaxta qədər olan komunnal xidmət haqqının əvəzi olaraq 607 (10 ay x 60.70 manat=607 manat) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “liftlərdə kart sisteminin ləğv edilməsi və sair” barədə iddia tələbləri rədd edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “komunnal xidmətə görə haqqın ödənilməsi” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı komunnal xidmətlərə görə 607 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq isə 30 manat olmaqla, cəmi 637 manat məbləğində pul tutularaq Cavabdeh MMCyə ödənilsin. İddiaçılar Nümayəndə1, X2, X8na, X7, X1, X4 Cavabdeh MMC-yə qarşı “qanunsuz tətbiq edilmiş kart sisteminin ləğv edilməsi” barədə iddia tələbləri rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-2186/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2186/2024
18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver