Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2227/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə qərarın etibarsız sayılması, sığorta şəhadətnaməsində göstərilmiş 3568,74 manat müqavilə üzrə hesablanmış sığorta məbləğinin ödənilməsi və ödənilməyən məbləğin hər gün üçün 0,1% dəbbə pulu hesablanaraq tam ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə elektron məlumatlar əsasında müəyyən edilir ki, iddiaçı fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər kimi vergi uçotuna alınmış və ********** saylı VÖEN-ə sahib olmaqla, fəaliyyət istiqaməti yulafın becərilməsi ilə bağlıdır. Cavabdeh isə sığorta fəaliyyətini yerinə yetirən kommersiya subyektidir. İddiaçının iddia tələbi isə yerinə yetirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı olan və cavabdehlə aralarında bağlanmış sığorta müqaviləsi üzrə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədardır. Beləliklə, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə iki sahibkarlıq subyekti olmaqla yanaşı, həm də iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında da qeyd edilir ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (12 və 13-cü bəndlər). Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı aidiyyət qaydalarını pozaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən onun iddiasına həmin məhkəmədə baxıla bilməz, bu səbəbdən də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən aiddiyyət qaydaları pozularaq məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından, onun tərəfindən ödənilmiş 125 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, ərizəçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alındığından, ödədiyi 125 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Bakı şəhər Xətai Rayon Məhkəməsinə ödənilmiş 50,12 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-2227/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2227/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver