Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2278/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavavdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin alınması, İddiaçı üçün 100 manat məbləğində alimentin tutulması, mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat rüsumun və 300 manat məbləğində vəkil xidmətinə görə ödənilmiş xərcin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 25 yanvar 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 doğulmuşdur. Sonra Xətai rayon məhkəməsinin e-2(011)- 6922/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşağın ananın yanında qalması və alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra 18 dekabr 2024-cü il tarixdə iddiaçı ilə cavabdehin ikinci övladı X5 dünyaya gəlmişdir. Həmçinin cavabdeh ilə birgə nikahlarından dünyaya gələn hər iki uşaq 04 yanvar 2022-ci il təvəllüdlü X4 və18 dekabr 2024-cü il təvəllüdlü X6 iddiaçı ilə yaşayır. Uşaqların bütün ehtiyaclarını iddiaçı ödəyir, hazırda uşaqlar böyüdükcə tələbаtları аrtdığından mövcud iqtisadi şəraitdə onları saxlamaqda və maddi tələbatının təmin edilməsində hədsiz çətinlik çəkir. İddiaçı halhazırda sosial məzuniyyətdədir və onun gəlirləri xeyli azalıb. Buna görə də cavabdeh də ata kimi uşağın saxlanılmasında iştirak etməli həmdə iddiaçıya maddi cəhətdən kömək etməlidir. Cavabdeh hal-hazırda işləyir və aliment ödəmək üçün kifayət qədər imkanı var. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, vəkil xidmətinə görə ödənilmiş 300 manat xərcin tutulması tələbini iddia tələblərindən çıxarmışdır. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, AR DİN Baş Muhafizə İdarəsinin Xətai Rayon Muhafizə İdarəsində polis serjantı vəzifəsində işlədiyini və həmin idarə tərəfindən verilmiş arayışa əsasən, onun aylıq əmək haqqının 715,35 manat təşkil etdiyini, əmək haqqından tutulmalar çıxılmasından sonra həmin məbləğdən ona yalnız 619 manat ödənildiyini bildirmişdir. Həmçinin kredit müqaviləsi üzrə hər ay 223,51 manat ödəniş edir. Hər ay iki sığorta ödənişi edir ki, bu da kredit müqaviləsi üzrə cəmi 248,84 manat təşkil edir. İddiaçı ilə birgə nikahdan olan digər övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün də 236 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddia tələbi üzrə alimentin məbləği müəyyən olunarkən məhkəmə tərəfindən təqdim etdiyi bütün faktlar və şəraitlər nəzərə alınmalıdır. İddiaçı özü AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində çalışır və oradan yüksək əmək haqqı alır. Lakin o, yenə də övladına aliment ödəməkdən imtina etmir. Hazırda onun 100 manat aliment məbləğini ödəməyə imkanı çatır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdəfiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın qismən təmin edilərək qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6922/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X3 ananın himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsinin Arayışından görünür ki, İddiaçı 6 saylı Cəzaçəkmə müəssisəsinin Mühasibat şöbəsinin muhasibi vəzifəsində çalışır və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək sosial məzuniyyətdədir. AR DİN Baş Muhafizə İdarəsinin Arayışından görünür ki, Cavabdeh Xətai rayon Muhafizə İdarəsində polis nəfəri vəzifəsində işləyir, aylıq əmək haqqı 715,35 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. AR Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu:
1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı:
1. Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. Məhkəmənin mövqeyi: Məhkəmə xx.xx.2024-cü il təvəllüdlü X2 tərəflərin birgə nikahlarından doğulmasını, uşağın hazırda iddiaçının yanında saxlanılmasını, valideynlərin uşaqlarını saxlamaq vəzifəsini və aliment ödəyən əmək qabiliyyətli valideynin qazanca malik olmaması və ya qazancının az olmasının onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmədiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Məhkəmə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun 246 manat, minimum əmək haqqının 400 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, alimentin məbləği onun indeksiyası məqsədi üçün minimum əmək haqqı məbləğinin 0,615 mislinə uyğun müəyyən edilməli, həmçinin alimentin tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət olunan xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İddia tələbinin “İddiaçı üçün 100 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” ilə bağlı hissəsində məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsidir. Həmin maddəyə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin, iş materialları ilə cavabdehin keçmiş arvadına aliment ödəmək üçün zəruri vəsaitə malik olması sübut olunmur. Belə ki, iş materialları ilə təsdiq olunur ki, cavabdehin aylıq əmək haqqı 715,35 manatdır. Cavabdeh iddiaçı ilə birgə nikahlarından olan ilk uşağının saxlanılması üçün hər ay 235 manat aliment ödəməlidir. Hazırki məhkəmə qətnaməsi ilə isə müəyyən olunur ki, cavabdeh ikinci uşağının saxlanılması üçün hər ay 246 manat aliment ödəməlidir. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 305 manat olması, yəni cavabdehin özü üçün zəruri olan yaşayış minimumu da nəzərə alındığında müəyyən olunur ki, cavabdeh keçmiş arvadına aliment ödəmək üçün zəruri vəsaitə malik deyil. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, “İddiaçı üçün 100 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İlkin mediasiya sessiyası üçün ödənilmiş xərcin 50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli