Məhkəmə qərarları › İş №e-2(011)-2280/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2280/2024

05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2280/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçının qardaşı Əlizamin Rzayevin vəfatı ilə bağlı mənəvi ziyana görə 40.000 manat məbləğində kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı Əlizamin Rzayev 2002- 2006-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almış, 2007-2008-ci illər ərzində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 2008-ci ildə isə prokurorluq orqanlarına işə qəbul olunaraq, həmin dövrdən Tərtər Hərbi Prokurorluğunda stajor müstəntiq və müstəntiq vəzifələrində işləmişdir. Tərtər rayonunda işlədiyi ilk dövrlərdə iddiaçının qardaşı Əlizamin iş yoldaşları ilə, hadisə baş verməmişdən əvvəl təxminən son bir ildə isə Fərəc adlı digər iş yoldaşı ilə birlikdə Tərtər şəhərində kirayədə yaşamışdır. Sonuncu dəfə iddiaçı, Əlizaminlə hadisədən bir gün öncə, yəni 30 sentyabr 2010-cu il tarixdə telefonla danışmışdır. Həmin vaxt Əlizamin iddiaçıya bildirmişdir ki, 02 oktyabr 2010-cu il tarixdə Masallı rayonuna xalası nəvəsinin toyuna gəlməyə hazırlaşır. 01 oktyabr 2010-cu ildə tarixdə səhər saatlarında isə qonşuluqda yaşayan iddiaçının əmisi Türbətəlinin evindən ağlamaq səsi eşidərək anası ilə birlikdə dərhal onlara getmişdir. Orada iddiaçıya Əlizaminin avtoqəzaya düşdüyünü bildirsələr də, bir qədər sonra öyrənmişdir ki, Əlizamin avtoqəzada deyil, Tərtər rayonunda kirayə yaşadığı evdə hamamda çimərkən vəfat edib. Həmin vaxt iddiaçı, qardaşı Ə.Rzayevin ölümü ilə əlaqədar obyektiv araşdırma aparılmasını təmin etməkdən ötrü ərizə ilə müxtəlif dövlət orqanlarına müraciət etmişdir. İddiaçı qardaşının meyiti Masallı rayonuna gətirildikdən sonra onu görmüşdür. O, iddiaçının yeganə qardaşı idi. Onun universiteti bitirməsini və işləməsini çox böyük ümidlə gözləmişlər. Tələbəlik illərində o, ailəsi ilə birlikdə qalırdı. Onun qulluğunu tutub, universitetə yola salır, geri qayıdanda qarşılayırdı. İddiaçı qardaşının toyunu görmək istəyirdi, lakin səlahiyyətli orqanların məsuliyyətsizliyi nəticəsində qardaşı faciəvi surətdə vəfat etmişdir. Onun toyunu görmək nəsib olmamışdır. Araşdırmadan sonra məlum olmuşdur ki, Cavabdeh əməkdaşı X1 Qaz İstismar sahəsində rəis vəzifəsini icra etməklə eyni zamanda həmin sahənin ustası kimi vəzifəli şəxs olaraq vəzifə təlimatına və borcuna əsasən rəhbərlik etdiyi sahə üzrə xidmətlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə abonentlərə məxsus qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işlərinin aparılmasına, təbii qazdan istifadə edən əhalinin yaşayış yerlərində qaz cihazları və avadanlıqlarının sazlığına, xidmət ərazisində əhalinin istifadəsində olan qaz cihazlarının “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının” tələblərinə uyğun olmasına, qaz avadanlıqlarına texniki xidmətin düzgün aparılmasına, həmçinin abonentlərə “Qaz təsərrüfatında təhlükəsizlik” qaydalarına uyğun təlimat keçirilməsinə məsuliyyət daşımaqla, buna nəzarət etməli olmasına baxmayaraq, işə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini layiqincə yerinə yetirməmiş, ünvan 1 ünvanında yerləşən evin həyətindəki su qızdırıcısı quraşdırılmış hamamın istismarında ventilyasiya sisteminə, tüstü bacalarının ölçülərinə və materialına, qapısının kip bağlanmamaqla müəyyən edilmiş hava keçmə məsafəsinə, eyni zamanda texniki baxışların keçirilməsinə dair müvafiq təhlükəsizlik qaydalarına zidd nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görməyərək, həmin ünvanda müvəqqəti kirayədə yaşayan iddiaçının qardaşı Ə.Rzayevin 01 oktyabr 2010-cu il tarixdə qeyd olunan hamamda çimərkən dəm qazından zəhərlənərək ehtiyatsızlıqdan ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Tərtər Rayon Məhkəməsinin 1(61)-40/2011 saylı, 05 may 2011-ci il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Tərtər Rayon Məhkəməsinin hökmü icra edilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Cavabdeh X13ı İdarəsinin əməkdaşının təqsiri üzündən baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri nəticəsində baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının qardaşının ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddianın məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, verdiyi izahatda bildirmişdir ki, iddiaçının anası X7 oğlunun vəfat etməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2012/2023 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının anası X3 xeyrinə 50.000 manat mənəvi ziyanın tutulması qət edilmişdir. İşin faktiki halları: İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh təşkilatın əməkdaşının səhlənkarlığı ucbatından iddiaçı qardaşını itirmişdir. 01 oktyabr 2010-cu il tarixdə baş vermiş hadisə nəticəsində X2 ölməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından görünür ki, Tərtər Rayon Məhkəməsinin 1(61)-40/2011 nömrəli 05 may 2011-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm öz qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş materiallarından görünür ki, hazırkı mülki iş üzrə iddiaçının anası X7 Cavabdeh İByə qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2012/2023 saylı 19 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən Q.Rzayevanın xeyrinə 50.000 manat mənəvi zərərin tutulması qət edilmişdir. İş materiallarında olan şəhadətnamələrdən görünür ki, X5 iddiaçının qardaşıdır və 01 oktyabr 2010-cu il tarixdə dəm qazının toksik təsiri səbəbindən vəfat etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı: 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qardaşının vəfatında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının qardaşını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının qardaşının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri nəvələrinin yanğından aldıqları xəsarətlər nəticəsində tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının qızının dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz qardaşını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının qardaşının ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, qardaşının ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Bununla yanaşı, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını, o cümlədən cavabdehin də maddi imkanlarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5.000 manat pulun tutulmasını ədalətli və ağlabatan hesab edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 210.60 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 26.30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, qalan 184.30 manat iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq Cavabdehndən 5.000 (beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 26.30 (iyirmi altı manat otuz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 184.30 (bir yüz səksən dörd manat otuz qəpik) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar