Məhkəmə qərarları › İş №e-2(011)-229/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-229/2025

24.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-229/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 Əli oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Milli Elmlər Akademiyasının müstəqil tələb irəli sürməyən “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Milli Elmlər Akademiyasının müstəqil tələb irəli sürməyən “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasında, xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən "xxxx" MMC ilə əmək müqaviləsi əsasında baş mütəxəssis vəzifəsi üzrə əmək fəaliyyətini davam etdirmişdir. Daha sonra "xxxx" MMC ilə yeni əmək müqaviləsi ilə xx.xx.2022-ci il tarixdən etibarən sektor müdiri vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin fəaliyyəti müddəti ərzində direktorun tutduğu vəzifəsindən azad olması səbəbindən iddiaçının əmək fəaliyyətinin dayandırılması barədə ərizəsi təmin edilməmişdir. Bununla əlaqədar bir neçə dəfə Azərbaycan Milli Elmlər Akademiyasına, "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə bir neçə dəfə müraciəti olmuşdur. Əmək fəaliyyətilə əlaqədar əmək haqqı ödənilməmiş, müraciətləri əsasında əmək müqaviləsinə xitam verilmədiyindən başqa işəgötürənlə müqavilə bağlanması qeyri-mümkün olmuşdur. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına və "xxxx" MMC-yə Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əmək mübahisələrinə dair məhkəməyədək mediasiya sessiyasının keçirilməsi barədə təklif göndərildikdən sonra "xxxx" MMC-yə direktor təyin edilmiş, ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən çalışdığı və əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona əmək haqqı tam ödənilməmiş, əmək kitabçası verildiyi gün son haqq hesab edilməmişdir. Bu səbəbdən hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. X12 Xidmətinə müraciətilə əlaqədar bildirilmişdir ki, "xxxx" MMC-nin ünvanına (AZ1149, ünvan 1 nömrəli xx.xx.2023- cü il tarixli məktub göndərilmiş və iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin məktub poçt xidmətinə məxsus F-20 formasında “imtina edilib” qeyd edilərək geri qaytarılmışdır. Həmçinin, izahatda qeyd olunan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin ünvanına (ünvan 2 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, məktub işəgötürənə xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktubda "Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər haqqında "AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarının 6-cı bəndi ilə AMEA-nın nəzdində "xxxx" MMC-nin ləğv edildiyi və müəssisənin ləğvi istiqamətində müvafiq qanunvericiliyə uyğun olaraq bir sıra tədbirlər həyata keçirildiyi, lakin ləğvetmə prosesinin rəsmiləşdirilməsinin başa çatdırılmadığı, bununla bağlı Azərbaycan Milli X1rşısında vəsatət qaldırıldığı və ləğvetmə prosesinin başladıldığı qeyd edilmişdir. Həmin məktubda qeyd olunan məsələ ilə bağlı iddiaçıya mütəmadi olaraq məlumat verildiyi, qanunvericiliyə uyğun olaraq müvafiq qurumun cavab məktubu alindıqdan sonra iddiaçının işdən azad edilməyi barədə qanunvericiliyə uyğun olaraq əmr veriləcəyi və əmək kitabçasının təqdim ediləcəyi bildirilmişdir. Həmçinin, məktubda əmək müqaviləsinə hələ xitam verilmədiyi üçün son haqq-hesabla bağlı sənədlərin təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-də fəaliyyəti müddətində ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasında, xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən "xxxx" MMC ilə əmək müqaviləsi əsasında baş mütəxəssis vəzifəsi üzrə əmək fəaliyyətini davam etdirmişdir. Daha sonra "xxxx" MMC ilə yeni əmək müqaviləsi ilə xx.xx.2022-ci il tarixidən etibarən sektor müdiri vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 01 nömrəli əmrlə xitam verilmişdir. İddiaçı "xxxx" MMC-də çalışdığı müddət ərzində hesablanmış, lakin ödənilməmiş əmək haqqı məbləğləri iddia tələbinə əlavə edilmiş sənədlərlə (sosial arayış) öz təsdiqini tapır. Digər tərəfdən təqdim edilmiş sosial arayışdan görünür ki, gəlirlər hesablanmış, lakin hesablanan aylıq əmək haqqından, gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı İcbari tibbi sığorta haqqları ödənilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı "xxxx" MMC-də fəaliyyəti müddətində, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı həmçinin izahatında bildirmişdir ki, 2016-cı ildən 2019-cu ilin dekabr ayınadək Milli Elmlər Akademiyasında işləmiş, 2019cu ilin dekabr ayında "xxxx" MMC-də işə qəbul olunmuşdur. 2021-ci ilin avqust ayının 25də "xxxx" MMC-də işə qəbul olunmuşdur. 2021-ci ildən əmək haqqı almamış, 30 aprel 2024-cü il tarixdə işdən çıxmışdır. İddiaçı 2021-ci ildən 2022-ci ilin oktyabr ayınadək işə çıxmışdır. Həmin vaxt başqa yerdə işləməmişdir. Əmək haqqının verilməməsi ilə bağlı Akademiyanın prezidentinə müraciət etmiş, məhkəməyə müraciəti olmamışdır. 2023-cü ilin sonunda əmək haqqının və əmək kitabçasının verilməsi ilə bağlı Əmək müfəttişliyinə müraciət etmiş və iddiaçıya əmək haqqının hesablanıb ödəniləcəyi bildirilmişdir. 2024-cü ilin fevral ayında mediasiyaya müraciət etmiş, 30 aprel 2024-cü il tarixdə mediasiya prosesi dövründə işdən çıxarılması barədə əmri almışdır. Heç vaxt maaş kartı olmamış, heç bir ödəniş almamışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı işdən azad olması ilə bağlı əmri aldıqdan sonra qanunvericiliyin tələbinə əsasən mediasiya prosesi keçirilmiş və sonradan məhkəməyə müraciət etmişdir, müddət ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 Əli oğlu iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki, 03 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və üçüncü şəxs Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi kimi tərəfindən müvafiq yazılı vəsatət ünvanlanaraq, həmin vəsatətə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli arayışı əlavə edərək bildirmişdir ki, İddiaçı və Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə faktiki heç bir əmək müqaviləsi bağlanılmamışdır. Bununla belə, İddiaçı 22 iyul 2022-ci il tarixdə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə qəbul olunması ilə bağlı heç bir əmək müqaviləsi bağlanılmadığı halda, e-2(011)-5805/2024 saylı mülki işə baxılarkən, İddiaçı guya ki, 22 iyul 2022-ci il tarixdə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək müqaviləsi bağlaması və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Layihələndirmə sektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yalnış məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə yerləşdirilməsi faktı müəyyən edilmişdir. Aparılmış əlavə araşdırma zamanı da İddiaçı və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış hər hansı bir əmək müqaviləsi, hətta iddiaçı ilə bağlı hər hansı bir sənəd aşkar olunmamışdır. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Layihələndirmə sektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yanlış da olsa, məlumatların olması 22 iyul 2022-ci il tarixdən qeyd olunması səbəbindən, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ərizəsi nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə verilmiş 30 aprel 2024-cü il tarixli əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “a” bəndinə uyğun olaraq, öz xahişinə əsasən xitam verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İddiaçı ilə bağlanılmış hər hansı bir əmək müqaviləsini aşkar etmək mümkün olmamışdır. Digər tərəfdən isə əgər İddiaçı ilə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında həqiqətən də əmək müqaviləsi bağlanılsa idi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü bəndinin tələblərinə əsasən həmin əmək müqaviləsinin bir nüsxəsi İddiaçı verilməli idi. Belə ki, qeyd olunan qanunun müddəasının tələblərinə görə “Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub, tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.” Lakin İddiaçı məhkəmədə onda əmək müqaviləsinin heç bir nüsxəsinin olmamasını bildirmişdir. Bundan başqa, aparılmış araşdırma zamanı İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iddia olunan dövrdə “işləməsi”, onun hər hansı bir işi görməsi və ya hər hansı bir fəaliyyətlə məşğul olması, ümumiyyətlə, işə çıxması haqqında heç bir sənəd və məlumat aşkar olunmamışdır. İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “işləməsi” iddia olunan dövrdə hər hansı bir məbləğdə məvacib alması faktı- halı da müəyyən olunmamışdır. Əmək Məcəlləsinin 294cu maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işə götürəni qane etməzsə həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin e-2(011)-5805/2024 saylı mülki işin sənədlərindən də göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Layihələndirmə sektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yalnış da olsa, məlumatların olması 22 iyul 2022-ci il tarixdən qeyd olunması səbəbindən, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ərizəsi nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə verilmiş 30 aprel 2024-cü il tarixli əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “a” bəndinə uyğun olaraq, öz xahişinə əsasən xitam verilmişdir. İddiaçı isə “Elm və Texnologiyalar Parkında” işdən azad olunması haqqında əmrin verilməsi, “Elm və Texnologiyalar Parkında” işlədiyi müddətdə ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsinə dair” tələbi ilə Bakı şəhəri 6 saylı X7 Şurasına 27 fevral 2024-cü il tarixdə müraciət etmiş, orada həmin məsələyə 18 aprel 2024-cü il tarixdə baxılmış, Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə verilmiş 30 aprel 2024-cü il tarixli əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “a” bəndinə uyğun olaraq, öz xahişinə əsasən xitam verilmiş, 13 iyun 2024-cü il tarixdə isə “Elm və Texnologiyalar Parkından” işdən azad olunduqdan 1(bir) ay 10 (on üç) gün sonra “Elm və Texnologiyalar Parkında” fəaliyyəti müddətində ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsinə dair” tələbi ilə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və bununlada Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinin tələblərini pozaraq, əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən, İddiaçı e-2(011)-5805/2024 mülki iş üzrə iddia ərizəsini iddia müddətləri keçdikdən sonra verdiyindən iddiaçının iddiasından imtina barəsində müvafiq məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, my.gov.az saytından olan 11 fevral 2024-cü il tarixli Vətəndaşın iş yeri haqqında arayışın surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də 22 iyul 2022-ci il tarixdən 21 iyul 2023-cü il tarixədək Layihələndirmə sektorundan sektor müdiri vəzifəsində işləmiş, əmək haqqı 560 manat təşkil etmiş, 05 iyul 2023-cü il tarixdən 31 mart 2024-cü il tarixədək Azərbaycan Milli Elmlər X4 İnstitutunda Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyası şöbəsində elektronçu vəzifəsində işləmiş, aylıq əmək haqqı 280 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, onun "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə 1 saylı Bakı DOST Mərkəzinə ünvanlandığı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, ərizənin araşdırılmasında qeyd edilən pozuntuların dəqiqləşdirilməsi məqsədilə izahatının alınması və əmək haqqı barədə bank çıxarışının təqdim olunması ilə bağlı olaraq (çıxarışı əmək haqqı aldığı müvafiq bankın istənilən filialından əldə edə bilər) İddiaçı (şəxsiyyət vəsiqəsi ilə) yeddi iş günü ərzində ona yaxın olan DOST mərkəzinə gəlməyi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə 1 saylı Bakı DOST Mərkəzinə ünvanladığı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Eyni zamanda, 1 saylı Bakı DOST Mərkəzinə təqdim etdiyi izahatında əmək müqaviləsinə xitam verilməsinə və son haqq-hesabının düzgün hesablanıb ödənilməsinə ona köməklik göstərilməsini xahiş etmiş, lakin əmək haqqı bank hesabından çıxarış təqdim etməmişdir. Müraciətilə əlaqədar "xxxx" MMC-nin ünvanına (AZ1149, ünvan 1 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin məktub poçt xidmətinə məxsus F-20 formasında “imtina edilib” qeyd edilərək geri qaytarılmışdır. Həmçinin, İddiaçı izahatında qeyd etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin ünvanına (ünvan 53 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, məktub işəgötürənə xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktubda "Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər haqqında "AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarının 6-cı bəndi ilə AMEA-nın nəzdində "xxxx" MMC-nin ləğv edildiyi və müəssisənin ləğvi istiqamətində müvafiq qanunvericiliyə uyğun olaraq bir sıra tədbirlər həyata keçirildiyi, lakin ləğvetmə prosesinin rəsmiləşdirilməsinin başa çatdırılmadığı, bununla bağlı Azərbaycan Milli X1rşısında vəsatət qaldırıldığı və ləğvetmə prosesinin başladıldığı qeyd edilmişdir. Həmin məktubda qeyd olunan məsələ ilə bağlı İddiaçı mütəmadi olaraq məlumat verildiyi, qanunvericiliyə uyğun olaraq müvafiq qurumun cavab məktubu alındıqdan sonra onun işdən azad edilməyi barədə qanunvericiliyə uyğun olaraq əmr veriləcəyi və əmək kitabçasının təqdim ediləcəyi bildirilmişdir. Həmçinin, məktubda əmək müqaviləsinə hələ xitam verilmədiyi üçün son haqq-hesabla bağlı sənədlərin təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən İddiaçıla "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim edildiyi təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, X5 baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor X8 ünvanlanmış 23 fevral 2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Radiasiya Problemləri İnstitutunda müvafiq vəzifəyə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibliyə ünvanlanmış 05 dekabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 25 avqust 2021-ci ilin sentyabr ayından "xxxx" MMC-nin Layihənləndirmə sektorunda sektor müdiri vəzifəsində işləyir. İddiaçı MMC-nin fəaliyyətinin dayandırılması ilə əlaqədar onu tutduğu vəzifədən azad edilməsi barədə müvafiq tapşırıq verilməsini xahiş etmişdir. İş materiallarında olan X9 (İMS) İştirak edilməməsi barədə 18 aprel 2024-cü il tarixli, MŞB/6-00562 nömrəli arayışın surətindən görünür ki, İddiaçı əmrin verilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqı tələbi üzrə 27 fevral 2024-cü il tarixdə müraciət etmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 07 iyun 2016-cı il tarixdə (225-k №-li əmr) Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin Elm və Texnologiyalar Parkının Layihələrdirmə sektoruna aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir, 05 yanvar 2017-ci il tarixdə (08-k №-li əmr) İşlər İdarəsinin 1 saylı Laboratoriyasına aparıcı mütəxəssis keçirilmiş, 12 oktyabr 2018-ci il tarixdə (15-k №-li əmr) AMEA Rəyasət Heyəti aparatının X11 Mərkəzinin 2 №-li elmi tədqiqat laboratoriyasına baş mütəxəssis vəzifəsinə keçirilmiş, 10 dekabr 2019-cu il tarixdə (778 №-li sərəncam) AMEA RH aparatının X14 AMEA RH-nin 10 dekabr 2019-cu il tarixli 18/1 №-li qərarı ilə ləğv edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 03 aprel 2020-ci il tarixdə (01/KM 2020№-li əmr) "xxxx" MMC-də proqramçı vəzifəsinə qəbul edilmiş, 31 may 2021-ci il tarixdə (02/KM2021 №-li əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 25 avqust 2021-ci il tarixdə (12 №-li əmr) "xxxx" MMC-də təcrübikonstruktor işləri sektoruna baş mütəxəssis vəzifəsinə təyin edilmiş, 14 oktyabr 2021-ci il tarixdə (20 №-li əmr) Layihələndirmə sektoruna sektor müdiri vəzifəsinə təyin edilmiş, 30 iyun 2022-ci il tarixdə (22/010 №-li əmr) sektor müdiri üzrə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 682 nömrəli maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən 30 iyun 2022-ci il tarixdən xitam verilmişdir. 22 iyul 2022-ci il tarixdə Layihələndirmə sektoru bölməsinə sektor müdiri vəzifəsinə 22 iyul 2022-ci il tarixdən işə qəbul edilmişdir. 30 aprel 2024-cü il tarixdə sektor müdiri üzrə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 13 may 2024-cü il tarixdə (158 №-li əmr) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi RPİ-nin Elektron sürətləndiricisinin nəzdində “İnnovativ tədqiqatlar” qrupuna müqavilə müddətinə aparıcı mühəndis vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı ştat cədvəlinə uyğun (B dər) olmaqla ödəniləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, "xxxx" MMC hüquqi şəxsdir, təsisçisi hazırkı Dövlət Əmlak Agentliyidir. "xxxx" MMC-nin əməkdaşının heç bir ştat vahidi ilə sabit əmək haqqı olmamışdır. Prezidentin fərmanı ilə Milli Elmlər Akademiyası 2 yerə bölünərək, dəqiq elmlər Elm və Təhsil Nazirliyinə, qalan humanitar və ictimai elmlər Milli Elmlər Akademiyasına verilmişdir. "xxxx" MMC Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının ərazisində rezident olaraq yaddan çıxarılmışdır. Bu məsələ ilə bağlı Rəyasət Heyyətinə müraciət olunmuş, Rəyasət Heyyətinin qərarı ilə "xxxx" MMC-nin bağlanması haqqında qərar verilmişdir. Orada müəyyən pozuntular olmuş, bununla əlaqədar bir neçə ay öncə komissiya təşkil olunmuş və komissiyanın sədri X10 olmuşdur. O, həmçinin Yüksək Texnologiyalar Parkının baş direktoru olmuş, direktro olan zaman ərazidə fəaliyyət göstərən bütün rezidentləri yaxşı tanımış, "xxxx" MMC də həmin rezidentlərdən biri olmuşdur. "xxxx" MMC-nin əmək prinsipi qrantlara əsaslanmış, qrantların bəzi hissələri leqallaşdırılmadığından sabit əmək haqqı mövcud olmamışdır. Elm və Texnologiya Parkı bağlandıqdan sonra iddiaçı sistemdə qaldığı üçün, sistemdə ASAN imza sahibi olmadığı üçün uzun müddət silinməmiş, ona görə də iddiaçı başqa rəsmi iş yerinə qəbul ola bilməmişdir. "xxxx" MMC hüquqi şəxs olaraq mövcuddur, lakin fəaliyyəti uzun müddətdir dayandırılmışdır. ASAN imza alınması, qalan proseslərin başa çatdırılması, likvid balansın Dövlət Əmlak Agentliyinə təhvil verilməsi üçün Rəyasət Heyyətinin qərarı ilə oraya müvəqqəti direktor qoyulmuş, işçi komissiyası yaradılmışdır. X2 sədri olaraq məlumatlıdır ki, əmək haqqı olmamışdır. Hazırkı iddia tələbi cavabdeh üçün real və aktual deyildir. Cavabdehin elə bir maliyyə imkanı da yoxdur. Milli Elmlər Akademiyası büdcə təşkilatıdır. Büdcə sistemi haqqında qanuna görə o təsnifatda həmin vəsait nəzərdə tutulmamışdır. İddiaçı işdən çıxarılan zaman ona hüquqları izah edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra bu məcəlləyə istiad olunacaq) işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 2 (3-cü hissə). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 3 (3-cü hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 3 (4-1-ci hissə). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. (Maddə 154; 1-ci hissə) Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. (Maddə 157; 3-cü hissə) İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. (Maddə 155; 1-ci hissə) İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. (Maddə 165) Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. (Maddə 83; 2-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172 (5-ci hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296 (4-cü hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Maddə 296 (5-ci hissə). Əmək Məcəlləsinin 3-cü maddəsi müəyyən edir ki, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, İşəgötürən isə — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını müəyyən edən həmin Məcəllənin 9-cu maddəsinə görə, işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququna malikdir. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, hazırki tələb əmək haqqı ilə bağlı pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixədək işlədiyini göstərdiyini iddia edərək, həmin dövrdə ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinə və son haqqhesabının düzgün hesablanıb ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciət etmiş, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin ünvanına (AZ1149, ünvan 1 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin məktub poçt xidmətinə məxsus F-20 formasında “imtina edilib” qeyd edilərək geri qaytarılmışdır. Həmçinin, İddiaçı izahatında qeyd etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin ünvanına (ünvan 53 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, məktub işəgötürənə xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktubda "Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər haqqında "AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarının 6-cı bəndi ilə AMEA-nın nəzdində "xxxx" MMC-nin ləğv edildiyi və müəssisənin ləğvi istiqamətində müvafiq qanunvericiliyə uyğun olaraq bir sıra tədbirlər həyata keçirildiyi, lakin ləğvetmə prosesinin rəsmiləşdirilməsinin başa çatdırılmadığı, bununla bağlı Azərbaycan Milli X1rşısında vəsatət qaldırıldığı və ləğvetmə prosesinin başladıldığı qeyd edilmişdir. Həmin məktubda qeyd olunan məsələ ilə bağlı İddiaçı mütəmadi olaraq məlumat verildiyi, qanunvericiliyə uyğun olaraq müvafiq qurumun cavab məktubu alındıqdan sonra onun işdən azad edilməyi barədə qanunvericiliyə uyğun olaraq əmr veriləcəyi və əmək kitabçasının təqdim ediləcəyi bildirilmişdir. Həmçinin, məktubda əmək müqaviləsinə hələ xitam verilmədiyi üçün son haqq-hesabla bağlı sənədlərin təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən İddiaçıla "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. İddiaçı əmrin verilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqı tələbi üzrə 27 fevral 2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, 30 aprel 2024-cü il tarixdə iddiaçının işdən çıxarılması barədə əmr verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış hər hansı bir əmək müqaviləsi, hətta iddiaçı ilə bağlı hər hansı bir sənəd aşkar olunmamışdır. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Layihələndirmə sektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yanlış da olsa, məlumatların olması 22 iyul 2022-ci il tarixdən qeyd olunması səbəbindən, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ərizəsi nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə verilmiş 30 aprel 2024-cü il tarixli əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “a” bəndinə uyğun olaraq, öz xahişinə əsasən xitam verilmişdir. Məhkəmə gedişatı dövründə tərəflərdən aralarında bağlanmış əmək müqaviləsinin məhkəməyə təqdim edilməsi tələb olunsa da, iddiaçı müqaviləni təqdim etməmiş, cavabdehin nümayəndəsi isə ümumiyyətlə iddiaçı ilə əmək müqaviləsinin bağlanmamasını, belə müqavilənin mövcud olmamasını bildirmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı Hüseybala oğlu və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC arasında bağlanılmış hər hansı bir əmək müqaviləsi faktiki mövcud olmadığı halda, onun adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC-nin Layihələndirmə sektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yanlış məlumatların yerləşdirilməsi ilə bağlı halın olması nəzərə alınmaqla məhkəmənin müvafiq xüsusi qərardadının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək haqqının ödənilməsi tələbinə 1 illik iddia müddəti tətbiq olunmalıdır. Belə ki, iddiaçının məhkəməyə verdiyi izahatı ilə təsdiq olunur ki, iddiaçı 2021-ci ildən işdən çıxarıldığı dövrə qədər heç vaxt əmək haqqı almamış və real olaraq hüququnun pozulduğunu bildiyi halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətlındirib, yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçının cavabdeh təşkilatda faktiki işləməsi sübutlara təsdiq edilmədiyindən, həmçinin iddia qanunvericiliklə müəyyən edilmiş 1 illik müddət ötürülməklə verildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Milli Elmlər Akademiyasının müstəqil tələb irəli sürməyən “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar