Məhkəmə qərarları › İş №e-2(011)-2297/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2297/2022

12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2297/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 QSC-nin etibarnamə üzrə nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçıdan borc aldığı 8.058 manat, illik 26 faiz olmaqla, 36 ay müddətinə bankdan götürərək ona verdiyi 7.000 manat, mağazadan alaraq Cavabdeh2 verdiyi telefonun dəyəri kimi 934 manat, bankdan kredit götürülmüş məbləğə hesablanmış faiz qismində 3.157 manat, ümumilikdə isə 19.149 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 148 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7” QSC-nin əməkdaşı Cavabdeh2 müxtəlif vaxtlarda iddiaçının etibarından sui-istifadə etməklə onun 19.149 manat məbləğində pul vəsaitini ələ keçirmiş, bununla da iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. İddiaçı "xxxx" QSC-də işləyir. Cavabdeh2 isə Cavabdeh1 QSC-də maşinist köməkçisi vəzifəsində işləyir. Onun da işi dəmir yolu ilə əlaqədar olduğuna görə onlar tanış olmuşlar, iddiaçı onu Cavabdeh1 QSC-nin işçisi kimi tanımışdır. Onların arasında olan söhbət əsnasında Cavabdeh2 iddiaçının bankdan pul götürüb müalicə olunmaq istədiyini bildikdən sonra müxtəlif bəhanələrlə ona qısa bir müddətə pul lazım olmasını, tezliklə pulun qaytaracağını iddiaçıya bildirmiş, iddiaçı ona inanaraq müxtəlif vaxtlarda ona pul vermiş, öz adına telefon alaraq cavabdehə vermiş, ümumilikdə 15.992 manat məbləğində nağd pul və telefon vermişdir. Cavabdeh2 2021-ci ilin aprel ayında iddiaçıya bildirmişdir ki, işlədiyi iş yerində bir problemi olmuşdur, vurduğu zərəri ödəməsə onu işdən çıxaracaqlar, ona təxminən 4.000 manat pul lazımdır. Həmin vaxt iddiaçı ona 3.700 manat məbləğində pul vəsaiti vermişdir. Daha sonra cavabdeh iddiaçıdan əlavə 3.000 manat da istəmiş, iddiaçı bu dəfə də ona özündə olan 2.500 manat pulu vermişdir. Cavabdeh ona tezliklə qardaşının adına kredit götürüb onun borclarını ödəyəcəyini bildirmişdir. Sonradan iddiaçı cavabdehə 300, 500, 150 və daha az məbləğlər olmaqla, 1.858 manat məbləğində, ümumilikdə isə 8058 manat məbləğində pul vəsaiti vermişdir. 2021-ci ilin iyun ayının sonlarında iddiaçı cavabdehdən bankdan onun adına 7.000 manat məbləğində pul götürməsini xahiş etmişdir. İddiaçı 24 iyun 2021-ci il tarixdə "xxxx" ASC-dən 7.000 manat məbləğində kredit götürərək ona vermişdir. Cavabdeh krediti vaxtlı-vaxtında ödəyəcəyini bildirmişdir. Həmin bankın birinci ödənişi çatmamış, cavabdeh iddiaçıdan onun adına kredit götürməsini xahiş etmişdir. İddiaçı bu dəfə də ona inanıb 18 iyul 2021-ci il tarixdə İrşad Telekom mağazasından 934 manat dəyərində Xiaomi Poco markalı telefon alaraq cavabdehə vermişdir. Məhz bundan sonra iddiaçı cavabdehin onu aldatdığını anlamışdır. Belə ki, bankın və telefonun ödəniş vaxtı gələndə o, ödənişləri etməmiş, iddiaçı onunla əlaqə saxladıqda o, telefonlarını açmamış, iddiaçıdan gizlənməyə çalışmışdır. İddiaçı ondan pulunu qaytarmasını tələb etdikdə o, iddiaçıya iki ədəd kredit kartı vermiş, kredit kartının birinin qardaşı Rövşən Əmrahovun əmək haqqı kartı olmasını və həmin kartlardan hər ay kifayət qədər pul məbləği götürə biləcəyini bildirmişdir. İddiaçı yenə də ona inanmış, kartları ondan alıb ayın sonunu gözləmiş, lakin sonradan kartlara heç bir məbləğ qoyulmadığını görüb ona zəng etmiş, telefonlara cavab verilmədiyi üçün onun evinə getmişdir. Evlərində onun atası və anası iddiaçını qarşılamış, Elçinin borcunu özlərinin ödəyəcəklərini bildirmişdir. Göründüyü kimi, Cavabdeh2 iddiaçıdan 8.058 manat məbləğində özünə məxsus nağd pul vəsaiti illik 26 faiz olmaqla 36 ay müddətinə bankdan götürdüyü 7.000 manat məbləğində pul vəsaiti və 934 manat dəyərində telefon alaraq iddiaçının ümumilikdə 15.992 manat məbləğində pulunu mənimsəmiş, bankdan kredit götürülmüş məbləğə isə iddiaçının 3.157,6 manat məbləğində faiz ödəmək öhdəliyi yaranmış, bununla da iddiaçıya ümumilikdə 19.149 manat məbləğində zərər vurmaqla mülki hüquq pozuntusu törətmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 QSC-nin etibarnamə üzrə nümayəndələri X3 və X4 iddia tələbinə etiraz edərək və cavabdehin hazırkı iddiaya cavab verməli olmadığını bildirərək onlara münasibətdə xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, iddianı sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdehlərə pul vəsaiti verməsinə, lakin pulun ona geri qaytarılmamasına istinad edərək, pulun cavabdehlərdən alınıb ona geri qaytarılmasını xahiş etmişdir. Lakin iddiaçı iddia tələbinin əsasını təşkil edən hallar barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Cavabdeh2 məhkəmənin hazırlıq iclasında iddia tələbini qismən qəbul etmiş, iddiaçıya 14.000 manat məbləğində borcunun olmasını etiraf etmiş, həmin məbləği və bank xərclərini ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi müəyyən hissədə cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalı, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 QSC-yə aid hissəsinə qiymət verərək belə hesab edir ki, iddia ona aid hissədə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 QSC-nin hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs olması müəyyən edilməmişdir. Ona görə də, iddia tələbi ona aid hissədə əsassızdır. Məhkəmə iddianın Cavabdeh2 iddiaçıdan borc aldığı 8.058 manat, illik 26 faiz olmaqla, 36 ay müddətinə bankdan götürərək ona verdiyi 7.000 manat, mağazadan alaraq Cavabdeh2 verdiyi telefonun dəyəri kimi 934 manat, bankdan kredit götürülmüş məbləğə hesablanmış faiz qismində 3.157 manat pulun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Belə ki, məhkəmə belə hesab edir ki, iddiaçı iddiasının əsasını təşkil edən hallar barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 14.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 148 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 74 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, cavabdehdən qalan 74 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 14.000 (on dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar