Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2414/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh X3rşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 xx xxxx 2009-cu il təvəllüdlü X11 Rezanın və xx xxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh Əfqanıstan İslam Respublikasının vətəndaşlarıdırlar və onlar nikahda olmuşlar. Vətəndaşı olduqları ölkədə müharibə şəraiti səbəbindən həyat və sağlamlıqları təhlükə altında olduğu üçün onlar Azərbaycan Respublikasına gəlmişlər. Hal-hazırda onlar Bakı şəhərində yaşayırlar və olduqları yer üzrə Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadırlar. Tərəflərin birgə nikahından xx xxxx 2009-cu il təvəllüdldü X11 Reza və xx xxxx 2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflərin nikahı xx xxxxxx 2019-cu il tarixdə Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində pozulmuş və boşanma haqqında şəhadətnamə verilmişdir. Hazırda uşaqlar iddiaçının himayəsindədirlər və cavabdeh uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. Cavabdeh rəsmi işləməsə də, o ustadır və mütəmadi gəlirə malikdir. Məhkəmədə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdehin rəsmi nikah münasibətindən xx xxxx 2009-cu il təvəllüdldü X11 Reza və xx xxxx 2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 153-cü maddəsinə əsasən, aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar. Həmin Məcəllənin 439-cu maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Həmin Məcəllənin 440-cı maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddia tələbinin təmin edilməsini, cavabdehdən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx xxxxxx 2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2009-cu il təvəllüdldü X11 Rezanın və 29 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2021-ci il tarixdən başlayaraq cavabdeh X7 iddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, aliment tələbinə dair iddianın qiymətinin (bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildikdə) 500 manatdan çox olması nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2009-cu il təvəllüdldü X11 Rezanın və xx xxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2021-ci il tarixdən başlayaraq cavabdeh X4 iddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X6 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2414/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2414/2021
03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver