Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2460/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin, özünə məxsus olan əyaları- dəhlizdə -ayaqqabı şkafı – 1 ədəd, güzgü – 1 ədəd, xalça – 1 ədəd, qonaq otağında - yemək stolu dairəvi – 1 ədəd, stullar – 6 ədəd, güzgü enli – 1 ədəd, şkaf – 1 ədəd, komod – 1 ədəd, televizor “Samsung Curvy” – 1 ədəd, televizor altlığı – 1 ədəd, kreslo – 2 ədəd, divan – 1 ədəd, jurnal stolu – 1 ədəd, pərdə - 2 ədəd, tül pərdə - 2 ədəd, çilçıraq – 1 ədəd, xalça – 1 ədəd, mətbəxdə - mətbəx mebeli divara quraşdırılan – 1 dəst, bişirmə paneli elektrikli quraşdırılan – 1 ədəd, mikrodalğalı soba quraşdırılan “Bosch” – 1ədəd, bişirmə sobası quraşdırılan “Bosch” – 1ədəd, soyuducu “Hitachi” – 1 ədəd, qabyuyan quraşdırılan – 1 ədəd, elektrik çaydanı – 1 ədəd, çörək bişirən elektrikli, elektrikli şirəçəkən – 1 ədəd, toster və izqara elektrikli – 1 ədəd, çilçıraq – 1 ədəd, kiçik xalça – 1 ədəd, stullar mətbəx-bar üçün – 2 ədəd, Yataq otağında - şifoner – 1 ədəd, çarpayı taxt – 1 ədəd, çarpayı döşəyi (matras) – 1 ədəd, tumbalar – 2 ədəd, puf – 1 ədəd, güzgülü termo – 1 ədəd, pərdə - 1 ədəd, tül – 1 ədəd, ütü – 1 ədəd, ütü stolu – 1 ədəd, çilçıraq – 1 ədəd, Balaca otaqda - çilçıraq – 1 ədəd, tül – 1 ədəd, tozsoran – 1 ədəd, vanna otağında - paltaryuyan – 1 ədəd ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Xəqani Rüstəmov küçəsində yerləşən 8 saylı evin 7-ci girişindəki 111 saylı mənzilindən çıxarılması, mənzildən istifadəyə olan maneələrin aradan qaldırılması və mənzilin ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğlu X1 ilə 28.11.2020-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan uşaqları yoxdur. Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsində yerləşən 8 saylı evin 7-ci girişindəki 111 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh nikaha daxil olan gündən ona məxsus olan mənzilə gəlin köçmüş və özü ilə birlikdə yuxarıda sadalanan cehiz əşyalarını da ora gətirmişdir. Oğluna və cavabdehə yaşamaq üçün öz mənzilləri olmadığına görə, müvəqqəti olaraq orada yaşamaları üçün icazə vermişdir. Onlarla birlikdə, yəni, cavabdehlə ailə üzvü kimi yaşamamışdır. Mənzilin açarının 1 nüsxəsi də hazırda cavabdehdədir. Cavabdehin son dövrlərdə oğlu ilə faktiki olaraq ər-arvad münasibətləri mövcud deyildir, ayrılıqda yaşayırlar. Hazırda aralarında olan nikahın pozulmasına dair mülki işə baxılır. Cavabdehə mənzili boşaltması və ona təhvil verməyi xahiş etsə də, o bundan qəti şəkildə imtina etmiş və mənzili heç bir vaxt boşaltamayacağını bildirmişdir. Cavabdeh mənzilə 28.11.2020-ci il tarixdə köçmüşdür. Bu da o deməkdir ki, mübahisəli hüquq münasibəti 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmışdır. Belə olan halda, mübahisəyə Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd edilən faktiki hallardan göründüyü kimi, ona tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzil heç kəsin, o cümlədən cavabdehin hər hansı istifadə hüququ ilə məhdudlaşdırılmamışdır və bu barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeyd yoxdur. Bundan əlavə, cavabdehlə aralarında mənzildən istifadə hüququnun əmələ gəlməsi, dəyişməsi və xitamı barədə hər hansı razılaşma mövcud deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4.-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 05.07.1993-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Anası qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və Cavabdeh arasında nikah 28.11.2020-ci il tarixdə Səadət Sarayında bağlanmış və 791 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş 7, 111 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 18.02.2022-ci il tarixli MBŞ/4-00341 saylı ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığı üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarına əsasən hazırkı mübahisə Mülki Məcəllənin 228.1,228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4.-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən olunur ki, Cavabdeh 2020-ci ildə İddiaçı oğlu ilə ailə quraraq, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8, giriş 7, 111 saylı mənzilə köçsə də, onun həmin mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçı ilə aralarında notariat qaydasında təsdiqlənərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yazılı razılaşma olmamışdır. Həmçinin, qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq məsələ üzrə formalaşdırdığı hüquqi mövqeyə əsasən, cavabdeh iddiaçının ailə üzvü və ya digər qohumları sırasına daxil deyil. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh özünə məxsus olan əyaları- dəhlizdə -ayaqqabı şkafı – 1 ədəd, güzgü – 1 ədəd, xalça – 1 ədəd, qonaq otağında - yemək stolu dairəvi – 1 ədəd, stullar – 6 ədəd, güzgü enli – 1 ədəd, şkaf – 1 ədəd, komod – 1 ədəd, televizor “Samsung Curvy” – 1 ədəd, televizor altlığı – 1 ədəd, kreslo – 2 ədəd, divan – 1 ədəd, jurnal stolu – 1 ədəd, pərdə - 2 ədəd, tül pərdə - 2 ədəd, çilçıraq – 1 ədəd, xalça – 1 ədəd, mətbəxdə - mətbəx mebeli divara quraşdırılan – 1 dəst, bişirmə paneli elektrikli quraşdırılan – 1 ədəd, mikrodalğalı soba quraşdırılan “Bosch” – 1ədəd, bişirmə sobası quraşdırılan “Bosch” – 1ədəd, soyuducu “Hitachi” – 1 ədəd, qabyuyan quraşdırılan – 1 ədəd, elektrik çaydanı – 1 ədəd, çörək bişirən elektrikli, elektrikli şirəçəkən – 1 ədəd, toster və izqara elektrikli – 1 ədəd, çilçıraq – 1 ədəd, kiçik xalça – 1 ədəd, stullar mətbəxbar üçün – 2 ədəd, Yataq otağında - şifoner – 1 ədəd, çarpayı taxt – 1 ədəd, çarpayı döşəyi (matras) – 1 ədəd, tumbalar – 2 ədəd, puf – 1 ədəd, güzgülü termo – 1 ədəd, pərdə - 1 ədəd, tül – 1 ədəd, ütü – 1 ədəd, ütü stolu – 1 ədəd, çilçıraq – 1 ədəd, Balaca otaqda - çilçıraq – 1 ədəd, tül – 1 ədəd, tozsoran – 1 ədəd, vanna otağında - paltaryuyan – 1 ədəd ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Xəqani Rüstəmov küçəsində yerləşən 8 saylı evin 7-ci girişindəki 111 saylı mənzilindən çıxarılsın və əşyaların mənzildən çıxarılması cavabdehin hesabına həyata keçirilsin. Bakı şəhəri Xətai rayonu, Xəqani Rüstəmov küçəsində yerləşən 8 saylı evin 7-ci girişindəki 111 saylı mənzilindən istifadəyə olan maneələrin aradan qaldırılması və mənzilin İddiaçı təhvil verilməsi Cavabdeh həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2460/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2460/2022
10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver