Məhkəmə qərarları › İş №e-2(011)-2516/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2516/2025

31.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2516/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı X1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:

1. İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yığılmış aliment borcunun bir dəfəlik tam ödənilməsi barədə qətnamə qəbul edilməsini, alimentin artırılmasına dair olan müraciəti ilə əlaqədar qərar verilərkən, yığılmış borcun da ödənilməsinin təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

3. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanunu:

15. işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı

İşə baxan məhkəmənin mövqeyi:

5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir.

6. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmağa aid olduğu müəyyən edilməlidir.

7. Belə ki, iddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yığılmış aliment borcunun bir dəfəlik tam ödənilməsi barədə qətnamə qəbul edilməsini, alimentin artırılmasına dair olan müraciəti ilə əlaqədar qərar verilərkən, yığılmış borcun da ödənilməsinin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə mülki iş materiallarını araşdıran zaman müəyyən etmişdir ki, alimentin tutulması ilə bağlı Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-137/2021 saylı qətnaməsi mövcuddur və iddiaçının tələbi həmin qətnamə ilə müəyyən edilmiş aliment ilə əlaqədardır. Qeyd edilən qətnamə hazırda icra mərhələsində olduğundan iddiaçının tələbi məhkəmə qətnaməsinin icrası ilə birbaşa əlaqəlidir. İddiaçı cavbadehin məhkəmə qətnaməsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən məhkəməyə müraciət etdiyini iddia ərizəsində özü qeyd etmişdir. Bu səbəbdən iddiaçının iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılaraq məhkəmə tərəfindən qərar qəbul edilməsi qeyri-mümkün olması qənaətinə gəlinmişdir.

9. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə iddianın qəbul edilməsindən imtina edilməli və iddiaçıya qətnamənin icra üsulunun dəyişdirilməsi barədə məhkəməyə qətnamənin icrası qaydasında ərizə vermək hüququ izah edilməlidir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 11.Həmin Qərarın 8.4-2-ci bəndinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

12. Həmin Qərarın 8.4-3-cü bəndində isə qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”

13. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

14. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263- 264, 267-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı “Cavabdeh yığılmış aliment borcunun birdəfəlik tam ödənilməsi barədə qətnamə qəbul edilməsini, alimentin artırılmasına dair olan müraciəti ilə əlaqədar qərar verilərkən, yığılmış borcun da ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin.

2. İddiaçıya yığılmış aliment borcunun bir dəfəlik tam ödənilməsi baradə məhkəmə qətnməsinin icrası (icra icraatı) qaydada, qətnaməni qəbul etmiş məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah olunsun.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar