Məhkəmə qərarları › İş №e-2(011)-2524/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2524/2025

07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2524/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları xx.xx.2007ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər onların saxlanması üçün hər ay hər bir uşaq üçün 350 manat olmaqla, ümumilikdə 700 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması və ödənilmiş mediasiya xərcinin əvəzi 60 (altmış) manat məbləğində pulun cavabdehdən Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəm iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 adında 2 uşaqları vardır, lakin bir neçə aydır ki, iddiaçı cavabdehlə ayrı yaşayır, faktiki ər-arvad kimi yaşamır və birgə təsərrüfat aparmırlar, amma birgə nikahdan olan uşaqlar iddiaçının yanında, himayəsindədir, Cavabdeh kifayət qədər gəlirləri olsa da, uşaqları ilə maraqlanmır, uşaqlarının maddi problemlərinə laqeyd yanaşır, valideynlik vəzifələrini yerinə yetirmir. İddiaçı cavabdehə dəfələrlə bu barədə iradlarını və uşaqların saxlanılmasındakı çətinlikləri bildirsə də, cavabdeh uşaqlara maddi dəstək olmur və minimal zəruri xərclərdən boyun qaçırır. Uşaqlar məktəbə gedir, məktəb dövlət hesabına olsa da, uşaqlara yetərli qayğı üçün müəyyən məsrəflər çıxır. Bundan başqa, uşaqlar fiziki inkişaf dövründədirlər, belə dövrdə yaxşı qidalanmaları da, daim artan fiziki ölçülərinə uyğun geyimlərlə təmin olunmaları da şərtdir. Bundan başqa, uşaqların qidalanması və geyim təchizatı zəif olduğundan tez-tez xəstələnirlər və müalicələri üçün əlavə məsrəflər yaranır. Nəticədə iddiaçı bir ana kimi uşaqların mənəvi qayğılarına yetərincə qalsa da, maddi qayğılarının öhdəsindən təkbaşına gələ bilmir, hesab edir ki, uşaqların və iddiaçının diqqətəlayiq mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Odur ki, Cavabdeh Əli Fətiyev və Nuray Fətiyeva yetkinlik yaşına çatana qədər onların saxlanması üçün hər ay hər bir uşaq üçün 350 manat olmaqla, ümumilikdə 700 manat sabit pul məbləğində aliment ödəməsini tələb edir. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin qəbul edilməsinə dair ərizə təqdim edərək izahatında bildirdi ki, təxminən bir ildir ki, ayrı yaşayırlar, ailədə problemlər olmuşdur, o bir müddət işləməmiş, bundan sonra iddiaçı uşaqları da götürərək getmişdir, lakin bir yerdə olanda ailəsinin, uşaqlarının bütün ehtiyyaclarını özü qarşılamışdır, təxminən hər ay uşaqları üçün 500 manat pul xərcləmişdir, iddiaçı özü isə dövlət müəssisəsində işləyir, özü tibb sahəsində təhsil alsa da, bu sahədə işləməyib, əsasən ticarətlə və digər işlərlə məşğul olub, son bir neçə aydır ki, normal gəliri olan bir yerdə işləmir, hazırda isə Məşğulluq mərkəzinə müraciət edib. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 190918 saylı nikah haqqında şəhadətnəmə məlumatlarından görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2006-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 15 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.2007-ci ildə, X5 xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuşlar. Onların atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/18/2025- 00024 saylı xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh və İddiaçı (nümayəndəsi) mediasiya sessiyasında iştirak etmiş, tərəflər prosesin davam etdirilməsinə razılıq verməmiş, İddiaçı 50 manat İMS və 10 manat poçt xərcini ödəmişdir. Mübahisənin predmeti aliment tələbidir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı X4 İnformatika İnstitunda şöbə rəisi vəzifəsində işləməklə əmək haqqı 730.0 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdül X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, tərəflər arasındakı nikah pozulmamışdır, uşaqlar hal-hazırda ananın yanında qalır, İddiaçı X4 İnformatika İnstitunda şöbə rəisi vəzifəsində işləyir, əmək haqqı 730 manatdır. Cavabdeh özü izahatında birlikdə yaşadıqları vaxt hər ay uşaqlar üçün təxminən 500 manat xərcldiyini bildirmişdir. Bununla belə, tərəflər arasında məhkəməyə müraciət etməzdən əvvəl aliment öhdəliyinə dair hər hansı razılaşma və ya məhkəmə qərarı olması halları, həmçinin alimentin təyin edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulmalı aliment miqdarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, bu zaman tərəflər arasındakı nikahın pozulmaması, tərəflərin ailə və maddi vəziyyəti, iddiaçının rəsmi gəlirlərinin olması, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olması, uşaqların əvvəlki yaşayış səviyyəsi və onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər hallar, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının və uşaqlar üçün yaşayış minimumunun məbləği, cavabdehin izahatında birlikdə yaşadıqları vaxt hər ay uşaqlar üçün təxminən 500 manat xərclədiyini bildirməsi, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə xahişi nəzərə alınmalı və aliment sabit pul məbləğində, miqdarı isə hər ay uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli məbləğində müəyyən edilməlidir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır....Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasındakı nikah pozulmalı, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdül X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün İddiaçı xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və alimentin məbləğinin illik ödəmə məcmusu (6000 manat) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 80 manat məbləğində dövlət rüsumu alınmalıdır. Məhkəmə, iddiaçının mediasiya sessiyası üçün ödədiyi məbləğə münasibətdə qeyd edir ki, tərəfindən mediasiya ilə bağlı ödənilmiş 60 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 (sıfır tam yüzdə altmış üç) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 80 (səksən) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar