Məhkəmə qərarları › İş №e-2(011)-2543/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2543/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2543/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Şükürzadə X4 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 605 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Onların birgə nikahından iki övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh AR DİN-nin X9 Alayında polis nəfəri vəzifəsində (polis serjantı) işləyir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

2. İddiaçı birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində alimentin hər ay cavabdehin əmək haqqı və qazancının (başqa gəlirinin) 1/3 hissəsində tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin əmək haqqı və qazancının (başqa gəlirinin) 1/3 hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə birgə nikahlarından iki övladları doğulmuşdur. Ailə qurduqdan sonra əvvəllər cavabdehlə münasibətləri normal olsa da, sonradan pozulmuşdur. Artıq cavabdehlə birgə yaşamır və birgə təsərrüfat aparmırlar. Cavabdeh uşaqların maddi təminatlarında iştirak etmir. O, uşaqlarını sevgi, şəfqət duyğuları ilə böyüdür, onların qayğıısna qalır, onların bütün maddi və mənəvi tələbatlarını özü ödəyir. Halbuki, qanunvericiliyə əsasən uşaqların saxlanması hər iki validynin vəzifəsidir. Cavabdeh də bununla bağlı valideynlik borcunu yerinə yetirməlidir. Cavabdeh AR DİN X9 Alayının polis nəfəri vəzifəsində işləyir, 1152,03 manat əmək haqqı alır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

8. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

9. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. Maddə 75.4 Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda məhkəmə tərəfindən aliment tutulur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

12. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

14. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

16. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

17. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb edir.

18. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, uşaq hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

19. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-cavabdehin rəsmi iş yeri olduğundan AR Ailə Məcəlləsinin 76.1-ci maddəsinin müəyyən etdiyi imperativ qaydaya əsasən və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından, aliment uşaqdan ayrı yaşayan valideynin qazancından və ya başqa gəlirlərindən, uşaqların sayından asılı olaraq, hissəvi tutulmalıdır

20. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

21. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşalarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, uşağın səhhəti ilə bağlı diqqətə layiq halı, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 300 manat məbləğində müəyyən edilməlidir.

22. Alimentin tutulmasının hansı vaxtdan hesablanması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət etdiyi vaxtdan tutulması müəyyən edildiyindən, aliment iddiaçının bu barədə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır.

23. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsində alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Tutulan alimentin 1 illik məcmusu isə 4608 manatdır (1152 manat / 12 ay = 384 manat; 384 manat x 12 ay = 4608 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq 66,08 manat təşkil edi.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Şükürzadə X6 ödənilsin. 66,08 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar