Məhkəmə qərarları › İş №e-2(011)-270/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-270/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-270/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Firudun oğlunun iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onun xeyrinə yaxınlarının faciəvi surətdə ölmələri ilə bağlı 70000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 300 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı eyni anda həm bacısını, həm də bacısı oğlunu eyni hadisə ilə itirmişdir, hadisəyə görə X7 və X2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham elan edilmişdir, onlar X12 sahəsində işlədikləri müddətdə vəzifəli şəxslər olmaqla, işə laqeyd münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan iddiaçının bacısı və bacısı oğlunun ölümünə səbəb olmuşlar, Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-18/2010 saylı, 17 fevral 2010-cu il tarixli hökmünə əsasən X7 və X3 Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər biri ayrı ayrılıqda 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, Xətai rayon məhkəməsinin 1(011)-18/2010 saylı, 17 fevral 2010-cü il tarixli hökmü qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir, bu baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Bakı şəhər Qaz İstismar İdarəsi Xətai rayon X9 əməkdaşlarının - Cavabdeh əməkdaşının təqsiri ucbatından baş vermişdir, həmin cinayət işində də iddiaçı zərərçəkmiş şəxsin yaxını, hüquqi varisi kimi tanınmışdır, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir, baş vermiş cinayət hadisəsi nəticəsində bacısı və bacısı oğlunun eyni gündə faciəvi surətdə ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır, iddia tələbi məhkəmə praktikasında olan rəqəmlərə uyğundur, müddət nəzərdə tutulmamışdır, iddiaçı yeni bilmiş və iddia irəli sürmüşdür. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən yüksək məbləğ tələb olunur, istinad olunan hadisədən isə 12 ildən çox müddət keçmişdir, bu qədər müddət sonra iddiaçı bu həddə mənəvi ziyan tələb edir, iddia rədd edilməlidir, hazırki tələb ehtiyatsızlıqdan baş vermiş hadisə nəticəsindədir və təqsirləndirilən şəxslər hökm ilə cəazlandırılmışdırlar, 12 il sonra isə iddiaçı 70000 manat mənəvi tələblə məhkəməyə müraciət edir. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)- 18/2010 saylı 17 fevral 2010-cu il tarixli hökmü ilə işin müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxslər, X7, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhər Qaz İstismar İdarəsi Xətai rayon X9 4 saylı Qaz İstismar Xidmətində usta vəzifəsində işləyərkən SSRİ X5 komitəsi tərəfindən 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.238 bəndinin, “Yaşayış evlərində və ictimai binalarda qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat”ın 2.3.,5., Bakı şəhəri BİQİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə tabe olan rayon Qaz İstismar İdarəsinin X9 ustasının vəzifə təlimatı”nın 1.3., İİ.1., istehlakçı ilə bağlanmış 980/44/78 nömrəli 02 may 2008-ci il tarixli müqavilənin 2.1.9 bəndlərinin, X3 isə Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdeh Bakı şəhər Qaz İstismar İdarəsi Xətai rayon X9 4 saylı Qaz İstismar Xidmətində nəzarətçi-çilingər vəzifəsində işləyərkən qüvvədə olan SSRİ X5 Komitəsi tərəfindən 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.238. bəndinin, “Yaşayış evlərində və ictimai binalarda qaz avdanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat”ın 1.8., 1.11, 3.1., 3.2., 5. bəndlərinin , Bakı şəhəri BİQİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Çilingər-nəzarətçi (əhali) peşəsi üzrə əmək funksiyaları” təlimatının tələblərini; istehlakçı ilə bağlanmış 980/44/78 nömrəli 02 may 2008-ci il tarixli müqavilənin 2.1.8., 2.1.9 bəndlərinin tələblərini pozmuşlar. Nəticədə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 nömrəli evin 78 nömrəli mənzilinə hamam-ayaqyolundan təbii qaz dolmuş və 16 oktyabr 2009-cu il tarixdə, təxminən saat 07-00-da, bundan xəbərsiz olan, həmin mənzildə yaşayan X1 mənzilin eyvandakı işığını yandırdıqda partlayış baş vermişdir. Mənzildə baş vermiş partlayış səbəbi ilə X1 ağır dərəcəli yanıq şokundan 22 oktyabr 2009-cu il tarixdə, partlayış zamanı mənzildə olan X4 isə bədənin termiki yanığı üzündən baş vermiş intoksikasiyadan 31 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri 5 saylı şəhər klinik xəstəxanasında ölmüşlər. Bununla da, N.O.Namazovun və Z.C.Hüseynovun səhlənkarlığı, yəni işə vicdansız və laqeyd münasibətləri nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməmələri ehtiyatsızlıqdan iki şəxsin ölmünə səbəb olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisi İddiaçı (hazırki iş üzrə iddiaçı) məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin və ya iddiasının olmadığını qeyd etmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmin Hökm ilə X7 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər biri ayrı ayrılıqda 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İş materiallarında olan AZ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemindən xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsi məlumatları barədə çıxarışdan görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, Lökbatan qəsəbəsi, Məmmədov küçəsi 5, 41-dir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X7 (usta) və X3 (nəzarətçi-çilingər) cavabdeh təşkilatın işçiləri olduğu vaxt əmək funksiyalarının icrası zamanı öz xidməti vəzifələrini yerinə yetirməmələri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 nömrəli evin 78 nömrəli mənzilində 16 oktyabr 2009-cu il tarixdə partlayış baş vermişdir, hadisə nəticəsində iddiaçının bacısı X4 31 oktyabr 2009-cu il tarixdə, bacısı oğlu X1 isə 22 oktyabr 2009-cu il tarixdə ölmüşdür, hadisə zamanı iddiaçı evdə olmamışdır, həmçinin iddiaçı həmin mənzildə yaşamamışdır, hadisə ilə bağlı 2010-cu ildə cinayət işinə baxılarkən zərərçəkmiş şəxslərin hüquqi varisi İddiaçı - hazırki iş üzrə iddiaçı, məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin və ya iddiasının olmadığını qeyd etmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-18/2010 saylı 17 fevral 2010cu il tarixli hökmü ilə X7 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər biri ayrı ayrılıqda 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşlarının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədardır. Bununla belə, hadisənin baş verməsində Cavabdeh İB-nin təqsirli, hüquqazidd əməlini istisna edən, hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərərindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də Cavabdeh İB-nin işçilərinin hüquqa zidd – təqsirli əməli ilə baş vermiş partlayış hadisəsi nəticəsində iddiaçının bacısının və bacısı oğlunun ölməsinin onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mümkündür. Bu, həm də onunla bağlıdır ki, iddiaçı ilə zərərçəkən şəxslər arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması və ona dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya ödənilməsi tələbi ilə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Bununla belə məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin əməkdaşlarının cinayət əməli nəticəsində iddiaçıya zərər dəymişdir, bu zərər adekvat şəkildə əvəzləşdirilməli, kompensasiya məbləği müəyyən olunarkən zərərvuran şəxsin təqsirinin forması, qohumluq əlaqələri və yaxınlıq dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, hadisədən keçən müddət, hadisə ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin davranışı, şəxsin hadisəyə şahid olub-olmaması, vurulan zərəri nəticəsində həyat şəraitində dəyişiklik olub-olmaması kimi amillər nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə zərərin ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranması, iddiaçının partlayış zamanı evdə olmaması (hadisəyə şahid olmaması), ölən şəxslərin onun ailə üzvü (ər-arvad, valideynlər və uşaqlar) olmamaqla, onlarla birlikdə həmin ünvanda yaşamaması, hadisə nəticəsində həyat şəraitinin dəyişməməsi, onun hadisə ilə bağlı cinayət işi üzrə məhkəmə iclasında iştirak etməməklə təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin və ya iddiasının olmaması, habelə hadisənin baş verdiyi tarixdən uzun müddət (13 ildən artıq) keçməsi və bu müddət ərzində də iddiaçının cavabdehə qarşı hər hansı bir tələbinin olmaması kimi hallar nəzərə alınmaqla, kompensasiya məbləği 1000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 23.1-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarın 13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyrimaddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir ki, bu da hazırki tələb üzrə iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Avropa Məhkəməsinin Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB-dən vurulmuş mənəvi ziyana görə 1000 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilmiş hissəsi nəzərə alınmaqla, dövlət rüsumu kimi ödənilmiş 30 manat, Cavabdeh İBdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən vurulmuş mənəvi ziyanın əvəzi qismində 1000 (min) manat və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar