Məhkəmə qərarları › İş №e-2(011)-2770/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2770/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2770/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı - Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı 28 noyabr 2013-cü il tarixli icra sənədi üzrə İddiaçı tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə hesablanmış 12800 manat aliment borcun ödənilməsindən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı 28 noyabr 2013-cü il tarixli icra sənədi üzrə İddiaçı tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə 2014 və 2019-cu illər üzrə hesablanmış 12800 manat aliment borcunun .şilinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 1884/2013 saylı 28 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 anaları X5 yanında qalmasının müəyyən edilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində, ümumilikdə 200 manat alimentin tutularaq X7 verilməsi qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı 28 noyabr 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Səbail rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Bundan sonra cavabdehlə aralarında barışıq olmuş yenidən ailə olaraq birgə yaşamağa davam etmişlər. Qeyri rəsmi ailə olaraq yaşadıqları müddətdə hətta, xx.xx.2017-ci il təvəllüdlü övladı olan X8 anadan olmuşdur. Tərəflər yenidən nikaha daxil olmuş, lakin, aralarında yaranmış narazılıq səbəbindən nikah 2020-ci ildə yenidən pozulmuşdur. İddiaçı bildirir ki, Cavabdeh Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı 28 noyabr 2013-cü il tarixli icra sənədi üzrə 2015-ci ildən sonra yığılıb qalmış aliment borcunun İddiaçı tutularaq ödənilməsinə dair ərizə ilə icra şöbəsinə müraciət etmişdir. Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı 28 noyabr 2013-cü il tarixli icra sənədi üzrə 12800 manat aliment borcunun olduğu göstərilmişdir. Cavabdeh tərəfindən tələb edilən aliment borcu əsassızdır. Belə ki, aliment uşağın saxlanılması üçün olan xərcdir. Həmin dövrdə isə uşaqlar iddiaçı ilə yaşamışdır. Belə olan halda aliment tələb edilməsi əsassızdır. Bunu təsdiq edən hallardan biri üçüncü övladı X6 2017-ci ildə anadan olmasıdır. Bundan başqa birgə yaşadıqlarını təsdiq edən xeyli sayda ailə şəkilləri var. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məkəmə iclasında iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, onlar heç vaxt daimi bir yerdə yaşamayıblar. Sadəcə bir-birinin evinə gediş-gəlişləri olub. Sərxana qarşı nifrəti olsa da, ona qarşı sevgisidə var. İddiaçı uşaqlarını görmək istəyəndə hər zaman onları görməyə icazə verib. O yalnız “Vaz” markalı maşından imtina ilə bağlı ərizə yazıb icraya, alimentdən imtina ilə bağlı ərizə yazmayıb. Sərxan gəlib ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasının götürülməsi ilə bağlı ona nəsə deməsəydi o alimenti də, tələb etməyəcəkdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, aliment nikahda olan şəxslər tərəfindən də tələb oluna bilər, ikinci nikaha girəndən sonra tərəflərin münasibəti formal xarakter daşıyıb, ikinci nikaha girməyin səbəbi də, onların görüşməsi, aralarındakı münasibətin yenidən yaranması, həmin münasibətdən də, təsadüfən uşaq dünyaya gəlməsi olmuşdur. Uşağın dünyaya gələcəyini biləndən sonra formal nikaha daxil olublar. Həmin ərəfədə tərəflər bir yerdə yaşamayıblar. Biri var rəsmi nikah biri var ailə münasibətləri. Ailə münasibətləri tamam başqa şeydir. Burda rəsmi nikah olub, ailə münasibətləri olmamışdır. Müvəqqəti bir yerdə yaşamaq ailə münasibəti deyil. Aliment 2 ildir ödənilmir, xanım bugünədək onu tələb etmirdi. Amma artıq tələb edir. Xanım iddiaçı ilə barışması və icra sənədinin məhkəməyə qaytrılması barədə icra şöbəsinə ərizə yazmamış, yalnız avtomobillə bağlı ərizə yazmışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli MŞB/16-000268 nömrəli Bakı şəhər 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İcra işində olan Cavabdeh Bakı şəhəri Səbail rayon icra şöbəsinə verdiyi xx.xx.2015ci tarixli ərizəsində bildirmişdir ki, İddiaçı ilə barışdığından onunla birgə yaşayır və ondan heç bir aliment tələbi yoxdur, həmçinin Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş İddiaçı mülkiyyətində olan VAZ 21 markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə 8(009)-575/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadı ilə qoyulmuş həbs qeyd olunan qərardadın ləğv olunaraq götürülməsini xahiş etmişdir. İcra işində olan Cavabdeh Bakı şəhəri Səbail rayon icra şöbəsinə verdiyi xx.xx.2021ci tarixli ərizəsində bildirmişdir ki, 2015-ci ildə cavabdeh ilə yenidən barışmış, lakin sonralar münasibətləri pozulmuşdur.xx.xx.2020-ci ildə borc 13400 manat təşkil edir, borcun ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin görülməsi, borcun tam şəkildə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İcra işində olan İddiaçı Bakı şəhəri Səbail rayon icra şöbəsində verdiyi izahatından görünür ki, 2013-2015-ci ilə qədər ödənişləri icra olunub və 2015-2020-ci ilə qədər birgə yaşamış və üçüncü uşağı dünyaya gəlmişdir. İcra işində olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(009)-1884/2013 saylı icra vərəqəsi yenidən icra olunması üçün göndərilmişdir. İcra işindən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Yaqub Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2020-ci il tarixində tələbin könüllü icrası haqqında bildiriş ilə birlikdə tərəflərə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı 19 may 2020-ci il tarixdən balayaraq xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimetn tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icra işindən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 Bakı şəhəri Səbail rayon icra şöbəsinə ünvanladığı aliment borcunun hesablanması haqqında ərizədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı 28 noyabr 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə aliment üzrə yaranmış borcun dəqiq məbləği və ödənilməmiş dövr haqqında rəsmi məlumat verməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon icra şöbəsinin, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 ünvanladığı məktubdan görünür ki, 2(009)-1884/2013 saylı , 2(009)-1556/2014 saylı, 2(009)-1203/2020 saylı icra işləri üzrə borclu İddiaçı 2014-cü ilin 4 ayı, 2015, 2016, 2017, 2018, 2019-cu illər üzrə bütövlükdə 12,800 manat, 2021-ci ilin 03 ayı olmaqla 1530 manat aliment borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3907/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli 1659 saylı akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün anaları Cavabdeh yanında qalmaları qət olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, tərəflər birgə ailə şəklində toy mərasimlərində iştirak etmiş, birgə istirahətdə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Sərxan onun qardaşıdır və Əfsanə onun qardaşının keçmiş arvadıdır. Onlar boşanıb yenidən barışaraq daimi bir yerdə yaşayıblar. 2015-ci ilin aprel ayında o Türkiyədə evlənib və yeni ildə Bakıya gələndə Müşviq qəsəbəsində qardaşı gildə Əfsanə ilə uşaqlarla birlikdə qalıblar. O, hər il 2 dəfə Bakı şəhərinə gəlib-getmiş və həmin vaxt ərzində də o, qardaşı və onun arvadı ilə birgə olmuşdurlar. 2015-ci ildə tərəflər Müşviq qəsəbəsində yaşamış, 2016da sonra 20-ci sahəyə getmişlər. Çünki Müşviq qəsəbəsində yerləşən ev şəraitsiz idi. 2017-də o evdən yenidən Müşviq qəsəbəsinə köçdülər. Yoldaşı evi təmir edib. 2020-ci ildə pandemiya olmuş və o Bakı şəhərinə gələ bilməmişdir. Həmin vaxt bilmişdir ki, qardaşı ilə Əfsanə boşanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin nikahları 2013-cü ildə pozulub, uşaqların ananın yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay, hər uşaq üçün 100 manat, cəmi 200 manat tutularaq X7 verilməsi qərara alınmışdır. xx.xx.2017-ci il tarixində tərəflərin X9 adlı övladları doğulmuş və tərəflər xx.xx.2018-ci ildə yenidən nikaha daxil olublar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3907/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların ananın yanında saxlanmaları qərara alınmışdır. İcra işindən görünür ki, 2014-cü ilin 4 ayı, 2015, 2016, 2017, 2018, 2019-cu illər üzrə bütövlükdə 12,800 manat aliment borcu yığılmışdır. Məhkəmə hansı səbəbdən cavabdehin məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini tələb etmədiyini araşdıraraq, icra işini tələb edib işin icra vəziyyəti, hazırkı iddiaçı barəsində keçən müddətdə yaranmış borcunun ödətdirilməsi ilə bağlı hansı icra tədbirlərinin həyata keçirildiyini öyrənərək, cavabdehin icra şöbəsinə təqdim etdiyi ərizələri, habelə işdəki digər sübutları birlikdə qiymətləndirərək, tərəflərin 2015-ci ildən barışıb, birgə təsərrüfat apardığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Səbail rayon İcra şöbəsindən alınmış icra işinə baxış keçirilərkən müəyyən edilmişdir ki tələbkar 29 sentyabr 2015-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək iddiaçı ilə barışdığını və hal-hazırda birlikdə yaşadıqlarını əsas gətirərək, həyat yoldaşı İddiaçı mülkiyyətində olan VAZ 21154 markalı, ** NN *** dövlət nömrə nişanlı avtomobilin üzərinə Səbail Rayon Məhkəməsinin 8(009)-575/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tərəflərin birgə ailə şəklində toy mərasimlərində, eləcə də birgə istirahətdə olmaları əks olunan fotoşəkillərdən də müəyyən edilir ki, barışdıqdan sonra uşaqları ilə birlikdə yaşamışlar. Eləcə də tərəflərin vermiş olduqları izahatlarla da təsdiq olunur ki, sonuncular ailə münasibətlərində olmuşlar. Tərəflərin ailə kimi birlikdə yaşadıqları dövrdə- xx.xx.2017-ci il tarixdə X9 adlı uşaqları dünyaya gəlmişdir. İcra işində olan Cavabdeh Bakı şəhəri Səbail rayon icra şöbəsinə verdiyi xx.xx.2021-ci tarixli ərizəsində bildirmişdir ki, 2015-ci ildə iddiaçı ilə yenidən barışmış, lakin sonralar münasibətləri pozulmuşdur. xx.xx.2020-ci ildə borc 13400 manat təşkil edir, borcun ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin görülməsini, borcun tam şəkildə ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, birgə yaşadıqları müddətdə icra sənədi üzrə ödənilməmiş aliment borcu iddiaçıdan tələb oluna bilməz və sonuncu 2015-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayına kimi olan dövrlər üzrə yığılmış aliment borcu silinməlidir. Belə ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Belə olan halda məhkəmə tərəflərin birgə yaşaması halının üzrlü səbəb kimi nəzərə alır. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqroiyasına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən tərəflərin birgə ailə şəklində toy mərasimlərində iştirak etmələri, birgə istirahətdə olmaları müəyyən olunur. Hətta xx.xx.2017-ci il tarixdə X9 adlı 3-cü övladları doğulmuşdur. Münasibətləri pozulan şəxslərin münasibətlərini bərpa edərək 2015-ci ilin sentyabr ayından 2020-ci ilə qədər yaşaması onu təsdiq edir ki, iddiaçı həmin dövrdə uşaqların maddi ehtiyaclarını ödəyib, çünki cavabdeh bunun əksini təsdiq edən sübut təqdim etməyib. Əgər iddiaçı həmin dövrdə uşaqların maddi ehtiyaclarını ödəməkdən imtina edibsə, ağlabatan mühakiməyə görə münasibətlərin bərpası və birlikdə yaşayış mümkün olmazdı. Əgər bu, mümkün olubsa, deməli, iddiaçı ailəsinin, o cümlədən uşaqların maddi ehtiyaclarını ödəyib. Məhkəmə cavabdeh tərəfin icra şöbəsinə yazılmış ərizə ilə bağlı dediklərinə münasibətdə qeyd edir ki, cavabdeh yalnız avtomobillə bağlı ərizə yazdığını qeyd etsə də, xx.xx.2015-ci il tarixli ərizədə cavabdeh həm iddiaçı ilə barışdığını, onunla birgə yaşadığını və ondan heç bir aliment tələbinin olmadığını həm də, iddiaçının mülkiyyətində olan VAZ 21 markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə 8(009)-575/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh Səbail Rayon İcra Şöbəsinə ünvanladığını xx.xx.2021-ci il tarixli icra sənədinin yenidən icraya yönləndirilməsi ilə bağlı ərizədə də 2015-ci ildə İddiaçı ilə barışdığını bildirmişdir. Həmçinin dəfələrlə keçirilmiş hazırlıq iclaslarında məhkəmə tərəfindən tərəflərə vəsatətlərinin olub-olmaması ilə bağlı təklif edilsə də, cavabdeh tərəf icra şöbəsinə yazılmış ərizənin onun tərəfindən imzalanmadığını və bununla bağlı müvafiq ekspertizanın təyin edilməsi barədə xahiş etməmişdir. Məhkəmə eyni zamanda şahid ifadəsinə hüquqi qiymət verərək, qeyd edir ki, şahid iddiaçının bacısı olduğundan onun ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmədə vəkillə təmsil edildiyi və işin halları cavabdehə əvvəlcədən də məlum olduğu halda ərizənin onun tərəfindən imzalanmamasını məhz məhkəmə baxış iclasında işə mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra bildirmişdir. Məhkəmə hesab edir ki, birgə yaşadıqları müddətdə icra sənədi üzrə ödənilməmiş aliment borcu iddiaçıdan tələb oluna bilməz və sonuncu 29 sentyabr 2015-ci il tarixdən (cavabdehin icra şöbəsinə barışdıqları, birgə yaşadıqları və aliment tələbinin olmaması barədə ərizə verdiyi tarixdən) 2019-cu il üzrə yəni 200 manat ×52 ay =10400 manat məbləğində yığılmış aliment borcu silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı 28 noyabr 2013-cü il tarixli icra sənədi üzrə İddiaçı tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə 2014 və 2019-cu illər üzrə hesablanmış 10400 (on min dörd yüz) manat aliment borcu silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar