Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-282/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10000 (on min) manat pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Cavabdeh3 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 10500 manat, Cavabdeh2 5582 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 ildir ki, Cavabdeh3 ilə dostluq edir, onunla İtaliyanın Malta şəhərində tanış olub, daim ünsiyyət saxlayıb və gediş-gəlişləri olub. Elə onun oğlu Cavabdeh1 anası Cavabdeh3 görə tanıyıb. İddiaçı qeyd edir ki, xx.xx.2022-ci il tarixdə, telefonla Rəfiqə ilə əlaqə saxlayıb, evinin tikintisi ilə əlaqədar sonuncunun icarə olaraq götürüb işlətdiyi Buzovna qəsəbəsində yerləşən “R Studiya” adlı gözəllik salonunda görüşüb. Görüş zamanı Cavabdeh1 də orada olub. Cavabdeh3 oğlu Cavabdeh1 İddiaçı ilə tanış edib. Sonra cavabdehlər Cavabdeh2 da ora dəvət edib. İddiaçının yanında atası X1 da olub. Cavabdeh3 digər cavabdehlərlə iddiaçı arasında vasitəçilik edib. Söhbətə başlayan Əsəd və Şahmar bir neçə ev layihəsi göstərərək, sözügedən evlərin tikintisini apardıqlarını və bu işlə peşəkar məşğul olduqlarını söyləyiblər. Hətta bir neçə məşhur şəxsin evinin də onlar tərəfindən layihələndirilərək, tikintisinin aparılmasını vurğulayıblar. Əsəd və Şahmar ona da layihəyə uyğun ev tikə biləcəklərini deyiblər. Sonra belə razılaşma əldə olunub ki, smeta müəyyən edilsin. Orada razılığa gəliblər, lakin heç bir müqavilə bağlanmayıb. İddiaçı xx.xx.2022-ci il tarixdə 10,000 manat pulu Cavabdeh1 “R Studiya”da verib, həmin vaxt orada atası Əsabəli Əliyev, Cavabdeh3, Cavabdeh2 da olub. Bundan sonra mütəmadi olaraq tikinti barədə Şahmar və Əsəddən telefon zəngləri və yazışmalar vasitəsilə məlumat alıb. Əsəd və Şahmar smeta dəyərini hesabladıqdan sonra bildirib ki, tikintiyə icazəni özləri alacaqlar, bu barədə dəqiqləşmə olandan sonra nəyə nə qədər pul verilməsini də deyəcəklər. Tikintiyə başlayandan bir müddət sonra Əsəd tikintiyə icazə üçün 1500 manat pul istəyib. İddiaçı da bu pulu Cavabdeh1 “R Studiya” gözəllik salonunda verib. Əsəddən xəbər gəlib ki, həmin tikilini uçurdublar, bunu isə yerli icra hakimiyyəti orqanı əməkdaşları edib. Bundan sonra Əsəd 4000 manat pulun verilməsini xahiş edib. Əsəd bildirib ki, Tural adlı Daxili İşlər Nazirliyinin əməkdaşı ona zəng edərək bildirmişdir ki, onu tuta bilərlər, çünki onun adı tikinti məsələlərində dələduzluq edən şəxs kimi hallanır. Bu pulu isə polisə vermək lazımdır. Qeyd edib ki, bu pulu versəm, hər şey qaydasına düşəcək və tikintiyə izacə alınaraq, tikinti tamamlanacaq. İddiaçı 4000 manat yox, 2000 manat pulu “R Studiya” gözəllik salonunun qarşısında Əsədə verib, Əsəd də həmin vaxt Şahmarın maşınına oturaraq gedib. Bundan sonra Əsəd zəng edib bildirib ki, hələ tikintini başlaya bilmərik, icazəni ala bilməmişik. İddiaçı bu işlərin belə olduğunu görüb, yaxın tanışlarının vasitəsilə bu icazənin alınması istiqamətində işlər görüb. İddiaçı tanışı vasitəsilə Sabunçu Rayon İcra Hakimiyyətinə gedib və məsul şəxslərlə görüşüb, görüş zamanı olanları onlara danışıb. İcra hakimiyyətinin məsul işçiləri ona deyiblər ki, ora heç bir icazə alınmayıb, Əsəd isə orada “Qazi” adından istifadə edib, onu da doğma xalası kimi təqdim edərək, bu işi görüb. Daha sonra icra hakimiyyətinin məsul işçiləri qeyri-rəsmi ona deyiblər ki, gedib orada 1 mərtəbə qaldıra bilər. İddiaçı da buna uyğun olaraq, Şahmar və Əsədlə danışıb, olanlar barədə məlumat verib və 1 mərtəbənin bağlanmasını xahiş edib. Əsəd və Şahmar ondan sonuncu dəfə Sabunçu rayonu, Albalılıq qəsəbəsində evin tikintisi aparılan torpaq sahəsində 10 000 manat pul alıblar. Sonra Şahmar deyib ki, siz bizdən tikintini alıb başqa şəxslərə vermək istəyirsiz, bunu etməyin, Şahmar və Əsəd təklif edib ki, biz 2 mərtəbəyə icazə alıb, tikəcəyik. Bunlar da 18 daş hörüblər və üstünə monolit tökülməsinə bir daha pul istəyiblər. İddiaçı onda ayılıb ki, aldadılır, çünki hələ 1-ci mərtəbə bitməyib bunlar artıq iddiaçıdan ümumilikdə 23500 manat pul alıblar. İddiaçı aldadıldığını görüb və ona görə qərar verib ki, bu tikilini başqa şəxslərin vasitəsilə bitirsin. Bu tikilini tam hörüb üstünü vurmağa 10 000-dən çox pul xərcləyib. İddiaçının sonuncu dəfə cavabdehlərə verdiyi 10000 manat pulu isə geri qaytarmayıblar. İddiaçı cavabdehlərdən həmin pul məbləğinin geri qaytarılmasını tələb etsə də heç bir nəticə əldə etmək mümkün olmamışdır. İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi və əlavə ödənilmiş pul vəsaitinin geri qaytarılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə müraciət etmiş, araşdırma aparan təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərardan görünür ki, cavabdehlər iddiaçıdan 23500 manat pul vəsaitinin götürülməsini təsdiq edirlər, lakin Cavabdeh2 ona pul vəsaitlərinin tam olaraq çatdırılmadığını və müəyyən hissəsinin isə Cavabdeh1 Cabbar oğlu tərəfindən götürüldüyünü qeyd edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkli Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etdi. O, həmçinin izahatında bildirmişdir ki, iddia tələblərinin Cavabdeh2 aid olan hissəsinində aralarında nəqliyyat xərci və tolun qiyməti ilə bağlı 750 manat razılıq əldə edildiyindən, həmin məbləğin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 (mətnin içində cavabdeh kimi qeyd edilmişdir) iddiaya münasibət olaraq bildirmişdir ki, iddia ərizəsində yazılanların bəzisi reallıqdan çox uzaqdır. 23 500 manat pul həqiqətən ona verilmişdir. Həmin pulu Rəna özü onun yanına gəlib vermişdir. Lakin pul verilən zaman şahidlər olmayıb. Tarixlər dəqiq yadında deyildir. Rəna cavabdehi və onun oğlu Əsədi 10 ildir ki, tanıyır, iddiaçı ilə orda tanış olmamışlar. Rəna ilk dəfə cavabdehə 10 000 manat pul vermişdir. Hətta pul verilən zaman o, pulları minliklər şəklində saymışdır. Bunu görə Rəna xanım da pulun minliklər şəklində onun kimi saydığını bildirmişdir. Pulu alandan sonra iddiaçı cavabdehə tələsdiyini, onu taksi gözlədiyini bildirmiş və çıxıb getmişdir.Cavabdeh iddiaçıya Şahmarın məlumatlı olduğunu soruşanda iddiaçı ona Şahmarla danışdığını, birazdan pulu götürmək üçün gələcəyini bildirmişdir. Bundan 10 dəqiqə Şahmar salona gəlmiş və cavabdeh 10 000 manat pulu Şahmara vermişdir. Cavabdeh3 Şahmarı ümumiyyətlə tanımamış, onu ilk dəfə Rənanın atası ilə birlikdə gələrkən görmüşdür. Cavabdeh Şahmarın qardaşı Turalı tanımış, tanışlıqları isə onlara məxsus olan yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevrilməsi üçün beton sökən ləvazimatlar ilə bağlı olmuşdur. Turalın Nərimanov rayonunda ayrıca ofisi olmuş və o, cavabdehə məxsus yaşayış sahəsinin betonunu sökmək üçün öz nümayəndələrini göndərmiş, oğlu qazi olduğuna görə cavabdehdən heç pul da almamışdır. Bundan sonra oğlu Əsəd ilə Turalın tanışlığı yaranmışdır. Cavabdeh3 işlədiyi “R studiya”nın arxasında tikinti işləri başlanılmış və tikinti qısa müddətə başa gəlmişdir. Tikintinin tez müddətə həyata keçirilməsi və işçilərin operativ işləməsi hamını heyrətə gətirmişdir. Qiyabi şəkildə onun məlumatı olmuşdur ki, həmin tikinti işlərini Turalın qardaşı, Şahmar həyata keçirir. Rəna cavabdehə torpaq aldığını və ev tikmək istədiyini bildirmiş və cavabdehdən isə evin inşası üçün onun tanıdığı usta olub-olmadığını soruşmuşdur. Cavabdeh isə ona işlədiyi yerin arxasında tikinti işlərinin qısa müddətə həyata keçirildiyini və fəhlələrin operativ işlədiyini və onları məsləhət görmüşdür. Bundan sonra o, Şahmarın gəlməsi üçün Əsədə zəng etmiş, lakin həmin gün Şahmarın işi olmuşdur. Cavabdeh ad günü tədbirində olan zaman oğlu ona zəng etmiş, Şahmarın və Rənanın atasının gəldiyini, salonun bağlı olduğunu bildirmiş, qapının açılması üçün gəlməyini xahiş etmişdir. Bundan sonra onlar salonda evin inşası ilə bağlı danışmış, danışıq ərəfəsində Cavabdeh3 çay gətirmişdir. Rənanın atası evin ilkin çertyojunu çəkmişdir. Danışıq zamanı evin inşası üçün 40 000 manat olduğunu Şahmar bildirmişdir. Rənanı atası isə tavanı özü elədirəcəyini bildirəndən sonra evin inşası üçün onlar 35 000 manata razılaşmışlar. Rəna 2-3 gündən sonra da ona 10 000 manat pul gətirmiş, 10 dəqiqə sonra Şahmar ilə oğlu ilə gəlmiş, cavabdeh də pulu Şahmara vermişdir. Rənanın atası xəstə olduğundan, oğlu isə dövlət işində işlədiyindən Əsədin funksiyası fəhlələrə və işin görülməsinə nəzarət etmək olmuşdur. Bu zaman cavabdeh oğlunun gözünün yeni əməliyyat olmasını bildirsə də, sonrada iddiaçı ilə razılaşmışdır. Hətta əşyaların oğlurlanmaması üçün ünvana it də bağlanmışdır. Cavabdehin iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Hətta oğlu Rənaya “ana” deyirdi. Cavabdeh Rənanın ona verdiyi 1500 manat pulu da, Şahmara vermişdir. Üstündən bir müddət keçəndən sonra iddiaçı ona 10 000 manat vermiş, cavabdeh də pulları olduğu kimi Şahmara vermişdir. Dekabr ayında tikinti işləri gedən zaman icra nümayəndəliyindən kimsə gəlib, tikinti işlərinin həyata keçirilməsi üçün icazənin olmadığı üçün tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Bunu eşitdikdən sonra oğlu Əsəd Sabunçu Rayon İcra Hakimiyyətinin getmiş, orda olarkən icra başçısı sənədlərin saxta olduğunu bildirmişdir. Bunu eşidəndən sonra cavabdeh Əsədə çox nahaq getdiyini bildirmişdir. Hətta demişdir ki, lazım olarsa Rənanın atası, oğlu var, onlar getsin. Bundan sonra cavabdeh olanları zəng edərək, oğlunun rayon icra hakimiyyətinə getdiyini və orda sənədlərin saxta olduğunu Əsədə deyildiyini Rənaya bildirmişdi. Rəna isə cavab olaraq torpağı aldığını, sənədlərin yerində olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya Şahmar ilə birlikdə gəlməsini və söhbəti aydınlaşdırmağı təklif etmişdir. Elə hər şey onun təklif etdiyi kimi olmuş, Rəna, onun atası Əsabəli bəy, Şahmar, onun həyat yoldaşı və uşağı ilə birlikdə gəlmişlər. Bundan sonra cavabdeh və onun oğlu çəkilmiş, digər şəxslər isə öz aralarında danışmışlar. Belə razılaşdılar ki, sənədlər düzələndən sonra, Şahmar evin inşasını davam etdirəcək. Bu ərəfədə Rənaya zəng gəlmiş və Rəna telefondakının xalası oğlu olduğunu onlara demişdir. Telefon danışığından sonra cavabdeh oğlu Əsədin əsəbləşdiyini, nəsə anlaşmazlıq olduğunu görmüşdür. Zəng bitəndən sonra Əsəd telefondakı şəxsin ona icra başçısının yanına getmədiyini, guya Əsəd cavabdehə verilən pulları xərclədiyini onlara bildirmişdir. Elə ordaca cavabdeh oğluna bundan sonra bu işlərə qarışmayacağını bildirmiş, iddiaçı isə bundan narazı qalmışdır. Şahmar gördüyü işlər ilə bağlı smeta tərtib etmiş və Rənaya göndərmişdir. Prorabın çıxardığı smetaya əsasən isə Şahmar evin inşası üçün 7-8 minlik xərc qoymuşdur. Hazırkı mübahisə ilə bağlı cavabdeh Şahmarın qardaşının ofisinə getmiş, olanları danışmış, əgər az iş görülübsə iddiaçının pulunun ona qaytarılmasını bildirmişdir. Cavabında isə Tural onların Rənaya qarşı iddia qaldıracaqlarını, 35 000 manata evin inşası danışıldığını, lakin tikintisi başlanılmış işin onların əllərindən alındığını bildirmişdir. Cavabdeh Şahmara da zəng etmiş və mübahisədə onun adının hallandığını bildirmişdir Buna cavab olaraq Şahmar ona narahat olmamasını, gördüyü işlər ilə bağlı smeta tərtib etdiyini və həmin smetanı Rənaya göndərdiyini bildirmişdir. İndi isə Şahmar deyir ki, ona 13 000 manat pul verilib. Əgər elə idisə niyə Şahmar gördüyü işləri ilə 20200 manatlıq smeta tərtib edirdi. Məhkəməyə iddia veriləndən sonra, Şahmar 13 000 aldığını bildirir. Məhkəmədən əvvəl Sabunçu Rayon Polis Bölməsində cavabdeh 23 500 manat pulu aldığını və Şahmara verdiyini bildirmişdir. Cavabdeh dürüst davranaraq hər şeyi olduğu kimi danışmışdır. Belə ki, o, iddiaçıdan pulu aldığını bildirməsəydi, iddiaçının bununla bağlı sübutu da olmazdı. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 (mətnin içində cavabdeh kimi qeyd edilmişdir) iddiaya münasibət olaraq bildirmişdir ki, bugünədək məhkəmə iclaslarına gəlməməsinin səbəbi iş ilə hər dəfə Şahmara zəng edərkən, Şahmarın ona hər şeyin yolunda olduğunu və narahat olmamasını deməsi olmuşdur. Mübahisə ilə bağlı cavabdeh bildirmişdir ki, Rəna atasının xəstə olmasını, oğlunun isə dövlət işində işlədiyinə görə Rəna ona fəhlələrin başında dayanmasını, tikintiyə ümumi nəzarət etməsini təklif etmişdir. Buna görə də cavabdeh hər dəfə evin inşasını videoya çəkərək ona atmışdır. Hətta Rəna xanımın atası Əsabəli kişi ilə Maştağa yolun üstündə yerləşən daş bazarına gedərək, birlikdə daşları seçmişlər. Daşın qiymətini Əsabəli kişi danışmış, cavabdehə isə maşın gələrkən artıq-əskiklik olmasın deyə nəzarət etməsi təklif edilmişdir. Qeyd edilən ünvanda elektrik enerjisi olmamış, bununla bağlı cavabdeh Maştağa qəsəbəsində yerləşən işıq idarəsinə getmiş, ordan çek almışdır. O, həmçinin evin inşası zamanı fəhlələrin gəliş-gedişinə və onların yeməyinə nəzarət etmiş, tikinti ilə bağlı hər şeyi video çəkərək iddiaçıya göndərmişdir. Ev inşa edilərkən icra nümayəndələri gələrək, tikinti üçün icazənin olmadığını bildirmişlər. Bundan sonra o, icra hakimiyyətinə yaxınlaşmış, orada ona sənədlərin saxta olduğunu bildirmişlər. Həmin günün səhəri cavabdehə Şahmar zəng edərək ona evin söküldüyünü bildirmişdir. Bundan sonra cavabdeh ünvana getmiş, evin söküldüyünü görmüşdür. O, həmçinin bildirmişdir ki, polis bölməsində olarkən anasının adı hallanmasın deyə ilkin olaraq bildirmişdir ki, pulları o götürüb. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya münasibət olaraq bildirmişdir ki, Cavabdeh2 evin bütövlükdə inşası ilə bağlı smeta tərtib edərək, iddiaçıya təqdim etmişdir. Cavabdeh2 vəkil ilə müqavilə bağlamazdan əvvəl polis bölməsinə izahat verərkən də, müstəqil şəkildə ona ümumilikdə 13 000 manat məbləğində pulu aldığını bildirmişdir. Cavabdeh aldığı pulun müqabilində evin tikintisi üçün müəyyən işlər də görmüşdür. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmi xx.xx.2022-ci il tarixli 25 nömrəli Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X7 küçəsi, Yeni yaşayış massivində yerləşən torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş tədiyyə bildirişindən görünür ki, Bilgəh qəsəbəsi, X7 küçəsi, Yeni yaşayış massivi ünvanına dair əmlka vergisi və torpaq vergisi İddiaçı tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 133 nömrəli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində X7 küçəsi, Yeni yaşayış massivində yerləşən 800 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqısatqı yolu ilə) İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli 510 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı torpaq alqı-satqısına görə 10 880 000 manat məbləğində pulu ödəmişdir. İş materiallarına əlavə edilmiş torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bilgəh Bələdiyyəsi ərazisində yerləşən 800 m2 torpaq sahəsinin satılması barədə 133 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində Əliyeva X3 rayon Bilgəh Bələdiyyəsinin hesabına 10 880 000 manat haqq ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 24 nömrəli arayışdan görünür ki, Bələdiyyənin 133 nömrəli, xx.xx.2005-ci il tarixli qərarla verilmiş 800 m2 torpaq sahəsinə İddiaçı məxsusdur, Bilgəh Bələdiyyəsinin ərazisində yerləşir və hal-hazırda hüquqi qüvvədədir. İş materiallarında xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında başlanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və şikayət vermiş şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin material üzrə izahatı alınmış Cavabdeh1 izahatında göstərmişdir ki, 2-ci Qarabağ müharibəsi qazisidir. İddiaçı tanıyır, anası ilə rəfiqə olmuşdur, onların evinə gəlib getmişdir. xx.xx.2022-ci il tarixdə,anası ona zəng edərək işlətdiyi Buzovna qəsəbəsində yerləşən “R Studiya” adlı gözəllik salonuna çağırmışdır. O, ora gəldikdə salonda Rənanın atası Əsabəli ilə birlikdə orada olduqlarını görmüşdür. Anası demişdir ki, Rənagilin Bilgəhdə torpağı var, ev tikmək istəyirlər, tanış ev tikən ustalar tanıyırsan? O, demişdir k,. Şahmar adlı dostu vardır, çağıraram sabah gələr söhbət edərsiz. Sabahı günü o, Şahmar adlı tanıdığı ustanı anasının iş yerinə dəvət etmişdir. Rənanın atası ilə Şahmar özləri söhbət etmişlər, Əsabəli özü ilə çəkib gətirdiyi kağız üzərində layihəni göstərmiş və demişdir ki, belə 2 mərtəbəli ev tikmək istəyir. Şahmar həmin layihədə bir neçə dəyişikliklər etmişdir. Danışıqları zamanı o, yanlarında olmuşdur. Onlar belə razılaşma əldə etmişlər ki, smeta müəyyən edilsin. X4 göstərdiyi 2 mərtəbəli evin smetasını hesablamış və demişdir ki, 40000 manata başa gələcək. Sonra Əsabəli demişdir ki, damını özüm edəcəyəm, bir az güzəşt et. Şahmar da 35000 manatla razılaşmışlar. Rəna demişdir ki, evi təcili tikmək lazımdır, atam evsiz qalmşdır. Rəna ondan xahiş eləmişdir ki, sən bu işin üstündə dayanıb tikinti getdikcə mənim üçün videoya çəkə bilərsən, mən evimin sıfırdan tikilişini “Youtube” kanalına qoymaq istəyirəm. O da demişdir ki, bəli, canla başla çəkərəm. Təxminən 2 gün sonra anası ona zəng edərək Rənanın 10000 manat pul gətirdiyini və Şahmara çatacağını bildirmişdir. O, Şahmarla ora gəlmiş, anası Rənanın gətirdiyi 10000 manat pulu Şahmara vermişdir. Tikinti gedərkən Rəna Şahmarla özü əlaqə saxlayırdı. Tikintiyə başlayandan bir müddət sonra Rəna ona zəng edərək anasının iş yerinə 1500 manat pul gətirdiyini və gedib götürməyi söyləmişdir. O da Şahmarla anasının iş yerinə gəlmiş və anası 1500 manat pulu Şahmara vermişdir. Dekabr ayının 12-də o, Sabunçu rayon İcra hakimiyyətinin başçısının qəbuluna gedərək, həmin evin tikintisi üçün icazə almaq istədikdə, başçı ona bildirmişdi ki, bu bələdiyyə sənədi saxtadır, sən original çıxarış sənədi düzəlt, mən sənə bir qazi olaraq materialla bağlı kömək edərəm. O, oradan çıxıb gəldikdə bu barədə anasına bildirmişdir. Anası ona demişdir ki, əgər icra hakimiyyəti Rənanın sənədinin saxta olduğunu deyirsə, bir daha bu işə girişmə, uzaq dur, özləri həll etsinlər. Sabahı günü icra hakimiyyəti tərəfindən tikilmiş bina tam təməlinə kimi uçurulmuşdur. Sonra Rəna yenidən tikintinin icazəsi üçün Şahmara çatdımaq üçün 2000 manat da gətirib anasının iş yerinə vermişdir. O da Şahmarla ora getmiş, anası həmin pulu Şahmara vermişdir. Sonradan anası onu onların işinə qarışmağa qoymamışdır. Sonradan bilmişdir ki, Şahmar yenə evi əvvəlki vəziyyətinə kimi tikmiş, yenə icra sökmək istəmiş, lakin Rəna özü İcra Hakimiyyətinə gedərək icazə almışdır. Bundan sonra Rəna onu çağırmış və demişdir ki, gör bir necə iş görüblər. O demişdir ki, işi görən onlardır, o nəzarət etmişdir, şəkil, video çəkmişdir, onların özləri ilə danış. Bundan sonra Rənanı görməmişdir. İddiaçı izahatında göstərdikləri yalandır. Rəna 23500 manat pulu hissə-hissə anasının iş yerinə gətirib anasına vermiş, anası da onunla iş yerinə gələn Şahmara həmin pulları özü vermişdir. İddiaçı evinin tikintisini Şahmar aparmışdır, o oradan heç nə aparmamışdır .O, Rənanın sözü ilə tikintiyə nəzarət etdiyinə görə, orada video çəkiliş etdiyinə görə ustalar Rənanın, verdiyi puldan ona yemək, siqaret və s. xırda xərclər üçün günə 20-30 manat pul vermişlər.Bundan əlavə Şahmar ona pul vermişdir ki, özü orada olmadıqda daş və digər materialların pulunu versin. O da Şahmarın verdiyi həmin pulları dediyi yerə vermişdir. Həmin material üzrə izahatı alınmış Cavabdeh3 izahatında göstərmişdir ki, Buzovna qəsəbəsində yerləşən' “R Studiya” adlı gözəllik salonunda saç ustası işləyir. İddiaçı ilə 10 ildir ki, dosluq edir, onunla İtaliyanın Malta şəhərində tanış olmuş, daim ünsiyyət saxlamış və gediş-gəlişləri olmuşdur. xx.xx.2022-Cİ il tarixdə, Rəna telefonla onunla əlaqə saxlamış, daha sonra onun icarə olaraq götürüb işlətdiyi Buzovna qəsəbəsində yerləşən “R Studiya” adlı gözəllik salonuna atası Əsabəli ilə birlikdə gəlmişdir. O, ona demişdir ki, Bilgəhdə torpağı var, ev tikmək istəyirlər, sən yerli adamsan, bəlkə tanış ev tikən ustalarınız var?. O, demişdir ki, bəlkə oğlum Əsəd bilər, qoy çağırım, gəlsin soruşaq. Sonra Əsəd gəlmiş, onunla görüşmüş və demişdir ki, tanışım var, binalar tikirlər, çağıraram sabah gələr söhbət edərsiz. Sabahı günü Rəna yenə atası ilə gəlmiş. Əsəd də Şahmar adlı tanıdığı ustanı ora dəvət etmişdir. Rənanın atası ilə Şahmar özləri söhbət etmişlər, Əsabəli özü ilə çəkib gətirdiyi kağız üzərində layihəni göstərmiş və demişdir ki, belə 2 mərtəbəli ev tikmək istəyir. Şahmar həmin layihədə bir neçə dəyişikliklər etmişdir. Danışıqları zamanı o, yanlarında olmamışdır, onlara çay gətirmək üçün getmişdir. Onlar belə razılaşma əldə etmişlər ki, smeta müəyyən edilsin. X4 göstərdiyi 2 mərtəbəli evin smetasını hesablamış və demişdir ki, 40000 manata başa gələcək. Sonra Əsabəli demişdir ki, damını özüm edəcəyəm, bir az güzəşt et. Şahmar da 35000 manatla razılaşmışlar. Rəna demişdir ki, evi təcili tikmək lazımdır, atam evsiz qalmşdır. Rəna Əsəddən xahiş eləmişdir ki, sən bu işin üstündə dayanıb tikinti getdikcə mənim üçün videoya çəkə bilərsən, mən evimin sıfırdan tikilişini “Youtube” kanalına qoymaq istəyirəm. Əsəd də ona dedi ki, bəli, canla başla çəkərəm. Təxminən 2 gün sonra Rəna onun iş yerinə gəlmiş və ilkin olaraq 10,000 manat pulu ona vermişdir ki, Şahmara çatdırsın, O da demişdir ki, sən özün niyə vermirsən? Rəna demişdir ki, taksi gözləyir, tələsirəm, Əsədlə danışmışam, Şahmarla gəlirlər, verərsən ona. O çıxıb getdikdən 10 dəqiqə sonra Əsəd və Şahmar gəlmiş, o çölə çıxıb pulu Şahmara verib demişdir ki, 10000 manatdır. Rəna verib. Sonradan tikinti işləri başlamışdır. Tikintiyə başlayandan bir müddət sonra Rəna yenə işlədiyi yerə gəlib 1500 manat pul gətirmiş və demişdir ki, Şahmara çatdırarsan, tikintinin icazəsi üçün istəmişdir. O, 1500 manatı götürmüş, Şahmarla əlaqə saxlamışdır və oğlu Əsədlə gəlib pulu götürmüşdür. Bir neçə gün sonra Rəna yenə 10000 manat pul gətirmiş və yenə Şahmara çatdırmağı bildirmişdir. O, yenə həmin pulu Əsədlə işlədiyi yerə gələn Şahmara vermişdir. Dekabr ayının 12-də oğlu Əsəd Sabunçu rayon İcra hakimiyyətinin başçısının qəbuluna gedərək, həmin evin tikintisi üçün icazə almaq istədikdə, başçı ona bildirmişdi ki, bu bələdiyyə sənədi saxtadır, sən original çıxarış sənədi düzəlt, mən sənə bir qazi olaraq materialla bağlı kömək edərəm. Əsəd oradan çıxıb gəldikdə ona demişdir ki, əgər icra hakimiyyəti Rənanın sənədinin saxta olduğunu deyirsə, bir daha bu işə girişmə, uzaq dur, özləri bəli etsinlər. Sabahı günü İcra hakimiyyəti tərəfindən tikilmiş bina tam təməlinə kimi uçurulmuşdur. Sonra o, yenidən tikintinin icazəsi üçün Şahmara çatdımaq üçün 2000 manat da gətirib onun iş yerində vermişdir. Həmin pulu da Əsədlə gələn Şahmara çatdırmışdır. Sonradan o, Əsədi onların işinə qarışmağa qoymamışdır. Sonradan bilmişdir ki, Şahmar yenə evi əvvəlki vəziyyətinə kimi tikmiş, yenə icra sökmək İstəmiş, lakin Rəna özü İcra Hakimiyyətinə gedərək icazə almışdır. Bundan sonra Şahmar tikintini dam işində saxlamış və çıxıb getmişdir. Bundan sonra Rəna başqa ustalar gətirib işin qalan hissəsini gördürmüşdür. Rəna ona mesajla yazaraq göndərmişdir ki, mənim prorablarımın hesablamasına görə Şahmar məndən çox pul almışdır. O da demişdir ki, o Şahmar, o da sən çağır danış, işlərinizi həll edin. İddiaçı izahatında göstərdikləri yalandır, Rəna 23500 manat pulu hissə-hissə onun iş yerinə gətirib ona vermiş, o Şahmarı çağıraraq həmin pulları iş yerində ona vermişdir. İddiaçı evinin tikintisini Şahmar aparmışdır, Rənanın tikinti üçün aldıqları və tikilməkdə olan evdə yerləşən, onun pulu ilə alınmış tikinti ləvazimatlarından onun oğlunun xəbəri olmamışdır. Həmin material üzrə izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, fərdi tikinti işləri üzrə briqadir kimi fəaliyyət göstərir. Cavabdeh1 5-6 ay olar ki, bir qazi kimi Binə qəsəbəsində tikinti materialları mağazası işlətdiyindən tanımış, münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixdə, Əsəd ona zəng edərək demişdir ki, Bilgəh qəsəbəsində 2 mərtəbəli ev tikmək lazımdır, bacararsan? O da demişdir ki, bəli, elə o işlərlə məşğul olur. Səhəri günü Əsədin anasının işlədiyi Buzovna qəsəbəsində yerləşən “R Studiya” adlı gözəllik salonuna Əsədlə birlikdə gəlmişdir. Orada adını sonra bildiyi Rəna adlı qadın atası Əsabəli ilə birlikdə gəlmişdir. Rənanın atası ona demişdir ki, Bilgəhdə torpağı var, 2 mərtəbəli ev tikmək istəyir, neçəyə başa gələr? O, onun gətirdiyi evin sxeminə baxıb demişdir ki, 40000 manata 2 mərtəbənin daş işini görüb başa gətirər. Sonra onun atası Əsabəli demişdir ki, damını özüm edəcəyəm, bir az güzəşt et. O da 35000 manatla razılaşmışdır. Rəna demişdir ki, evi təcili tikmək lazımdır, atam evsiz qalmşdır. Rəna Əsəddən xahiş eləmişdir ki, sən bu işin üstündə dayanıb tikinti getdikcə mənim üçün videoya çək. Sabahısı günü axşamtərəfi o, Əsabəli kişi ilə daş almağa getmişlər, tikintinin işlərinə başlamışdır. Bir gün sonra Əsəd onunla Bilgəh qəsəbəsində görüşərək Rənanın ona verdiyi 10000 manat puldan 5000 manat verib demişdir ki, qalan 5000 manat mənə lazımdır. O, evin birinci mərtəbəsinin yarısını tikib qurtardıqda Rəna özü tikinti gedən yerə gələrək, 10000 manat pulu ona verdikdə demişdir ki, ver Əsədə. Əsəd də 10000 manat pulu alıb, həmin gün ona 8000 manat pul vermişdir. Rəna ilə ancaq Əsəd özü əlaqə saxlamışdır. Tikinti işləri gedərkən icra nümayəndəsi, bələdiyyə işçiləri gəlib tikintini saxlamağı bildirmişdilər. Dekabr ayının 12-də Əsəd Sabunçu rayon İcra hakimiyyətinin başçısının qəbuluna getmiş, həmin evin tikintisi üçün icazə almaq istəmiş, lakin ala bilməmişdir. Sabahı günü icra hakimiyyəti tərəfindən tikdiyi bina tam təməlinə kimi uçurulmuşdur. Sonradan Rəna özü İcra Hakimiyyətinə gedərək şifahi icazə almış və ona demişdir ki, evi tez olduğu yerə kimi tikin, sonra çıxıb gedin, mənim öz adamlarım gəlib davam edəcək. O da evin birinci mərtəbəsini tikib ona təhvil verib, oradan çıxmışdır. Bundan sonra Rəna başqa ustalar gətirib işin qalan hissəsini gördürmüşdür. Sonradan Rəna bir dəfə zəng edib ona demişdir ki, gördüyün işlər barədə mənə hesabat ver. O da vatsapla gördüyü işlərin hesabatını ona atmışdır. Ondan sonra Rəna ilə heç bir danışığı olmamışdır. İddiaçı tikinti üçün pulları Əsədə bir hissəsini anasının işlədiyi yerdə vermiş, bir hissəsini isə tikinti gedən Bilgəh qəsəbəsində Əsədə vermişdir.O, icazə almaq işlərinə qarışmamışdır, ona ancaq tikinti üçün lazım olan pul verilmişdir. Rəna xanımın Əsədə icazə üçün pul verməsindən xəbəri olmamışdır. İddiaçı izahatında göstərdikləri həqiqətə uyğun deyil,o işini qurtardıqdan sonra özünə məxsus olan su çənini, taxtalarını götürüb getmişdir və bu barədə də Rənaya da bildirmişdir. Oradan Rənaya aid olan heç bir ləvazimat, material aparmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/-10/7677 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5952/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının 1-3-cü suallar üzrə tədqiqatın nəticəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X7 küçəsi, Yeni yaşayış massivində yerləşən iddiaçıya məxsus yarımtikilinin ilk dəfə tikintisi faktiki olaraq yerində olmadığını, mülki iş materiallarında tikilinin daxili və xarici ölçüləri barədə məlumat olmadığınından və eləcə də mülki iş materialında olan foto şəkillərdə bünövrənin eni və qalınlığı, mişar daşının qalınlığı (0.20 sm-0.40 sm-0.60 sm və s), taxta materiallarının neçə m3 olması barədə məlumatlar olmadığından çəkilmiş xərclərin və görülən işlərin (işçilərə ödənilməli muzdun) müayinə etmək mümkün olmamışdır. Tədqiqatın 2-ci sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X7 küçəsi, Yeni Yaşayış massivində yerləşən iddiaçıya məxsus yaşayış evində ayrılmış yenidənqurma və tikinti–təmir işlərinin təqribi dəyəri bazar qiymətlərnə uyğun olaraq 24.941,0 manat məbləğində dəyəri müəyyən olunur. Tədqiqatın 4-cü sualı üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X7 Yeni yaşayış massivində yerləşən iddiaçıya məxsus fərdi yaşayş evinin inşası üçün müvafiq icazə verici sənədlər olmadığından yaşayış evinin inşası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2 bəndlərinə uyğun inşa olumadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Hazırkı mülki iş üzrə rəy vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti, İ dərəcəli ədliyyə qulluqçusu X2 ifadəsində, eyni zamanda məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o,ekspertiza tədqiqatı aparan zaman hazır vəziyyətdə inşa edilmiş ev görmüşdür. Evdən başqa ünvanda heç bir advadanlıq olmamışdır. Ekspert rəyində qeyd etdiyi əlavə xərclərə nəqliyyat xərcləri də aiddir. Nəqliyyat xərci hesablanarkən tikinti materiallarının hardan alınmasına dair məlumat iş materiallarında olmamışdır. Mülki işdə fotoşəkillər olmuşdur. Nəqliyyat xərcinin yalnız sənədlərlə hesablamaq mümkün olduğunu bildirmişdir. O, həmçinin bildirmişdir ki, daş bazarından daş alarkən həmin ləvazimatın ünvana gətirilməsi də xərcə aiddir. Belə ki, tikinti üçün beton alınan zaman beton qarışdıran maşın ayrıca hesablanmır. Rəydə əlavə xərc kimi qeyd etdiyi pulun təxminən 250-300 manatı nəqliyyat xərclərinə sərf oluna bilərdi. Həmçinin bildirmişdir ki, işçilərə xidmət haqqıda da bazar qiymətlərinə uyğun hesablanmışdır. O, rəy verərkən evin hazırkı vəziyyətini görmüş, əvvəl inşa edilmiş ev yerində olmadığından və həmin evin ölçülərinə dair məlumatlar olmadığına əvvəlki evə dair rəy verə bilməmişdir. Əgər əvvəl inşa edilmiş ev ilə hazırda inşa edilmiş ev eyni vəziyyətdə və səviyyədə inşa olunubsa, evlərin inşası üçün lazım olan mişardaşı və bünövrənin qiyməti də eyni olmalıdır. O, həmçinin bildirmişdir ki, ponpanın qiyməti 90-100 manatdır. Lakin onun kirayə qiymətini rəy tərtib edərkən nəzərə almamışdır. Çünki mikseri sifariş edərkən, ponpa da onunla birlikdə gəlməlidir. Rəydə betonun bir kub həcmində vurulmasının dəyərini 90 manat müəyyən etmişdir. Evin bünövrəsinin qazılması 120 manat ola bilər. O, həmçinin bildirmişdir ki, tolu və evin terrasını rəy verərkən görmədiyindən həmin sahədə tədqiqat aparmamışdır. Həmçinin terrasa dair rəy tərtib edərkən onun ölçüləri müəyyən edilməlidir. Ekspertiza tədqiqatı aparan zaman gördüyü hər şeyi qiymətləndirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinin əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin iş üzrə vermiş olduğu izahatları dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X7 küçəsi, Yeni yaşayış massivində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istəmiş, ilkin olaraq həmin torpaq sahəsində ev inşa edilsə də, sonradan Sabunçu rayon İcra Hakimiyyətindən müvafiq icazə alınmadığı bəlli olmuş və tikintisinə başlanmış ev sökülmüşdür. Daha sonra iddiaçı tərəfindən müvafiq icazələr alınmış və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X7 küçəsi, Yeni yaşayış massivində yeni evin inşasına başlanılmışdır. Hazırkı mülki iş üzrə cavabdehlərin rolu ondan ibarət olmuşdur ki, iddiaçı tanışı olan Cavabdeh3 oğlu Cavabdeh1 vasitəçiliyi ilə Cavabdeh2 tanımış, Cavabdeh3 evin inşası ilə birbaşa maraqlı olmamış, onun işlədiyi salona iddiaçı mütəmadi olaraq gedib-gəlmiş və ayrı-ayrı vaxtlarda Cavabdeh2 çatdırılması üçün 10 000 manat, 1500 manat, 10 000 manat və 2000 manat olmaqla, cəmi 23500 manat məbləğində pulu Cavabdeh3 vermiş və Cavabdeh3 da 23500 manat məbləğində pulu iddiaçıdan almışdır. Bu hal həm Cavabdeh3 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında, həm də məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında verdiyi izahatında öz təsdiqini tapmışdır. Məhkəmə iddianın Cavabdeh3 dair olan hissəsini təmin edərkən mövqeyini onunla əsaslandırır ki, onun hərəkətləri ilə iddiaçıya ziyan dəymiş, habelə o, əsassız olaraq varlanmışdır. Belə ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilibtörədilmədiyinin müəyyən olunması mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin vəzifəsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə verdiyi izahatında 23500 manat məbləğində pulu iddiaçıdan aldığını və elə həmin məbləğdə pulu Cavabdeh2 verdiyini bildirsə də, o, həqiqətən 23500 manat məbləğindən pulun Cavabdeh2 verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər və təkzib olunmaz sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında, eyni zamanda məhkəmədən əvvəl cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 13 000 manat məbləğində pulun Cavabdeh2 tərəfindən götürülməsi öz təsdiqini tapdığından, bununla da Cavabdeh3 həmin hissədə sübutetmə yükündən azad olmasına baxmayaraq, qalan 10500 manat məbləğində pulun həqiqətən də Cavabdeh2 verildiyi müəyyən edilmir. AR Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirmişdir. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh3 hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etməklə əsassız varlanmış, belə varlanmaya qanuni əsas və müqavilə əsası olmamışdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM, 88, 217.1, 217.4-cü maddələr). Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Tərəflər arasında olan hazırkı mübahisədə isə Cavabdeh2 rolu ondan ibarət olmuşdur ki, o, həm ilkin, həm də sonradan tikilmiş evin inşasının bir hissəsini həyata keçirmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 tikinti işlərini həyata keçirilməsi üçün 8000 manat və 5000 manat olmaqla, cəmi 13 000 manat məbləğində pulu almışdır. Bu hal xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında, həm də məhkəmənin iclaslarında iştirak etmiş onun nümayəndəsi və vəkilinin izahatı ilə təsdiq edilmişdir. Məhkəmə iddianın Cavabdeh2 aid olan hissəsini qismən təmin edərkən, mövqeyini onunla əsaslandırır ki, o, şifahi podrat müqaviləsi üzrə öz öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçıya ziyan vurmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 evin inşası üçün 13000 manat məbləğində pulu almış, evin ilkin inşasını həyata keçirmiş, evin inşası üçün müvafiq icazə alınmadığından ilkin inşa edilmiş ev sökülmüş, sonradan orada yeni ev tikilmiş və sonrakı evin inşasının yalnız bir hissəsini Cavabdeh2 həyata keçirmiş, qalan işləri isə iddiaçının özünün danışdığı ustalar yerinə yetirmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X7 küçəsi, Yeni yaşayış massivində yerləşən iddiaçıya məxsus yarımtikilinin ilk dəfə tikintisi faktiki olaraq yerində olmadığını mülki iş materiallarında tikilinin daxili və xarici ölçüləri barədə məlumat olmadığınından və eləcə də mülki iş materialında olan foto şəkillərdə bünövrənin eni və qalınlığı, mişar daşının qalınlığı (0.20 sm-0.40 sm-0.60 sm və s), taxta materiallarının neçə m3 olması barədə məlumatlar olmadığından çəkilmiş xərclərin və görülən işlərin (işçilərə ödənilməli muzdun) müayinə etmək mümkün olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X7 küçəsi, Yeni Yaşayış massivində yerləşən iddiaçıya məxsus yaşayış evində ayrılmış yenidənqurma və tikinti–təmir işlərinin təqribi dəyəri bazar qiymətlərnə uyğun olaraq 24.941,0 manat məbləğində dəyəri müəyyən olunur. Nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə ekspert rəyi tədqiq edilmiş və rəydə göstərilmiş smetanın ilk 10 sırasında qeyd edilən işlərin (bünövrənin qazılması, bünövrənin beton material ilə tökülməsi, taxta, Armatur, beton, bir qat mişar daşından divarın hörülməsi, iki qat mişardaşından divarın sökülməsi, mişar, daşı, sement, qum) Cavabdeh2 tərəfindən görüldüyü və çəkilən xərcin elə rəydəki qiymətlər ilə hesabladıqda ümumilikdə 7418 manat olduğu müəyyən edilir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, ekspert rəyində göstərilməsə də, Cavabdeh2 tərəfindən tol alınmış və tol (izolyasiya) işləri görünmüşdür. İddiaçı tərəf iddia tələblərini həmin hissədə azaltmasa da, həmin xidmətin görüldüyünü bildirmiş, bununla bağlı aralarında razılaşma olmuş, tolun qiymətinin və nəqliyyat xərcləri ilə birlikdə qarşılıqlı razılıq ilə 750 manat müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən 13 000 manat məbləğində pul alınmasına baxmayaraq rəyə əsasən 7418 manat məbləğində xidmətin görüldüyü, eyni zamanda tolun qiymətini və nəqliyyat xərcləri ilə bağlı 750 manat məbləğində razılaşma olduğunu nəzərə alaraq, hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli və 4832 (13000-7418-750=4832) manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Digər Cavabdeh1 hazırkı işdə rolu ondan ibarət olmuşdur ki, o, iddiaçını Cavabdeh2 ilə tanış etmiş və evin inşasına nəzarət etmiş, iddiaçının verdiyi pulları isə anası götürmüş və Cavabdeh2 vermişdir. Məhkəmə tərəfindən cavabdehin mülki hüquq pozuntusu törədibtörətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. Hazırkı mübahisədə isə Cavabdeh1 nə pulun verilməsində iştirak etmiş, nə də evin inşasını həyata keçirmişdir. Odur ki, iddia tələbləri ona aid hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh3 10 500 (on min beş yüz) manat, Cavabdeh2 isə 4832 (dörd min səkkiz yüz otuz iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-282/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-282/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver