Məhkəmə qərarları › İş №e-2(011)-2834/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2834/2023

09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2834/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahından bir övladları, xx.xx.2008-ci il təvəllüdlü X4 doğulmuşdur.

2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(011)-3105/09 saylı qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş övladlarının saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddaiçıya ödəniməsi qət edilmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)- 336/2010 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahından doğulmuş uşağın iddiaçının yanında saxlanılması qət edilmişdir. Sonuncu dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3704/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulan alimentin məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyənləşdirilmişdir.

3. Cavabdeh ikinci dəfə nikaha daxil olub və bu nikahdan xx.xx.2015-ci il tarixdə X2 adlı bir övladı doğulmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2013-cü il tarixli 2(010)-1219/2013 saylı qətnaməsində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə birgə nikahından bir övladları dünyaya gəlmişdir. Münasibətlərin pisləşməsi zəminində cavabdehin müraciətinə əsasən Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnaməyə əsasən nikaha xitam verilmişdir. Bundan öncə Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2009-cu il tarixli 2(011)-3105/09 saylı qətnaməyə əsasən cavabdehdən uşağın saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Müraciəti ilə Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2013-cü il tarixli 2(010)-1219/2013 saylı qətnaməsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(011)-3105/09 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş və cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə uşağın yetkinlik yaşına çatanadək hər ay 95 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldığı vaxtdan artıq 9 il vaxt keçmiş, inflasiya getmiş, qiymətlər xeyli artmışdır. Cavabdeh isə uşağın maddi ehtiyaclarını ödəmək üçün ona mütəmadi olmayan ödədiyi aliment miqdarından başqa heç bir köməklik göstərmir. O, uşağını təkbaşına böyüdür, onun üçün bu çox çətindir və ödənilməli olan aliment uşağın normal şəraitdə yaşamaq üçün çox vacibdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

9. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

14. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

16. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

19. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada müəyyən edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ərizəsində əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.

20. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir (§ 13).

21. Göstərilən müddəadan da görünür ki, qanunda məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zəruriliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Qanunvericilikdə ailə və maddi vəziyyətin dəyişməsinin nədən ibarət olması açıqlanmasa da, məhkəmənin qənaətinə görə maddi vəziyyətinin dəyişməsi tərəflərin gəlirlərinin (qazanclarının) artmasını, yaxud azalmasını nəzərdə tutur. Ailə vəziyyətində dəyişiklik edilməsi isə tərəflərin yeni nikaha daxil olması, himayəsində əmək qabiliyyəti olmayan şəxslərin olması, yaxud ailə üzvlərinin gündəlik zəruri xərclərinin artması və s. kimi başa düşülə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının daimi artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.

22. Bundan başqa, uşaq hüquqları haqqında milli qanunvericilik uşaqların yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququnun olmasını müəyyən edir (§ 14).

23. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün alimentin artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2020-ci il tarixdən bəri uşaqların saxlanması üçün minimum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onların zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz.

24. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

25. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə hər ay cəmi hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş əvvəlki alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.

26. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

27. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin də ailə vəziyyəti nəzərə alınmalıdır. Belə ki, cavabdehin şəxsi məlumatları barədə “Eletktron məhkəmə” informasiya sistemindən çıxarıişdan müəyyən olunur ki, cavabdehin xx.xx.2015-ci il tarixdə yeni nikahından bir övladı da doğulmuşdur.

28. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay 500 manat məbləğində alimentin tutulması onun ailə vəziyyətini çətinləşdirə bilər. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.

29. Alimentin tutulma müddəti isə mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

30. Məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 600 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 30 manat olduğu müəyyən edilir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3704/2020 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar