Məhkəmə qərarları › İş №e-2(011)-2848/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2848/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2848/2024 20.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıun cavabdehlər LPO Cavabdeh2 ASC-yə və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı “ipotekaya xitam veriməsi barədə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “Zaminbank" ASC ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya illik 20%-lə 24 ay müddətində 44600 ABŞ dolları kredit verilmişdir.

2. Həmçinin, iddiaçı ilə “Zaminbank" ASC arasında xx.xx.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 76 saylı evin 62 saylı mənzili (bundan sonra – Mənzil) iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı olaraq “Zaminbank" ASC-nın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Bundan sonra, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun iddiaçıya qarşı yuxarıda qeyd edilən “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı xx.xx.2013-cü il tarixli, 457/1 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Mənzil üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydinin silinməsi, həmin mənzillə bağlı mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7411/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı-cavabdehdən kredit öhdəliyi üzrə qalan 16846 ABŞ dolları əsas borc, 9846 ABŞdolları faiz borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan 5375 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32067 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş Mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. Belə ki, qətnamədən apellyasiya şikayəti verilmiş, lakin prosessual müddətin ötməsi əsası ilə şikayət geri qaytarılmış, qərardaddan apellyasiya və kassasiya şikayəti verilməsinə baxmayaraq son olaraq Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-323/2020 saylı qərarı ilə müddət bərpa edilməyərək kassasiya şikayəti təmin edilməmişdir. Nəticə etibarı ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan sonra o, Əmanətlərin Sığortalanması fonduna müraciət edərək mənzilə dair reyestrdən çıxarışın verilməsini xahiş etsə də, bundan imtina olunmuş və cavab olaraq bildirilmişdir ki, Xətai Rayon Məhkəməsinin sözügedən məhkəmə qərarına əsasən Əmanətlərin Sığortalanması Fondun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Bank qarşısında mövcud olmuş öhdəliyə dövlətin adından çıxarılan və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən xitam verilmişdir. Hazırki vəziyyətdə onun əmlakı formal olaraq yüklülükdə qalmaqdadır. Artıq cavabdehin onun əmlakı barəsində, yəni ipoteka predmeti olan mənzil barəsində tələb etmə hüququ, subyektiv hüququ məhkəmə qərarına əsasən kəsilmiş, mahiyyət etibarı ilə əsas və əlavə öhdəliyə xitam verilmişdir. Lakin cavabdeh formal olaraq onun özərinə öhdəlik qoyulmaması əsası ilə sözügedən məhkəmə qərarının hüquqi nəticələrini tətbiq etməkdən imtina etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi iddiaa ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Digər cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndəsinin iştirkını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

10. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

11. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

12. Maddə 148, İİ hissə. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

13. Maddə 151. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

17. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

18. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

19. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

21. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

22. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

26. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

27. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

28. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə, 24 ay müddətinə LPO Cavabdeh2 ASC ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə LPO Cavabdeh2 ASC arasında xx.xx.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsi ilə iddiaçıya məxsus Mənzil ipoteka ilə yüklü edilmişdir. Sözü gedən ipoteka müqaviləsinin müddəti bağlanılmış kredit müqaviləsinin müddəti ilə müəyyən edilmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022ci il tarixli qərarında göstərilmişdir ki, .. Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.

31. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.

32. Göründüyü kimi ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmədiyindən və ipoteka predmetinin yüklülüyü davam etdiyindən hazırki tələb təmin edilə bilməz.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar