Məhkəmə qərarları › İş №e-2(011)-2962/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2962/2021

01.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2962/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Tələbkar ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu kreditor Tələbkar MMC-nin xeyrinə 311 manat və 443 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 774 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu qızından 20.02.2019-cu il və 20.05.2019-cu il tarixli müqavilələri üzrə 754 manat məbləğində qalıq borcun alınaraq kreditor Tələbkar MMC-yə ödənilməsi barədədir, mübahisə cavabdehlə "xxxx" MMC arasında 20.02.2019-cu il tarixdə və Tələbkar MMC arasında 20.05.2019-cu il tarixdə bağlanmış müxtəlif nisyə alqı-satqı müqavilələrindən irəli gəlir, 20.02.2019-cu il tarixli müqavilənin predmeti “TP-LİNK TD-W8961NK”, “BLUETOOTH STEREO QCY-MİNİ 2(K)”, “PHİLİPS XENİUM X818 (20y.e)”, 20.05.2019-cu il tarixli müqavilənin predmeti “Nokia 6.1 Plus DS Black” markalı əşyanın alıcıya verilməsindən, alıcının isə əşyanı qəbul edib əvəzində bu müqavilənin şərtlərini yerinə yetirməsindən ibarətdir. İş materiallarından alıcının həmin əşyaları müqavilə şərtlərinə uyğun olaraq təhvil alması görünmür. Həmçinin, hər iki müqavilədən görünür ki, müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər, həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin məhkəməyə müraciət etmək hüququ var. Lakin buna baxmayaraq, ərizə və ona əlavə olunmuş sənədlərdən, kreditorun pretenziya qaydasına əməl etməsi görünmür. Digər tərəfdən, 20.05.2019-cu il tarixli müqavilədən görünür ki, müqavilənin preambula hissəsinə əsasən satıcı "xxxx" MMC-nin direktoru X2sa da, müqavilə Tələbkar MMC-nin direktoru X1 tərəfindən imzalanmış, sonuncu MMC-yə məxsus möhürlə imza təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ərizəçi oxşar məzmunlu ərizə ilə əvvəllər də məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli, 2(011)-1709/2021 saylı qərardadı və 2(011)-2236/2021 saylı qəradadları ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ərizəçi tərəfindən qərardadlarda göstərilənlər nəzərə alınmadan eyni məzmunlu ərizə ilə təkrar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276, 279, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Tələbkar MMC-nin Borclu 311 manat və 443 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 774 manat məbləğində pulun tutularaq kreditor Tələbkar MMC-yə ödənilməsinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar