Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-297/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 06 oktyabr 2012-ci il tarixində rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan 14 sentyabr 2013-cü il təvəllüdlü X11 adlı bir övladı var. Cavabdehlə ailə qurduqları ilk günlər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri korlanmışdır və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan övladlarının cavabdehin yanında qalması, iddiaçıdan hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində aliment xx.xx.2015-ci il tarixdən başlayaraq tutulub xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ödənilməsi qət edilmiş, qətnamə icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və hazıradək də icra edilməkdədir. İddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, belə ki, xx.xx.2020-ci il tarixdə rəsmi nikaha girərək yenidən ailə qurmuş, yeni qurduğu nikahdan hazırda iki övladı - xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 vardır. İddiaçının aylıq əmək haqqı 12346,65 manat təşkil edir, həmin əmək haqqının ¼ hissəsi əvvəlki nikahından olan uşağının saxlanılması üçün cavabdehin xeyrinə tutulur (yəni üç mindən artıq məbləğ), yerdə qalan məbləğ isə digər uşaqlarının və ailənin saxlanılmasına yetmir. Ədalət prinsipi baxımından aylıq əmək haqqının yarısı bütün 3 uşaqlar arasında bərabər şəkildə bölünməlidir. Lakin hazırkı vəziyyətdə birinci nikahdan olan övladı ilə ikinci nikahdan olan övladlarının saxlanılması arasında xeyirli fərq var. Bundan başqa valideynləri də iddiaçının himayəsindədir. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, sabit pulməbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən uşaqların saxlanılmasını valideynlərin üzərinə vəzifə kimi qoymuşdur və onlar uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh "xxxx" MMC-də işləyir və yüksək məbləğdə əmək haqqısı vardır. Belə olan halda iddiaçının əmək haqqının ¼ hissəsinin tutulub cavabdehə ödənilməsi həm qanunvericilik, həm ədalət, həm də digər uşaqlarının hüquqlarının təmin olunması baxımından düzgün deyildir. Cavabdehə ödənilən məbləğ isə yaşayış minimumundan 15-20 dəfə artıqdır. Eyni zamanda cavabdehə ödənilən alimentin bir hissəsi uşağa deyil, başqa məqsədlərə sərf olunur, belə ki, əvvəlki nikahdan olan X11 AR Təhsil Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin nəzdində və ödənişsiz olan Bakı şəhəri, R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin 5K sinifində təhsil alır, sağlamlığı, səhhəti ilə bağlı hər hansı bir problemi yoxdur, müalicəyə, məşğələlərə, hər hansı bir dərnəyə və sairə getmir, yəni əlavə xərcləri yoxdur. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli, 2(006)-2888/2015 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 avqust 2015-ci il tarixdən başlayaraq, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində Cavabdeh xeyrinə tutulan alimentin miqdarını dəyişdirilərək, hər ay 1500 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli, 2(006)-2888/2015 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 avqust 2015-ci il tarixdən başlayaraq, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində Cavabdeh xeyrinə tutulan alimentin miqdarını dəyişdirilərək, hər ay 2000 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-2888/2015 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində Cavabdeh xeyrinə aliment tutulması qət edilmişdir. Həmin tarixdən başlayaraq İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində aliment tutularaq Cavabdeh ödənilmişdir. Bu müddətdə İddiaçı əmək haqqısı müxtəlif məbləğlərdə olmuş və bununla bağlı Cavabdeh tərəfindən hər hansı bir mübahisə yaradılmamışdır. Hazırda iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-2888/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş aylıq qazancının (digər gəlirlərinin) ¼ hissəsində aliment tutulması hissəsini mübahisələndirir. Belə ki, o, xx.xx.2020-ci ildə başqa nikaha girmiş və bu nikahdan 2 övladı - xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X9 anadan olmuşdur. Buna əsaslanaraq iddiaçı digər nikahdan dünyaya gəlmiş uşaqlarının nəzərə alınmasını və yekun olaraq xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay tərəfindən 1500 manat aliment ödənilməsinin əsaslı olmasını, bu barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Buradan aydın olur ki, iddiaçı Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsaslanaraq 3 uşağa görə qazancının yarısının tutulmasını məqsədə müvafiq saymış, lakin iddia tələbində aliment məbləğinin konkret olaraq 1500 manat göstərilməsi ilə tutulan aliment üsulunun dəyişdirilməsini (yəni, sabit pul məbləğində tutulmasını) xahiş etmişdir. Bu hal iddia ərizəsinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə ziddir və bu vəziyyətdə iddia ərizəsinin hüquqi əsası iddiaçı tərəfindən müəyyən olunmamış qalır. Nəticə olaraq, iddiaçının aylıq qazanc yeri daimi olduğundan (iddiaçının müddətsiz əmək müqaviləsi əsasında əmək haqqının olması) ondan və bu qazancdan tutulan 1/4 məbləğin cavabdeh tərəfindən mübahisələndirilməməsi fonunda hazırda alimentin sabit məbləğdə tutulması tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, iddiaçının digər 2 uşağını da nəzərə alaraq aylıq qazancanın 3 uşaq olduğuna görə yarı hissəsində tutulması və tutulan hissəsinin 3 uşaq arasında bölünməsi tələbi də tamamilə əsassızdır. Çünki hazırkı vəziyyətdə iddiaçının ikinci nikahdan dünyaya gələn uşaqları üçün aliment ödəmək kimi bir öhdəliyi müəyyən olunmamışdır. Belə olan halda həmin uşaqları saxlamaq bir valideyn kimi iddiaçının vəzifəsidir, lakin onların saxlanılması üçün nəzərdə tutulan məbləğin aliment kimi müəyyən olunması bu barədə məhkəmə qətnaməsi olmadığından əsassızdır. Hazırda iş materiallarından müəyyən olunur ki, iddiaçının belə bir məhkəmə qətnaməsinin mövcudluğunu təsdiq edəcək hər hansı bir sübutu mövcud deyildir. Cavabdehin nümayəndəsi eyni zamanda çıxışında bildirmişdir ki, tərəflərin birgə nikahından olan övladı hazırda ümumi məbləği 500 manat civarında olan 2 ayrı təhsil xidmətindən istifadə edir, aylıq dəyəri 250 manat olan idmana gedir. Həmçinin cavabdeh uşağına brend markalardan geyimlər alır, uşağın digər - əyləncə və istirahət xərclərini iddiaçının ödədiyi alimentlə qarşılayır. Cavabdeh hazırda ərizə yazıb, işindən ayrılmışdır. işsizdir, tək gəlir yeri iddiaçının ödədiyi alimentdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2888/2015 saylı, 18 avqust 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və alimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 06 oktyabr 2012-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 817 sayla qeydə alınmış nikahın pozulması, 14 sentyabr 2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, 14 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 avqust 2015-ci il tarixdən başlayaraq, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin tutularaq Cavabdeh ödənilməsi, 14 sentyabr 2013-cü il təvəllüdlü X4 üç yaşına çatanadək, 06 aprel 2015-ci il tarixdən başlayaraq, 14 sentyabr 2016-cı il tarixədək İddiaçı hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 384472 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Qazıyeva (Həsənova) Esmira Vahid qızı arasında 10 yanvar 2020-ci il tarixdə nikah bağlanmış və 78 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 678557 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 dekabr 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası X3r. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 900982 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 iyul 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası X3r. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi R.Məmmədov adına 269 nömrəli tam orta məktəb tərəfindən verilmiş 20 may 2024-cü il tarixli 130 nömrəli arayışın surətindən görünür ki, X11 həqiqətən Bakı şəhəri, R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin (rus bölməsində) 5K sinfində təhsil alır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş 31 may 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə "xxxx" MMC tərəfindən qüvvədə olan əmək müqaviləsi bildirişi mövcuddur. İş materiallarında olan X12 tərəfindən verilmiş 14 dekabr 2024-cü il tarixli arayışın surətindən görünür ki, X2 Eğitim Mərkəzində təhsil alır, Elman Qazıyev ilk dəfə 23 sentyabr 2024-cü il tarixdən etibarən riyaziyyat fənni üzrə təhsilə başlamış və aylıq təhsil haqqı 60 manat təşkil etmişdir. Daha sonra 26 noyabr 2024-cü il tarixindən etibarən riyaziyyat, ana dili və ingilis dili fənləri üzrə təhsil laraq aylıq təhsil haqqı 140 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC Uşaq bağçası tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 7 nömrəli arayışın surətindən görünür ki, X8 həqiqətən 16 sentyabr 2024-cü il tarixindən Goyarchin kids uşaq bağçasında təlim-tərbiyə alır, aylıq ödəniş 400 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC Uşaq bağçası tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 8 nömrəli arayışın surətindən görünür ki, X9 həqiqətən 19 noyabr 2024-cü il tarixindən Goyarchin kids uşaq bağçasında təlim-tərbiyə alır, aylıq ödəniş 350 manat təşkil edir. İş materiallarında olan “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X18 tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli arayışın surətindən görünür ki, Elman Qazıyevə skolioz (birinci dərəcə) diaqnozu qoyulmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 9 dekabr 2024cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh tutduğu vəzifədən 29 dekabr 2024-cü il tarixindən işdən azad olunmağı xahiş etmişdir. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kargüzar vəzifəsində işləyir, aylıq əmək haqqı 670 manat təşkil edir. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qrup rəisi vəzifəsində işləyir, aylıq əmək haqqı 12346,65 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 76.1.-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Həmin qərarın 8.7-ci bəndində əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 06 oktyabr 2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 14 sentyabr 2013-cü il təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2888/2015 saylı, 18 avqust 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 14 sentyabr 2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, 14 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 avqust 2015-ci il tarixdən başlayaraq, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin tutularaq Cavabdeh ödənilməsi, 14 sentyabr 2013-cü il təvəllüdlü X4 üç yaşına çatanadək, 06 aprel 2015-ci il tarixdən başlayaraq, 14 sentyabr 2016-cı il tarixədək İddiaçı hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı sonradan Qazıyeva (Həsənova) Esmira Vahid qızı ilə 10 yanvar 2020-ci il tarixdə rəsmi olaraq nikaha girmiş və onların birgə nikahlarından 05 dekabr 2021-ci il tarixdə X8 və 14 iyul 2023-cü il tarixdə X9 anadan olmuşdur. Hazırda iddiaçı ailə vəziyyətində dəyişiklik olmasına, birinci nikahdan olan övladı ilə ikinci nikahdan olan övladlarının saxlanılması arasında xeyirli fərqlər olduğuna istinad edərək Cavabdeh xeyrinə tutulan alimentin miqdarını dəyişdirilərək, hər ay 2000 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları ilə sübut edilmişdir ki, X11 həqiqətən Bakı şəhəri, R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin (rus bölməsində) 5K sinfində təhsil alır. X11 eyni zamanda X5 təhsil alır, ilk dəfə 23 sentyabr 2024-cü il tarixdən etibarən riyaziyyat fənni üzrə təhsilə başlamış və aylıq təhsil haqqı 60 manat təşkil etmişdir. Daha sonra 26 noyabr 2024-cü il tarixindən etibarən riyaziyyat, ana dili və ingilis dili fənləri üzrə təhsil alaraq aylıq təhsil haqqı 140 manat olaraq müəyyən edilmişdir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının 14 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün ödədiyi alimentin məbləği (12346,65:4=3086,5 manat) iddiaçının himayəsində olan digər azyaşlı uşaqların xərclərinə mütənasib deyildir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçının digər nikahından olan övladlarının uşaq bağçasında təlim-tərbiyəsi üçün iddiaçı ümumilikdə 750 manat ödəniş edir. Bundan başqa cavabdehin nümayəndəsi cavabdehin işləmədiyinə, başqa gəlirinin olmamasına, uşağın xərclərinin çox olmasına istinad etsə də, məhkəmə hesab edir ki, cavabdehin işdən könüllü olaraq çıxarılması ilə bağlı ərizəsi olsa da, iş yerindən müvafiq əmr məhkəməyə təqdim edilməmiş, həmçinin uşağın hər ay geyim və digər xərclərinin 2000 manat məbləğindən yüksək olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli və İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2888/2015 saylı, 18 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən 14 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, iddiaçıdan cavabdehin xeyrinə uşağın saxlanması üçün hər ay 2000 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin yeni qaydada tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2888/2015 saylı, 18 avqust 2015ci il tarixli qətnaməsinə əsasən 14 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 2000 manat sabit pul məbləğində aliment Cavabdeh ödənilsin. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-297/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-297/2025
17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver