Məhkəmə qərarları › İş №e-2(011)-32/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-32/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-32/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “X8 Evi-Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı “X8 Evi-Uşaq Bağçası” MMC Cavabdeh qarşı “dəymiş zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən (Park Azure yaşayış kompleksi) “X8 evi-Uşaq bağçası” MMCnin xidməti otaqlarına 31 iyul 2021-ci il tarixdə gecə saatlarında bağçanın üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 363 nömrəli mənzildən böyük həcmdə su axıdılmışdır. Suyun axıdılması nəticəsində bağçanın xidməti sahələrinə xeyli miqdarda ziyan dəymişdir. Belə ki, bağçanın 300 m2 döşəmə sahəsi tamamilə su ilə dolmuş, tavan və 600 m2 hissədə yan arakəsmə divarlar, 40m2 dəhliz hissəsində və 80m2 ayrı-ayrı otaqlarda olan döşəmədəki kovrolit və xalça, 180 m2 hissədə laminant döşəmə örtük, 300 pm yaxın plintus, divarlarda olan 15-ə yaxın əllə çəkilmiş rəsmlər və həmiçinin 6 komplekt (1 stol və 10 stul) mebel dəsti və 2 ədəd (12 gözlü) şkaf dəsti tamamilə yararsız hala düşmüşlər. Bəzi divarlarda isə geniş konstruktiv çatlar əmələ gəlmişdir (fakt təsdiqedici şəkillər əlavə olunur). Cavabdeh tərəfindən suyun axıdılması halı əvvəllər, yəni 22 iyul 2021-ci il tarixində də baş vermişdir. Lakin həmin gün iş saatları olduğundan bağçanın işçiləri tərəfindən təcili tədbirlər görülmüş və dəyəcək ziyanın miqyasının daha da böyüməsinin qarşısı alınmışdır. Ziyan dəymiş hissələr cəmiyyət tərəfindən təmir edilmişdir. Cavabdeh tərəfindən cəmiyyətin xidməti otaqlarına 31 iyul 2021-ci il tarixdə yenidən suyun axıdılması bağçanın fəaliyyətini iflic vəziyyətinə salmaqla iddiaçıya xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, "xxxx" MMC-nin, iddiaçının xidməti otaqlarına suyun axıdılması nəticəsində dəymiş ziyanın dəyərinin müəyyən edilməsi barədə hesabatına əsasən cəmiyyətə 10,342 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa uşaq bağçasının subasma baş vermiş korpusu avqust ayı ərzində fəaliyyət göstərmədiyinə görə iddiaçıya 20,210 manat məbləğində əldən çıxmış fayda qismində zərər dəymişdir. Belə ki, “X8 Evi-Uşaq Bağçası” MMC-də bir uşağın orta aylıq xidmət haqqı 470.00 manat təşkil edir. Avqust ayı istisna olmaqla əvvəlki beş ay ərzində orta aylıq uşaq sayı 58 nəfər (135,430.00:5=27,86.00:470.00=58) olmuşdur. Avqust ayında isə 12 nəfər (5,538.00:470.00=12 nəfər) uşaq olmuşdur. Üç nəfər isə illik ödəniş edib (58-12- 3=43x470.00=20,210.00 manat) təşkil edir. Beləliklə, cavabdeh tərəfindən cəmiyyətin xidməti otaqlarına 31 iyul 2021-ci il tarixdə suyun axıdılması (delikt) nəticəsində iddiaçıya təmirə çəkilmiş xərclər üzrə 10,342 manat məbləğində birbaşa ziyan və əldən çıxmış fayda qismində 20,210.00 məbləğində zərər dəymişdir. Cavabdeh tərəfindən cəmiyyətin xidməti otaqlarına suyun axıdılması delikt nəticəsində baş verdiyinə görə Cavabdeh iddiaçının xeyrinə təmirə çəkilmiş xərclər üzrə 10342 manat məbləğində birbaşa ziyan, əldən çıxmış fayda qismində 20210 manat və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 30582 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh xidməti otaqlarn təmirinə çəkilmiş xərclər qismində 10342 manat, əldən çıxmış fayda qismində 20210 manat və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 30582 manat məbləğində pul vəsaitinin “X8 Evi – Uşaq Bağçası” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən mübahisənin həlli üçün təklif etdiyi 1000 manat pul vəsaitini iddiaçı tərəfin qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda izahatında bildirmişdir ki, su sızmanın cavabdehin mənzilindən baş verməsi təsdiq olunmamışdır. Su sızma baş versə də belə, sızmanın hansı səbəbdən, haradan baş verməsi bilinmir. Bununla yanaşı cavabdehin nümayəndəsi mübahisənin həlli üçün 1000 manat pul vəsaiti təklif etdiyini bildirmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan administrator X3, tərbiyyəçi X4 və xadimə X2 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2021-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən (Park Azure yaşayış kompleksi) “X14 İnkişaf Mərkəzi” MMC-nin xidməti otaqlarına müəssisənin üst qonşuluğunda olan Cavabdeh məxsus blok 5, mərtəbə 6-da yerləşən 363 nömrəli mənzildən xx.xx.2021-ci il tarixdə, gecə saatlarında böyük həcmdə su axıdılmışdır. Suyun axıdılması nəticəsində müəssisənin xidməti sahələrində külli miqdarda ziyan dəymişdir. Belə ki, 300 kv.m sahə tamamilə su ilə dolmuş, tavan və döşəmə, 600 kv.m hissədə yan arakəsmə divarlar, 40 kv.m koridor və xalça, 180 kv.m hissədə laminant döşəmə örtük, 300 pm-ə yaxın plintus, divarlarda olan 15-ə yaxın əllə çəkilmiş rəsmlər və həmçinin 6 komplekt (1 stol və 10 stul) mebel dəsti tamamilə yararsız hala düşmüşlər. Bəzi divarlarda isə geniş konstruktiv çatlar əmələ gəlmişdir. (fakt təsdiqedici şəkillər əlavə olunur). Qonşu tərəfindən suyun axıdılması halı əvvəllər, yəni 22 iyul 2021-ci il tarixində də baş vermişdir. Lakin həmin gün iş saatları olduğundan bağçanın işçiləri tərəfindən təcili tədbirlər görülmüş və dəyəcək ziyanın miqyasının daha da böyüməsinin qarşısı alınmışdır. Ziyan dəymiş hissələr cəmiyyət tərəfindən təmir edilmişdir. (fakt təsdiqedici video əlavə olunur). Müəssisənin subasma baş vermiş korpusu istifadə üçün tam yararsızdır və hal-hazırda fəaliyyət göstərmir. İş materiallarında olan "xxxx" MMC-nin texniki şöbə müdiri X5, inzibati şöbənin növbə rəisi X6, komendant X7, “X14 İnkişaf Mərkəzi” MMC-nin əməkdaşları X3, X4, X2 və 363 nömrəli mənzilin sahibi Cavabdeh (imzalanmayıb) tərəfindən tərtib edilmiş və imzalanmış üzləşmə aktından görünür ki, həqiqətən də xx.xx.2021-ci il tarixində “Park Azure” Yaşayış Kompleksini blok 5, 6-cı mərtəbəsində yerləşən 363 nömrəli mənzildən su sızması nəticəsində “X14 İnkişaf Mərkəzi” MMC-nin əsas korpusunun xidməti sahələri yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 001/2021 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, “X8 Evi – Uşaq Bağçası” MMC-də (VÖEN:**********) bir uşağın orta aylıq xidmət haqqı 470 manat təşkil edir. Avqust ayı istisna olmaqla əvvəlki 5 ay ərzində orta aylıq uşaq sayı 58 nəfər (135430,00 :5=27086,00:470,00=58 nəfər) olmuşdur. Üç nəfər illik ödəniş edib (58-12-3=43x470,00=20210,00 manat). Uşaq bağçasına dəymiş zərər 20210 manat təşkil edir. Avqust ayı daxil olmaqla son 6 aylıq dövriyyə mart ayı-20926,00 manat, aprel ayı – 28406,00 manat, may ayı – 24678,00 manat, iyun ayı – 27644,00 manat, iyul ayı – 33776,00 manat, avqust ayında isə 5538,00 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli 61/1 nömrəli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən (Park Azure yaşayış kompleksi) “X14 İnkişaf Mərkəzi” MMC-nin xidməti otaqlarına su axması nəticəsində dəymiş ziyanın dəyəri 10342 manat təşkil edir. İş materiallarında olan CD diskdəki videogörüntüdən və fotoşəkillərdən görünür ki, “X8 Evi-Uşaq Bağçası” MMC-nin xidməti otaqlarının tavandan uşaq bağçasının xidməti otağına fasiləsiz su axıdılmış və divarda su sızma nəticəsində çatlar əmələ gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli 9/2132 nömrəli eskpert rəyindən görünür ki, mülki iş üzrə “X8 Evi-Uşaq Bağçası” MMC-nin itirdiyi əldən çıxmış faydanın (mənfəət) hesablanması məhkəmə-mühasibat ekspertizasının predmeti olmadığından sual üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2022-ci il tarixli 10/1783 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, ünvan 1 ünvanında yerləşən “X8 Evi-Uşaq Bağçası” MMC-nin daxilində baş vermiş su sızmasının əsas dəhliz hissədə baş verdiyini və həmin hissənin üstündə binanın blokunda olan su borular keçən şaxtanın yerləşdiyini, Cavabdeh məxsus 363 saylı mənzildən hal-hazırda su sızma halı baş vermədiyini nəzərə alaraq, 363 saylı mənzilin su sistemində nasazlıq olmadığı müəyyən edilmişdir. Eyni zamanda “X8 Evi-Uşaq Bağçası” MMC-nin xidməti otaqları təmirli olduğu üçün, həmin qeyri-yaşayış sahəsinə hər hansı bir ziyanın dəydiyini müəyyən etmək mümkün olmamışdır. “X8 Evi-Uşaq Bağçası” MMC-nin xidməti otaqlarının hal-hazırda təmirli olduğunu nəzərə alaraq, ünvan 1 ünvanında yrləşən “X8 Evi-Uşaq Bağçası” MMC-nin xidməti otaqlarına dəymiş ziyanın məbləğinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/6295 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən “X8 Evi-Uşaq Bağçası” MMC-yə su sızmasının səbəbini və həmçinin Cavabdeh məxsus 363 saylı mənzildə su sistemində nasazlıqların olub-olmamasını müəyyən etmək üçün “X8 Evi-Uşaq Bağçası” MMC-nin üst mərtəbəsində yerləşən cavabdehə məxsus mənzilə baxış keçirilməsi zəruri olmuşdur. Lakin qeyd olunur ki, cavabdehə məxsus mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də su sızmanın texniki səbəbini və həmçinin cavabdehə məxsus mənzilin su kanalizasiya xəttlərində nasazlıqların olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. “X8 Evi-Uşaq Bağçası” MMC-nin xidməti otaqlarının hal-hazırda təmirli olduğunu nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən “X8 Evi-Uşaq Bağçası” MMCnin xidməti otaqlarına dəymiş ziyanın məbləğinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/1509 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, ünvan 1 ünvanında yerləşən “X8 Evi-Uşaq Bağçası” MMC-nin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 363 saylı mənzilin su sisteminin (su və kanalizasiya xəttlərinin) gizli şəkildə olduğu və su sisteminin görünən hissələrində hər hansı qüsurun mövcud olmadığı müəyyən edilmişdir. 363 saylı mənzildə su sistemində nasazlıqların olub-olmamasını müəyyən etmək üçün eksperiment keçirilmiş və su sistemində nasazlığın olmadığı müəyyən edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, 6-cı mərtəbədə yerləşən 363 saylı mənzil Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən (Park Azure yaşayış kompleksi) “X8 evi-Uşaq bağçası” MMC-nin xidməti otaqlarına 31 iyul 2021-ci il tarixdə yerləşən Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, 6-cı mərtəbə yerləşən 363 saylı mənzildən su axıdılmış, nəticədə bağçanın xidməti sahələrinə ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktından, foto şəkillərdən, video görüntülərdən, eləcə də cavabdeh tərəfin iddiaçıya məhkəmə gedişatı dövründə barışıq üçün 1000 manat məbləğində pul vəsaiti təklif etməsi ilə ziyanın cavabdeh tərəfindən vurulması faktı öz təsdiqini tapmışdır. Ziyanın məbləği "xxxx" MMC tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli 61/1 nömrəli hesabatına əsasən ümumilikdə 10342 manat təşkil etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin əldən çıxmış fayda qismində 20210 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsini araşdıraraq, qeyd edir ki, müki işdə olan sübutlara təsdiq edilir ki, “X8 Evi – Uşaq Bağçası” MMC-si uşaq baxçası kimi fəaliyyət göstərir (VÖEN:**********) bir uşağın orta aylıq xidmət haqqı 470 manat təşkil edir. Avqust ayı istisna olmaqla əvvəlki 5 ay ərzində orta aylıq uşaq sayı 58 nəfər (135430,00 :5=27086,00:470,00=58 nəfər) olmuşdur. Üç nəfər illik ödəniş edib (58-12- 3=43x470,00=20210,00 manat). Uşaq bağçasına dəymiş zərər 20210 manat təşkil edir. Avqust ayı daxil olmaqla son 6 aylıq dövriyyə mart ayı-20926,00 manat, aprel ayı – 28406,00 manat, may ayı – 24678,00 manat, iyun ayı – 27644,00 manat, iyul ayı – 33776,00 manat, avqust ayında isə 5538,00 manat təşkil edir. Yəni əvvəlki aylarla müqayisədə avqust ayında su sızma ilə bağlı olaraq “X14 İnkişaf Mərkəzi” MMC-nin əsas korpusunun xidməti sahələri yararsız vəziyyətə düşdüyü, həmin hissədə təmir aparıldığı üçün həmin hissədən istifadə məhdudlaşdığı üçün iddiaçının gəlirində əhəmiyyətli azalma baş vermiş, iddiaçı maddi zərərə məruz qalmışdır. Cavabdeh tərəf həmin rəqəmləri təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən tələb olunan məbləğin 50%nin tutulması ədalətli olmaqla tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10342 (on min üç yüz qırx iki) manat dəymiş zərər və 10105 (on min yüz beş) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 20447 (iyirmi min dörd yüz qırx yeddi) manat pul vəsaiti tutularaq, iddiaçı “X8 Evi-Uşaq Bağçası” MMC-yə ödənilsin. İddia tələbləri qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə ekspertiza xərci qismində sərf edilmiş 350 manatın 66%, yəni 231 manat Cavabdeh, qalan 34%, yəni 119 manat iddiaçı X8 Evi-Uşaq Bağçası” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 66 %, yəni 20 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 34 %, yəni 10 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar