Məhkəmə qərarları › İş №e-2(011)-3219/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3219/2023

06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3219/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı və Cavabdeh1 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1378/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahı pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan olan uşağın anası Cavabdeh1 yanında saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment təyin edilmişdir.

2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, alimentin onun əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında təyin edilməsindən xəbərsiz olmuş, sadəcə olaraq vaxtıvaxtında övladının saxlanılması üçün alimenti ödəmişdir. Onun aylıq əmək haqqı 31 yanvar 2022-ci il tarixdə artmış, daha doğrusu yeni işə qəbul edilmişdir.

3. İddiaçının maaşı həmin vaxtdan artaraq 1700 manat olmuşdur. Aylıq maaş kartıma köçən məbləğ 1396 manatdır. Lakin həmin maaşın bütün hissəsi onun özünə çatmır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi onun iş yeri Şirvan şəhərində yerləşir. Hər gün Bakıdan Şirvana gedib-gəlmək üçün aylıq olaraq 400 manata yaxın miqdarda xərci çıxır. Bundan əlavə vergi ödənişləri üçün də maaşından müəyyən məbləğdə pul vəsaiti çıxılır. Eyni zamanda onun özünə qalan məbləğlə ailəni saxlaması, himayəsində olan onkoloji xəstə anasına baxması, bununla yanaşı yüksək məbləğdə aliment ödəməsi mümkün deyildir. İddiaçı xx.xx.2018-ci il tarixdə yenidən ailə qurmuş, xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladı dünyaya gəlmişdir. İkinci azyaşlı övladını da saxlamalı olduğu məhkəmə tərəfindən aliment təyin olunarkən nəzərə alınmalıdır. Anasının xəstəliyini təsdiq edən sənədlər də iddia ərizəsinə əlavə edilmişdir. Bundan əlavə, anasının onkoloji xəstəliyinin müalicəsinə görə götürdüyü bank kreditlərinə aylıq 350 manata yaxın ödənişləri vardır. Qeyd olunan səbəblərdən maddi vəziyyəti alimentin hazırki səviyyədə qalmasına imkan vermir. Ata kimi iddiaçı da övladlarının rifahının yüksək olmasını istəyir, bunun üçün çalışır. Lakin, ailədə yeganə gəlir gətirən şəxs iddiaçıdır.

İddiaçının tələbi:

4. Cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçıdan tutulmalı olan aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin azaldılaraq, aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında müəyyən edilməsi və Cavabdeh1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz və əlavə sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 öz izahatında bildirmişdir ki, iddiaçının valideynləri xəstədir, qardaşı hal-hazırda Rusiya Federasiyasında yaşayır, iddiaçının özü isə Şirvan şəhərində işləyir. Valideynləri iddiaçı ilə birlikdə yaşayır, halhazırda iddiaçının maddi vəziyyəti yaxşı deyildir. İddiaçının tələbi alimentin miqdarının azaldılmasıdır, odur ki, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 öz izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə istinad edilə bilməz, iddiaçının qeyd etdiyi kimi valideynlərinin onunla birgə yaşaması, eləcə də valideynlərinin xəstə olması, həmçinin özünün Şirvanda işləməsini təsdiq edən heç bir sənəd- sübut yoxdur. İddiaçı maddi vəziyyətinin aşağı olduğunu iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı 30.000 manat ödədiyini qeyd etsə də, bu valideynlik hüquqlarının həyata keçirilməsi ilə əlaqəli olmayıb birgə nikah dövründə əldə edilmiş əmlakla əlaqəlidir. Cavabdehin himayəsində qalan birgə nikahdan uşağın saxlanması xərcləri kifayət qədər çoxdur, Nurana məktəbə gedir, bununla yanaşı, üzgüçülüyə, kurslara da gedir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbi ilə razılaşmayaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. Bakı şəhəri 12 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/12/2023-00146 nömrəli xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışa əsasən, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İMS-də iştirak etmiş, Cavabdeh1 isə İMS-də iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat Vəkil1 tərəfindən ödənilmişdir.

10. AZ-İV-420397 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 atası İddiaçı Əlövsət oğlu, anası X2r.

11. AZ-İİ-393627 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə X6 arasında nikah xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və bu barədə 2894 akt qeydi aparılmışdır.

12. Məşğulluq haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən, X8 işaxtaran qismində qeydiyyatdan keçmişdir.

13. Məşğulluq haqqında arayışa əsasən, xx.xx.2022-ci il tarixli arayışa əsasən, X9 işaxtaran qismində qeydiyyatdan keçmişdir.

14. Cavabdeh1 ilə “Bank of Baku” arasında bağlanmış 03 may 2021-ci il tarixli AL/45686/80/18 nömrəli kredit sazişinə əsasən, 3000 manat 7 il müddətinə illik 25% dərəcəsi ilə maksimal 10000 manat miqdarında kredit xətti ayrılmışdır.

15. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2018ci il tarixli İP-34/2018 saylı kredit müqaviləsinə əlavəyə əsasən, kreditin məbləği 40000 manat, aylıq ödəniş 282,71 manatdır.

16. DSX X10 Mərkəzi tərəfindən verilmiş 006116 nömrəli aylıq abunə vəsiqəsinə əsasən, X7 hər həftənin 1,2,6-cı günləri Basketbol idman növü ilə məşğul olur.

17. DSX X10 Mərkəzi tərəfindən verilmiş 003496 nömrəli aylıq abunə vəsiqəsinə əsasən, X7 hər həftənin 2,4,6-cı günləri Üzgüçülük idman növü ilə məşğul olur.

18. İş materiallarına əlavə edilmiş pasiyent X3 məxsus Bel-Oma fəqərələri MRT-si, Çanaq orqanlarının MRT müayinəsi, Çimnaz Nəbiyevaya məxsus koronar angioqrafiya protokolu, PTKA Stent Protokolu, Xəstəlik tarixindən çıxarış digər sənədlərə əsasən iddiaçı qeyd etmişdir ki, valideynləri yaşlıdır və onların müxtəlif xəstəlikləri vardır, bu isə iddiaçının maddi vəziyyətinə mənfi təsir göstərir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

20. xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiya:

3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

24. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli qərarı:

8. Məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. Aliment məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AR Ailə Məcəlləsinin 78.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, iddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1378/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə övladı üçün uzun müddətdir ki, qazancının ¼ hissəsində aliment ödəyir. Məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

28. İddiaçı öz iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, o yenidən nikaha daxil olmuş, yeni nikahından bir övladı dünyaya gəlmişdir, bu səbəbdən də aliment miqdarı azaldılmalıdır. Məhkəmə hesab edir ki, sadalanan amillər alimentin azaldılması üçün əsas kimi qəbul edilməməlidir. Belə ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

29. Həmçinin iddiaçı qeyd etmişdir ki, o, valideynləri ilə birgə yaşayır, valideynləri yaşlıdır və müxtəlif sağlamlıq problemləri var, bu da öz növbəsində iddiaçının maddi vəziyyətinə mənfi təsir göstərir. Eyni zamada iş yeri Şirvan şəhərindədir və bu əlavə xərclərə səbəb olur. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi bu halları - valideynlərinin onunla birgə yaşamasını, özünün Şirvan şəhərində işləməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

30. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir və orada göstərilmişdir ki: Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.

31. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia tələbi rədd edilməlidir.

Məhkəmə xərcləri:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad deyil və iddia tələbi rədd edildiyindən iddianın qiymətinə mütənasib olaraq (MPM-in 112.1.3-cü maddəsinə əsasən) dövlət rüsumu iddiaçıdan tutularaq dövlət gəlirlərinə alınmalıdır.

33. İddiaçının aylıq əmək haqqı 1700 manatdır, beləliklə bir il ərzində iddiaçıya ödənilmiş əmək haqqının miqdarı 20400 manatdır. Hal-hazırda iddiaçı tərəfindən aylıq əmək haqqının ¼ miqdarında aliment ödənilir ki, bu da bir il ərzində 5100 manat deməkdir. (20400:4=5100) Hazırda iddiaçı alimentin onun aylıq əmək haqqının 1/6 hissəsi miqdarında təyin edilməsini xahiş etmişdir. Alimentin azaldılması istənilən hissəsi 20400:6=3400; 5100- 3400=1700 manatdır. 1700 manata nisbətdə iddiaçıdan tutulmalı olan cəmi məbləğ 37 manatdır. Odur ki, 37 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət gəlirlərinə alınmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi rədd edilsin.

2. İddiaçı 37 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin.

3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar