Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3269/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.823 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 134,47 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh bibisi nəvəsi İbrahimov Namik vasitəsilə tanımışdır. Belə ki, Tural və Namik iş yoldaşı idilər və hər ikisi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdilər. Namik onu Tural ilə tanış etdikdən sonra bir neçə dəfə Tural ondan borc pul istəmiş və hər dəfə dediyi vaxtda pulu qaytardığından onun ona inamı yaranmışdı. Bu səbəbdən o Turala 2024-cü ilin yanvar ayından sentyabr ayına kimi, əl-bə-əl və kart vasitəsilə ümumilikdə 14.823 (on dörd min səkkiz yüz iyirmi üç) manat pul vermişdir. Tural da sentyabr ayında ona öz maaş kartını verərək hər ay kartdan 2.000 (iki min) manat pulu çıxartmağını bildirmişdi. 2024-cü ilin oktyabr ayının axırlarında o Turalın ona verdiyi bank kartını ATM-ə daxil etdikdə kartın bloklandığını görüb. O, Turala zəng etdikdə onun nömrəsinə zəng çatmadı. O, Namiklə danışıb Turalın telefon nömrəsinə zəng çatmadığını bildirdikdə, Namik ona Turalın işdən çıxarıldığını bildirdi. Həmin zamandan bəri o Turalla əlaqə saxlaya bilmir və onun harada olduğundan məlumatı yoxdur. Yuxarıda göstərdiyi hallara görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, cavabdeh hərbiçi olduğuna görə ona inanıb. O ona bildirmişdir ki, “X2” markalı maşın alıb, rayonlararası sərnişindaşıma ilə məşğul olacaq. Onun işləri yoluna düşdükdən sonra pulları ona qaytaracaqdır. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, pulları iddiaçı ona həm kart, həm də nağd şəkildə vermişdir. O, onun hərbçi olduğuna inanıb. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Leobank - “X1” ASC-nin bank çıxarışından görünür ki, İddiaçı adlı müştəriyə məxsus hesabdan “Tural Q.” (409858****2035) adlı müştərinin kartına 13 may 2024-cü il tarixdə 198 manat, 29 mart 2024-cü il tarixdə 297 manat, 23 mart 2024-cü il tarixdə 99 manat pul köçürülməsi həyata keçirilmişdir. İş materiallarında olan Leobank - “X1” ASC-nin bank çıxarışından görünür ki, İddiaçı adlı müştəriyə məxsus hesabdan “Tural Q.” (409858****5628) adlı müştərinin kartına 15 yanvar 2024-cü il tarixdə 200 manat, 9 yanvar 2024-cü il tarixdə 300 manat və 150 manat pul köçürülməsi həyata keçirilmişdir. İş materiallarında olan Leobank - “X1” ASC-nin bank çıxarışından görünür ki, İddiaçı adlı müştəriyə məxsus hesabdan “Tural Q.” (409858****1128) adlı müştərinin kartına 27 dekabr 2023-cü il tarixdə 250 manat pul köçürülməsi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “BirBank” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, 416973******3278 nömrəli kartdan 409858******2035 nömrəli karta xx.xx.2024-cü il tarixdə 495 manat, xx.xx.2024-cü il tarixdə 395 manat, xx.xx.2024-cü il tarixdə 495 manat, xx.xx.2024-cü il tarixdə 99 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin “BirBank” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə 416973******3278 nömrəli kartdan 516751******2187 nömrəli karta 445 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan “ABB” tətbiqi vasitəsilə karta köçürmə qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə 5522******0429 nömrəli kartdan 4098******2035 nömrəli karta 1,400 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, 516751******2187 nömrəli bank kartının üzərində “Cavabdeh” adı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əlyazmada qeyd edilmişdir ki, Cavabdeh İddiaçı 6 ay müddətinə qaytarmaq şərti ilə 10.000 manat pul almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia tələblərində göstərilmiş pul tələbi 3.000 manatdan yuxarı borc məbləğinin verilməsi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir (əsassız varlanma). Göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuş, yaranmış borc münasibətlərinin şərtləri tərəflər arasında olan şifahi razılaşmaya əsasən tənzimlənmişdir. İddiaçı cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 4.823 manat məbləğində pulu bank vasitəsilə köçürmüşdür. Cavabdehin həmin məbləği qaytarması iş materialları ilə təsdiq olunmadığından, iddia tələbləri bu hissədə qismən təmin edilərək, cavabdeh əsassız varlandığı 4.823 manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının cavabdehə bundan əlavə 10.000 manat nağd qaydada da pul borcu verməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, işdə olan əlyazmanın cavabdehə aidliyini və cavabdehin iddiaçıdan həmin məbləğdə borc aldığını iş materiallarında olan sübutlarla müəyyən etmək mümkün olmamışdır. Belə ki, cavabdehin iddiaçıdan 4.823 manat məbləğində pulu alması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbləri qismən təmin edilərək 4.823 (dörd min səkkiz yüz iyirmi üç) manat pul ödənilməmiş borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iş materialları ilə tərəflərin arasında aparılmış bütün nağdsız hesablaşmaların həcmini müəyyən etmək mümkün olmamışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 134,47 manat dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, göstərilən hissədə də iddia qismən təmin edilməli və hüquqi yardım üçün ödənilmiş 68,23 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 4.823 (dörd min səkkiz yüz iyirmi üç) manat maddi zərər və 68,23 (altmış səkkiz manat iyirmi üç qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3269/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3269/2025
18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver