Məhkəmə qərarları › İş №e-2(011)-3366/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3366/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3366/2023 27.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Şəmkir rayonu, Zəyəm qəsəbəsi, M.Vidadi küçəsində yerləşən evdə atası Məlik Musayev, anası Ceyran Musayeva, bacısı İnsaf Musayeva, həyat yoldaşı Nuranə Musayeva və övladları Aysu Musayeva və Elmir Musayevlə birlikdə yaşamaqdadır. İddia tələbi üzrə qeyd edilən hadisə mart ayının 1-i 2013-cü il tarixdə səhər saat təxmini 8 radələrində baş vermişdir. İddiaçının anası mətbəxdə qaz sobasını yandırmış və öz yaşadıqları otağa qayıtmasından 5 dəqiqə keçməmiş güclü bir partlayış baş vermişdir. Evin pəncərələri və qapıları partlayış nəticəsində yerindən çıxmışdır. İddiaçı qeyd etmişdir ki, partlayış baş verdiyi anda atası həyətdə olduğundan yeganə xəsarət almayan şəxs o idi. İddiaçının atası və qonşular onları xəstəxanaya çatdırmışlar.

2. İddiaçı mənəvi zərərin ödənilməsi ilə bağlı öz tələbini belə əsaslandırmışdır ki, baş vermiş cinayət hadisəsi nəticəsində ağır fiziki xəsarətlər almış eyni zamanda mənəvi sarsıntı və sonrakı proseslər nəticəsində mənəvi iztirablar keçirmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli Hökmünə əsasən, X9, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Şəmkir rayon X11 (QİS) Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçir xidmətinin xətti baxıcısı işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “ Azərbaycan Respublikasında yanğın Təhlükəsizliyi Qaydaları” nın 1.2, 1.9, “Qazdan istifadə qaydaları”nın 3.1.3 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nın 3.3.5, 3.3.7, 3.3.19 və 3.3.20 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın qaydalarına riayət etməmiş, qaz xətdində mövcud olan qüsurları vaxtında aşkar edib qaldırmalı olduğu halda bunu etməyərək yer altıçəkilmiş qaz xəttinə texniki baxış keçirərkən cihazla yoxlamalar aparmamış, xəttin texniki vəziyyətini və izolə örtüklərinin zədələnmə və qaz sızma yerlərini aşkar edilməmiş, eləcə də bu barədə xidmətin rəhbərliyinə məlumat verməmişdir. Bu səbəbdən də Şəmkir rayonu, Zəyəm qəsəbəsi M.Vidadi küçəsi ilə yer altı ilə çəkilmiş 40 mm-lik qaz xəttində korroziya əmələ gəlmiş dəliklərdən torpağın altı ilə qaz sızaraq həmin küçədə yerləşən X5 məxsus evə dolmuşdur. 01 Mart 2013-cü il tarixdə saat 08:00 radələrində evin otaqlarında əmələ gəlmiş partlayış konsentirasiyalı qaz-hava qarışığı evdə istifadə olunan qaz sobasının açıq alovundan alışaraq yanğınla müşaiyət olunan partlayış baş vermişdir. Baş vermiş partlayış hadisəsi ehtiyatsızlıqdan, iddiaçının alın nahiyəsindən, sol yanağından, hər iki said nahiyyəsinin, sağ budun, ayaq pəncəsi, hər iki əlinin ovuc içi və arxa səthini 2ci və 3 cü dərəcəli texniki yanıqları ilə müşayiət olunan ağır dərəcəli xəsarətlər almasına səbəb olmuşdur.

4. Yuxarıda qeyd olunan əsaslar məhkəmə baxışı zamanı öz əsasını tapmış, Şəmkir Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixdə çıxardığı hökmlə X9 Azərbaycan Respublikasının CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.

5. Hökmdən görünür ki, partlayışa səbəb M.Vidadi küçəsi ilə çəkilmiş 76 mm-lik ümumi yer üstü qaz xəttdindən , partlayış baş vermiş evə tərəf yer altı çəkilmiş 40 mm-lik ümumi qaz xəttində baş vermiş korroziyadan əmələ gəlmiş dəlikdən yeraltı sızan qazın otaqlara dolması və hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq qaz partlaması olmuşdur.

6. Belə ki, məhkəmə araşdırmaları zamanı məlum olur ki, partlayış baş vermiş əraziyə baxış keçirilən zaman müəyyən edilir ki, partlayış hadisəsi 1 mərtəbəli 3 otaqlı evin içərisində baş vermişdir. Evin daxilində çöldən daxil olan qaz xəttinin birləşmə yerlərinə və dəmir sobaya sabun məhlulu ilə yoxlama aparılmış və heç bir yerdə sızma aşkar edilməmişdir. Daha sonra evin yaxınlığında küçə ilə gedən 76 mm lik qaz xəttinə birləşdirilmiş və partlayış baş vermiş evə tərəf torpağın altı ilə çəkilmiş 40 mm-lik qaz xəttdində korroziyadan əmələ gəlmiş dəliklərdən qazsızıntısı aşikar edilmişdir.

7. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının xx.xx.2013-cü il tarixli, 4044 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, partlayışa səbəb M.Vidadi küçəsi ilə çəkilmiş 76 mm-lik ümumi yer üstü qaz xəttdindən , partlayış baş vermiş evə tərəf yer altı çəkilmiş 40 mm-lik ümumi qaz xəttində baş vermiş korroziyadan əmələ gəlmiş dəlikdən yeraltı sızan qazın otaqlara dolması və hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq qaz partlaması olmuşdur.

8. Məhkəmə X8 təqsirli bilib cəza versə də, bu cinayət hadisəsinin baş verməsinə tək səbəb Namazov Vəzir deyil, həm də onun əməkdaşı olduğu X1. Çünki, X4 səhlənkar əməkdaşlarının vurduğu zərəri ödəməlidir.

İddiaçının tələbi:

9. Cavabdehndən iddiaçının xeyrinə 100.000 (bir yüz min) manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin etirazı:

10. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz, o cümlədən əlavə sübutlar təqdim edilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil öz izahatında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azəriqaz İB-nin əməkdaşlarının səhlənkarlığı nəticəsində baş vermiş partlayış zamanı maddi ziyanla yanaşı, mənəvi zərər də vurulmuşdur. Həmçinin hadisə nəticəsində xəsarət almış şəxs yalnız iddiaçı özü yox, onun ailə üzvləri də olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli Hökmünə əsasən, X9 Azərbaycan Respublikasının CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Məhkəmə baxışı zamanı araşdırmalar aparılmış, ekspertiza təyin edilmiş və nəticə etibarı ilə müəyyən edilmişdir ki, partlayış evdə istifadə edilən hər hansısa cihazda olan nasazlıqdan deyil, məhz borularda baş verən sızma nəticəsində olmuşdur. Odur ki, iddiaçı baş verən bu hadisədən sonra psixoloji gərginlik keçirmiş, müalicə prosesi ağrılarla davam etmiş, üzündə, əlində yanıq izləri uzun müddətli reabilitasiyadan sonra bərpa olunmuşdur bütün bu hadisələr, həm onun özünün, həm də ailə üzvlərinin müxtəlif dərəcəli yanıq xəsarətləri alması iddiaçının psixologiyasında mənfi təsirlərə yol açmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh Azəriqaz İB-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdeh Azəriqaz İB-nin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

13. Şəmkir Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixli 1(076)-70/2013 saylı hökmünə əsasən, X9 Azərbaycan Respublikasının CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hökmə əsasən, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş 01 mart 2013-cü il tarixli 163 nömrəli rəyinə əsasən, İddiaçı bədənində aşkar edilmiş xəsarətlər-alın və üz nahiyyəsinin İ-İİ dərəcəli, hər iki yuxarı ətrafların İİ-İİİ dərəcəli, hər iki kürək nahiyyəsinin İİ dərəcəli texniki yanıqları yüksək hərarətin-alovun təsirindən yaranmış, qərarın nəticəvi hissəsində göstərilən şəraitdə- yəni, qaz sızması ilə əlaqədar baş vermiş partlayışın təsirindən əmələ gələ bilər, törənmə müddəti 01 mart 2013cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmalara aid edilir.

15. Fotoşəkil və digər sübutlar.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Konstitusiyası:

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı

20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı.

21. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.

22. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il Qərarı.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

24. Belə ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisinin iddiaçının ağır fiziki xəsarət almasında təqsirli olub-olmaması, habelə cavabdehin öz işçisi X6 hərəkətlərinə görə məsuliyyət daşıyıbdaşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün müəyyən şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması.

25. Mülki iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixli 1(076)-70/2013 saylı hökmünə əsasən, X9 Azərbaycan Respublikasının CM-nin 225.1ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hökmə əsasən, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmün mətnində qeyd edilmişdir ki, X9 Cavabdeh İB-nin əməkdaşıdır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı əmək funksiyasını düzgün yerinə yetirmədiyinə görə hadisə baş vermiş, hadisə nəticəsində iddiaçı xəsarət almışdır.

26. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının sağlamlığına az ağır zərər vurmulmasında cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir.

27. Mülki hüquq pozuntusu törətmiş V.A.Namazovun hərəkətinə görə cavabdehin məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur (§17). V.A.Namazovun V.A.Namazovun Cavabdeh İB-nin əməkdaşı olması işin mübahisəsiz halıdır. O ki qaldı deliktin V.A.Namazovun əmək vəzifələrinin icrası zamanı törtməsinə, bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və V.A.Namazova qarşı ittiham onların əmək funksiyalarının pozulmasına görə verilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir.

28. Beləliklə, MPM-in 82.4-cü maddəsinə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğundan və qeyd edilən hökmə əsasən, cavabdehin işçisinin təqsirli olması və cinayət hadisəsi ilə birbaşa əlaqəsi öz təsdiqini tapdığından cavabdeh X2 iddiaçı qarşısında öhdəlik daşıması preyudisial əhəmiyyətli faktdır. Cavabdehin işçisi V.A.Namazova törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.

29. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

30. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının sağlamlığına az ağır zərər vurulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

31. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

32. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının sağlamlığına az ağır xəsarət yetirilməsi nəticəsində onun reabilitaiya dövründə ağrı-acı keçirməsi, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

34. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri sağlamlığına vurulmuş zərərə görə tələb edir. İddiaçı baş vermiş hadisədən sonra psixoloji gərginlik keçirmiş, müalicə prosesi ağrılarla davam etmiş, üzündə, əlində yanıq izləri uzun müddətli reabilitasiyadan sonra bərpa olmuşdur və bütün bu hadisələr, həm onun özünün, həm də ailə üzvlərinin müxtəlif dərəcəli yanıq xəsarətləri alması iddiaçının psixologiyasında mənfi təsirlərə yol açmışdır.

35. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 100.000 (yüz min) manat deyil, 10.000 (om min) manat pulun tutulmasını mütənasib hesab edir.

36. Beləliklə, məhkəmə obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlara dayanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və Cavabdehndən 10.000 (on min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 120 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdehndən 10.000 (on min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun.

3. Cavabdehndən 120 (bir yüz iyirmi) manat tutularaq dövlət rüsumunun əvəzi olaraq Dövlət büdcəsinə ödənilsin.

4. İddia tələbi qalan hissədə təmin edilməsin.

5. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar