Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3523/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB-dən iddianın xeyrinə 15.000.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Şəmkir rayonu, Zəyəm qəsəbəsi M.Vidadi küçəsində yerləşən evdə qaynatası Məlik Musayev, baldızı İnsaf, həyat yoldaşı Elvin, qayını Elçin, övladları Aysu və Elmirlə birlikdə yaşayırlar. 01 mart 2013-cü ildə səhər tezdən təxminən saat 8-də mətbəxdə qaynanası qaz sobasını yandırdı, yataq otağına qayıtdıqdan sonra aradan heç 5 dəqiqə keçməmiş güclü bir partlayış baş verdi. Evin pəncərələri və giriş qapısı partlayışın təsirindən yerindən çıxaraq çölə düşdü. Həmin vaxtı sanki qiyamət baş verdi. Hələ də nə baş verməsini bilmirdilər. Həmin vaxtı hamı öz dərdinin hayına qalmışdı. Qaynatam həyətdə olduğundan yeganə xəsarət almayan şəxs o idi. Evdə dairəvi fomada alov cizgi cizirdi. Qeyri adi hadisə idi. Evi alov yalayırdı. Bircə onu edə bildilər ki, yeni doğulmuş körpəmin üzünü ədyalla örtdülər ki, onun üz-gözü yanmasın. Həmin hadisə iddiaçının sifət və bədənində silinməz izlər buraxıb, yanmış dərinin yeri hava dəyişərkən iddiaçıya ağrılar verir. Bədənindəki izlər və güzgüdə özünü görərkən sifətindəki yanıqlar iddiaçının keçirdiyi mənəvi sarsıntını daha da dərinləşdirərək mənəvi iztirablar verir. Elə bir an idi ki, bir tərəfdə qayınanasının, digər tərəfdə yoldaşının və övladlarının ah naləsi ətrafı bürümüşdü. O anda çəkdiyi iztirab öz ağrılarını unutduracaq qədər acı idi. Uşaqların özünü ən təhlükəsiz və güvəndə hiss etdikləri yerdə, evlərində sadəcə səhlənkarlıq üzündən bir andaca evin hər tərəfi alova büründü. Bu faciəli mənzərənin bərabərində övladlarının qışqırtıları arasında itmək, onları qurtarmaq cəhdlərim, hiss etdiyim acizlik və onları itirmək qorxusu bir ana kimi iddiaçının ürəyini dağlamışdır. Bu faciəli hadisədən sonra övladlarının aldıqları travma onları və bir ana kimi iddiaçını dərindən sarsıtdı. Bir gün əvvəl sevinclə oynayan övladları indi bu dəhşətli təcrübənin öhdəsindən gəlməyə çalışırlar. Övladları gecələr hələ də o anları sayıqlayır. Bu iddiaçının da ürəyini parçalayır və davam edən iztirablar, ağrı, əzab-əziyyətlərinə səbəb olur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 01 mart 2013-cü il tarixli, 166 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən də görünür ki, qızı X3 aşkar edilmiş xəsarətlər-hər iki ayaq pəncəsinin İ-İİ dərəcləi termiki yanıqları yüksək hərarətin -alovun təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. Törənmə müddəti 01 mart 2013-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngülzərər vurmaya aiddirlər. Məhkəmənin hökmü ilə məhkum edilən vəzifəli şəxs olan X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi, iddiaçının sağlamlığına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. Şəmkir rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixdə çıxardığı hökmdən məlum olur ki, X9, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Şəmkir rayon X11 (QİS) Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçir xidmətinin xətti baxıcısı işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “ Azərbaycan Respublikasında yanğın Təhlükəsizliyi Qaydaları” nın 1.2, 1.9, “Qazdan istifadə qaydaları”nın 3.1.3 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nın 3.3.5, 3.3.7, 3.3.19 və 3.3.20 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın qaydalarına riayət etməmiş, qaz xətdində mövcud olan qüsurları vaxtında aşkar edib qaldırmalı olduğu halda bunu etməyərək yer altı çəkilmiş qaz xəttinə texniki baxış keçirərkən cihazla yoxlamalar aparmamış, xəttin texniki vəziyyətini və izolə örtüklərinin zədələnmə və qaz sızma yerlərini aşkar edilməmiş, eləcə də bu barədə xidmətin rəhbərliyinə məlumat verməmişdir. Bu səbəbdən də Şəmkir rayonu, Zəyəm qəsəbəsi M.Vidadi küçəsi ilə yer altı ilə çəkilmiş 40 mm-lik qaz xəttində korroziya əmələ gəlmiş dəliklərdən torpağın altı ilə qaz sızaraq həmin küçədə yerləşən X5 məxsus evə dolmuşdur. 01 Mart 2013-cü il tarixdə saat 08:00 radələrində evin otaqlarında əmələ gəlmiş partlayış konsentirasiyalı qaz-hava qarışığı evdə istifadə olunan qaz sobasının açıq alovundan alışaraq yanğınla müşaiyət olunan partlayış baş vermişdir. Baş vemiş partlayış hadisəsi ehtiyatsızlıqdan, iddiaçının alın və üz nayihəsi, hər iki əlinin arxa səthinin, hər ikiayaq pəncəmin ayaqarxasısəthinin İ-İİ dərəcəli termiki yanıqları ilə müşayiət olunan xəsarətlər almağıma səbəb olmuşdur. Yuxarıda qeyd olunan əsaslar məhkəmə baxışı zamanı öz əsasını tapmış, Şəmkir Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixdə çıxardığı hökmlə X9 Azərbaycan Respublikasının CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hökmdən görünür ki, partlayışa səbəb M.Vidadi küçəsi ilə çəkilmiş 76 mm-lik ümumi yer üstü qaz xəttindən , partlayış baş vermiş evə tərəf yer altı çəkilmiş 40 mm-lik ümumi qaz xəttində baş vermiş korroziyadan əmələ gəlmiş dəlikdən yeraltı sızan qazın otaqlara dolması və hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq qaz partlaması olmuşdur. Belə ki, məhkəmə araşdırmaları zamanı məlum olur ki, partlayış baş vermiş əraziyə baxış keçirilən zaman müəyyən edilir ki, partlayış hadisəsi 1 mərtəbəli 3 otaqlı evin içərisində baş vermişdir. Evin daxilində çöldən daxil olan qaz xəttinin birləşmə yerlərinə və dəmir sobaya sabun məhlulu ilə yoxlama aparılmışvə heç bir yerdə sızma aşkar edilməmişdir. Daha sonra evin yaxınlığında küçə ilə gedən 76 mm lik qaz xəttinə birləşdirilmiş və partlayış baş vermiş evə tərəf torpağın altı ilə çəkilmiş 40 mm-lik qaz xəttdində korroziyadan əmələ gəlmiş dəliklərdən qaz sızıntısı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının xx.xx.2013-cü il tarixli, 4044 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, partlayışa səbəb M.Vidadi küçəsi ilə çəkilmiş 76 mmlik ümumi yer üstü qaz xəttdindən , partlayış baş vermiş evə tərəf yer altı çəkilmiş 40 mmlik ümumi qaz xəttində baş vermiş korroziyadan əmələ gəlmiş dəlikdən yeraltı sızan qazın otaqlara dolması və hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq qaz partlaması olmuşdur. Hal-hazıra kimi iddiaçıya və övladlarına görə aldığı ağır xəsarətlər nəticəsində çəkdiyi iztirablar, stresslərə görə çəkdiyi mənəvi zərərə görə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən heç bir müraciət belə edilməmişdir. Məhkəmə X8 təqsirli bilib cəza versə də, bu cinayət hadisəsinin baş verməsinə tək səbəb Namazov Vəzir deyil həm də onun əməkdaşı olduğu Cavabdehdir. Çünki Cavabdeh səhlənkar əməkdaşlarının vurduğu zərəri ödəməlidir. Beləliklə, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçı və onun ailəsinə mənəvi ziyan dəymişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(076)- 70/2013 saylı hökmündən görünür ki, X9 Azərbaycan Respublikasının CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmdən həmçinin görünür ki, baş vermiş hadisə ilə əlaqədar, Şəmkir X11 Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətin xətt baxısıcı V.A.Namazov sonuncu dəfə 28 fevral 2013-cü il tarixdə Zəyəm qəsəbəsində M.Vidadi küçəsində abonent M.B.Musayevin evinin yaxınlığında olan qaz xətlərinə dəqiq texniki baxışı keçirməklə, qaz ölçü cihaz tətbiq etməklə avtomobil yolunun yeraltı çəkilmiş diametri 40 mm olan qaz xəttinin borularında olan qaz sızmasını aşkar etmədiyinə görə, onun tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, “Qazdan istifadə qaydaları”nın 3.1.3 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.5, 3.3.7, 3.3.19, 3.3.20 bəndlərinin tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 165 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı bədənin səthində aşkar edilmiş xəsarətlər –alın və üz nahiyyəsinin, hər iki əlin arxa səthinin və hər iki pəncəsinin ayaqarxası səthinin İ-İİ dərəcəli termiki yanıqları yüksək hərarətin alovun təsirindən törəmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər, törənmə müddəti xx.xx.2013-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 166 nömrəli ekspert rəyinin surətindən görünür ki, X6 bədənin səthində aşkar edilmiş xəsarətlər – hər iki ayaq pəncəsinin İ-İİ dərəcəli termiki yanıqları yüksək hərarətin alovun təsirindən törəmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər, törənmə müddəti xx.xx.2013-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan fotoşəkillərdən İddiaçı yanıq xəsarətləri alması müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarı
1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmdən müəyyən edilir ki, iddiaçının ailə üzvləri ilə birgə yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsi, M.Vidadi küçəsində yerləşən evə həmin küçə ilə yeraltı çəkilmiş qaz kəmərindən torpağın altı ilə qaz sızaraq dolmuş və xx.xx.2013-cü il tarixində səhər saat 08:00 radələrində partlayış baş vermişdir ki, bunun da nəticəsində İddiaçı və onun yetkinlik yaşına çatmayan qızı X10 yanğın həsarətlər almışdırlar. Göründüyü kimi iddiaçının və onun qızının yanıq xəsarətləri almasında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir və iddiaçının qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmaması onun hazırki iddia ilə məhkəməyə müraciət etməsinə maneə deyil, çünki işin faktiki halları ilə müəyyən edilir ki, məhz cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının və onun qızının sağlamlığa yüngül zərər vurulmuşdur. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, hadisə zamanı, və hadisə nəticəsində iddiaçının və onun qızının bədənin müxtəlif nahiyyələrinin yanması səbəbilə, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin təqsiri üzündən baş vermiş həmin hadisədən sonra iddiaçının səhhətində problemlər yaranmışdır. Bu da onda fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi yarada biləcək faktorlardan biridir. Baş vermiş hadisədən xeyli müddət ötmüş olsa belə, iddiaçının üzündə və bədəninin digər hissələrində olan yaralar daim ona baş vermiş hadisəni xatırlatmaqla yanaşı digər şəxslərlə ünsiyyət zamanı onda narahatlıq hissi yaradan amildir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, baş vermiş hadisə və, iddiaçının, onun qızının bədənin müxtəlif nahiyyələrinin yanması nəticəsində, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Lakin məhkəmə hesab edir ki, hadisə nəticəsində iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, mənəvi zərərin məbləği 15000000 manat məbləğində deyil, 3 000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova