Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3559/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərc” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Cavabdeh hər ay 300 (üç yüz) manat alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideyinləri X1 ilə atası Cavabdeh arasındakı nikah xx.xx.2023-cü ildə məhkəmə qaydasında pozulub. Nikahları pozularkən iddiaçı anasının himayəsində saxlanılmışdır. Onun 18 yaşı 15 mart 2024-cü ildə tamam olub. Buna görə də alimentin ödənilməsi dayandırılıb. Hazırda Azərbaycan Texniki Universitetinin Metallurgiya və metalşünaslıq fakultəsinin 2-ci kursunda təhsil alır. Anası və azyaşlı qardaşı ilə birlikdə kirayə evdə yaşayırlar. Maddi çətinlikləri vardır. Xüsusi ilə təhsil almağı ilə əlaqədar əlavə vəsaitə ehtiyacı var. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı təhsil alır. Buna görə də əlavə pul vəsaitinə ehtiyacı var. Onun təhsili müddətində cavabdehin əlavə xərclərdə iştirakının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı artıq yetkinlik yaşına çatmışdır, dövlət hesabına təhsil alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərarında ətraflı şəkildə qeyd edilmişdir. Hazırkı iddianın hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4/95 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Texniki Universitetinin Metallurgiya və materialşünaslıq fakültəsinin İİ kurs tələbəsidir, dövlət sifarişli təhsil alır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddiaçı maddi çətinliyinin olması, xüsusilə də təhsil alması ilə əlaqədar əlavə vəsait tələb edir. İddiaçı isə artıq yetkinlik yaşına çatmışdır. Bu baxımdan, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Yuxarıda qeyd edilən müddəaların məzmunundan göründüyü kimi, valideynlərin yetkinlik yaşına catmayan övladını saxlamaq üçün onun aliment öhdəliyi hər hansı bir şərtlə bağlı edilmədiyi halda, valideynlərin uşaqlarına görə əlavə xərclərdə iştirak etməsi müəyyən şərtlərlə məhdudlaşdırılmışdır. Bu şərtlərin dairəsi qanunla qismən müəyyən edilmişdir. Valideynlərin əlavə xərclərə cəlb olunması isə 2 yolla – tərəflər arasında saziş əsasında və ya məhkəmə qaydasında mümkündür. Məhkəmə qaydasında əlavə xərclərə cəlb olunma isə tərəflərin bu barədə razılığa gələ bilməməsi (saziş olmadıqda), yaxud bağlanmış sazişdə müstəsna hallarla bağlı xərclərin ödənilməsi qaydası müəyyən edilmədikdə tətbiq edilir. Qanun müəyyən edir ki, valideynlərin əlavə xərclərə cəlb edilərək ondan pul tutulması, aliment ödəliyindən fərqli olaraq hər bir halda deyil, yalnız müəyyən əsaslar mövcud olduğu halda (yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq ağır xəstə, şikəst olan uşaqlara, habelə yetkinlik yaşına çatsa da, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi) və digər hallarda mümkündür. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd edilmiş “digər hallarda” ifadəsi ilə əhatə oluna bilən bir sıra xərclərin, eləcə də, təhsil xərclərinin müstəsna hallara olub-olmaması qeyri-müəyyən olduğundan bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərar qəbul etmiş və həmin Qərarda qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Şərh edilənlərdən də göründüyü kimi, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə valideyn yetkinlik yaşına çatmış övladı üçün o halda əlavə xərclərə cəlb oluna bilər ki, birincisi, uşağın əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun, ikincisi bu xərclər həmin şəxsə göstərilən tibbi xidmət və ya müalicə ilə bu və ya digər şəkildə bağlı olsun. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxsin əmək qabiliyyətli olmaması və onun maddi yardıma ehtiyacının olması ayrı-ayrılıqda deyil, birlikdə götürülməlidir. Yəni, əgər yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan övlad əmək qabiliyyətlidirsə, yaxud əksinə olduğu halda da valideyn 81.1-ci maddə ilə müəyyən edilmiş əlavə xərclərə cəlb edilməyəcəkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmış iddiaçı əmək qabiliyyətli olduğundan, eləcə də onun digər bir tələbi aldığı ali təhsil xərci ilə bağlı olduğundan, bu xərclərin isə cavabdehdən tutulması əsasları qanunla nəzərdə tutulmadığından iddia təmin oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “əlavə xərc” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3559/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3559/2025
13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver